Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Onu Bakıya gəlməyə qoymayan səbəb
Onu Bakıya gəlməyə qoymayan səbəbBu gün, 06:23 |
İsrail Prezidenti İshaq Hersoqun Bakıda keçirilən COP29 iqlim konfransına planlaşdırılan səfərini ləğvi ətrafında müzakirələr davam edir. Səfərin ləğvinə səbəb “situasiyanın qiymətləndirməsindən sonra təhlükəsizlik mülahizələri”nin ortaya çıxması göstərilsə də, pərdəarxası məqamların olduğu iddia edilir. Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, irəli sürülən səbəblər sadəcə bəhanədir: “COP29-da təhlükəsizlik ən yüksək səviyyədə təmin olunur. Noyabrın 11-dən, yəni tədbirin başladığı gündən insident, qarışıqlıq, xoşagəlməz hal yaşanmayıb. Canlanma var, müxtəlif nümayəndə heyətləri öz istəklərinə nail olurlar, işgüzar mühit yaranıb. Hər hansı təhdid və ya riskdən danışmağa dəyməz. Bu kimi tədbirlərdə maskalanmış şəxslər də olur. Onlar müxtəlif təxribatlar törətmək üçün əvvəlcədən niyyətlərini bildirmirlər, proses əsasında gözlənilməz hərəkətlərə yol verirlər və s. Bu yalnız COP29-a aid deyil. Avropa təşkilatlarının sammitlərində, Zirvə görüşlərində antiqlobalistlər, müxtəlif təşkilatların təmsilçiləri, institutların nümayəndələri gözlənilməz hadisələrə rəvac verirlər. Təşkilatçıları çətin vəziyyətə salıb, fakt qarşısında qoymağa çalışırlar”. Politoloqun sözlərinə görə, İsrailin hüdudları daxilində təzadlı, mürəkkəb proseslər baş verir: “İsrail cəmiyyəti parçalanıb. Baş nazir Benyamin Netanyahunun fəaliyyəti, onun kabinetinin çağırışları təhdid doğurur. Hazırda bütün dünya İsrailə qarşıdır. Beynəlxalq tədbirlərdə, hətta idman oyunlarında belə bu yanaşmanın şahidi oluruq. Bu mənada İsrail prezidentinin Bakıya gəlməməsi, fikrimcə, sensasiya doğurmamalıdır”. Geri qayıt |