Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi

Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi


Bu gün, 12:28
Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi
Azərbaycanda da biznesi olan Qazaxıstanda yaşayan gürcü əsilli iş adamı, milyarder Mixail Lomtadzeyə məxsus “Kaspi.kz” şirkəti Özbəkistanın “Humo” ödəniş sisteminin özəlləşdirilməsində iştirak etməyəcək.
Yeniavaz.com Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu il avqustun 27-də “Kaspi.kz” şirkəti “Humo” ödəniş sisteminin özəlləşdirilməsində iştirak etməyə hazır olduğunu bəyan edib.
Qeyd olunur ki, dövlətə məxsus olan “Humo” bank ödəniş kartlarına əsaslanan ödəniş sistemidir. Özbəkistanda və ölkədən kənarda işləyir. Sistemə 30 milyon “HumoCard”, 6,4 min bankomat və 184 mindən çox terminal daxildir.
“Kaspi.kz” şirkəti “Humo”nun özəlləşdirilməsi prosesindən niyə imtina etdiklərini açıqlamayıb.
Məlumat üçün bildirək ki, Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri elan saytlarından 4-nün – “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ın sahibi olan milyarder Mixail Lomtadze Gürcüstan vətəndaşıdır. 49 yaşlı Mixail Lomtadze Qazaxıstanın ən böyük şirkətlərindən olan “Kaspi.kz”nin əsas səhmdarlarından biridir. Mixail Lomtadze eyni zamanda Qazaxıstanın ən böyük banklarından biri olan “Kaspi Bank”ın 23%-lik səhminə nəzarət edir. Mətbuatın yazdığına görə Mixail Lomtadze “Kaspi Bank”ın səhmlərini Nusultan Nazarbayevin hazırda həbsdə olan qardaşı oğlu Kayrat Satıbaldıulından alıb. “Forbes”in açıqladığı sonuncu (noyabr 2024) məlumatda göstərilirdi ki, Mixail Lomtadzenin 5,8 milyard dollar sərvəti var.
Qeyd edək ki, oktyabr ayının 18-də mətbuatda “Kaspi.kz” şirkətinin Türkiyədə məşhur Doğan ailəsinə məxsus olan “Hepsiburada” ticarət platformasının 65%-i üçün 1,13 milyard dollar ödədiyi barədə məlumat yayılıb.

Geri qayıt