Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı?
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı?Bu gün, 13:22 |
Tramp administrasiyasında ermənipərəst, anti-Türkiyə mövqeyi və xristian təşəbbüskeşliyi ilə seçilən şəxslərin yer alması ABŞ-nin Azərbaycan və Türkiyə ilə münasibətlərinə ciddi təsir göstərə bilər. “Caucasian Live”-in məlumatına görə, Donald Tramp ABŞ-nin BMT nümayəndəsi kimi qatı İsrail dəstəkçisi, vaxtilə Fələstinə qarşı sanksiya çağırışı edən, Türkiyəyə qarşı sanksiya tətbiq etmək çağırışı etmiş, ABŞ-nin kürdləri qorunmasını müdafiə edən və Suriyadan çıxmağa qarşı olan Elise Stefaniki təyin edib. ABŞ-nin növbəti dövlət katibin kimin olmasına gəlincə, bu vəzifəyə Kuba əsilli Mark Rubionun təyin olunacağı ehtimalı yüksəkdir. Məlumatlara görə, 2011-ci ildən etibarən Trampa doğma Florida ştatından senator olan Rubio senatın xarici əlaqələr komitəsinin sədr müavini kimi çalışıb. Respublikaçılar tərkibində mötədil və mərkəzçi mövqeyi ilə tanınan, son illər erməni lobbisi ilə yaxın təmaslar quran Mark Rubio Azərbaycanın Qarabağda son antiterror əməliyyatlarına qarşı çıxıb, Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağırıb. Rubio Qarabağ ermənilərinin Qarabağdan çıxışını "deportasiya" olaraq dəyərləndirir və Ermənistana dəstəyin qatı tərəfdarlarındandır. Eyni zamanda, Tramp qatı ermənipərəst və türk düşməni, kürdlərin dəstəklənməsini vacib hesab edən, YPG-nin dövlətləşməsinə dəstək olan, hindu əsilli keçmiş demokrat Tulsi Gabbardı Milli Kəşfiyyat İdarəsinin (DNİ) direktoru vəzifəsinə namizəd göstərib. “Caucasian Live”-in məlumatında qeyd olunur ki, Donald Tramp Yevangelist Kilsəsinin üzvü Coel Tennini Ermənistan üzrə xüsusi təmsilçi təyin edəcək. Artıq Coel Tenni bu barədə öz “X” hesabında məlumat verib: “Mən rəsmi olaraq ABŞ və Ermənistan arasında münasibətlərin möhkəmlənməsinə və inkişafına həsr olunmuş rolu öz üzərimə götürəcəm. İnauqurasiyadan sonra əlavə məlumatlar verəcəm, yeni prezident Ermənistanla münasibətlərə xüsusi əhəmiyyət verəcək". Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, ABŞ-nin yeni Cənubi Qafqaz siyasəti Tramp administrasından asılı olacaq: “Ən mühüm məqamlardan biri Trampın necə hökumət quracağı və komandasının necə formalaşacağından asılı olacaq. Trampın seçkiqabağı seçki kampaniyasında erməni lobbisi ilə yaxın münasibətləri olan ayrı-ayrı siyasilər yer alıb. Onlar Trampın seçki kampaniyasının fəal iştirakçıları idilər. Təbii ki, ermənipərəst mövqeyi ilə seçilən siyasilərin Trampın növbəti administrasiyasında yer alması bu və digər şəkildə ABŞ-Azərbaycan və ABŞ-Türkiyə münasibətlərinə öz təsirini göstərə bilər. Xüsusilə qeyd edim ki, ABŞ-də prezident postunu tutan şəxs təkbaşına qərarlar vermir, təkbaşına xarici siyasət yürütmür, qərar qəbul etməzdən və addım atmamışdan əvvəl komanda üzvləri ilə məsləhətləşir”. Həmsöhbətimiz bildirib ki, Tramp administrasiyanın xarici siyasəti onun atacağı addımlarla müəyyənləşəcək: “Tramp administrasiyasının Cənubi Qafqaz siyasəti, o cümlədən Türkiyə ilə münasibətləri birinci hakimiyyəti dövründə olduğu kimi davam edəcəksə, sözsüz ki, komandasında yer alan ermənipərəst siyasilərin fikirləri nəzərə alınmayacaq. Yəni, Trampın öz mövqeyi ilə komandanın üzvlərinin mövqeləri arasında balans olacaq. Həmçinin nəzərə almaq lazımdır ki, ABŞ-nin daimi geosiyasi və geostrateji maraqları mövcuddur. ABŞ öz daimi maraqlarına uyğun hər bir ölkə ilə xarici siyasətini həyata keçirir. Sadəcə olaraq, ABŞ-də hakimiyyətə gələn ayrı-ayrı qüvvələrin həmin maraqlara baxışları fərqli olur. Trampın birinci hakimiyyəti dövründə Azərbaycan Ordusu əks-hücum əməliyyatları ilə torpaqlarımızı erməni işğalından azad etdi. Həmin dövrdə demokratlar Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasına çağırırdılar. Amma Tramp neytral mövqe tutmağa üstünlük verdi. Bayden administrasiyası ABŞ-nin Cənubi Qafqazda geosiyasi maraqlarını təmin etmək üçün Ermənistanı hər cürə dəstək vermək xəttini seçdi. Həm respublikaçılar, həm də demokratlar ABŞ-nin Cənubi Qafqazda maraqlarını təmin etmək istiqamətində müvafiq addımlar atmaq niyyətindədirlər. Növbəti dörd il ərzində ABŞ-nin xarici siyasəti Trampın özündən və komandasından asılı olacaq”. Ekspert bildirib ki, əgər Tramp administrasiyası Bayden administrasiyası kimi ABŞ-nin Cənubi Qafqazda maraqlarını təmin etmək üçün Ermənistanı heç bir əsas olmadan dəstəkləyəcəksə, regionda heç bir istəyinə nail ola bilməyəcək: “Yox, əgər regionun lider dövləti olan Azərbaycanla dərin əməkdaşlıq qurmağa üstünlük verəcəksə, o zaman Cənubi Qafqaz siyasətində mühüm dönüş baş verəcək”. Geri qayıt |