Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Fransa öz uğursuzluğu ilə barışa bilmir

Fransa öz uğursuzluğu ilə barışa bilmir


Bu gün, 08:49
Fransa öz uğursuzluğu ilə barışa bilmir
"Qərbin Azərbaycana münasibətində qərəzli yanaşmalar kifayət qədərdir.

Rəsmi Bakı dünya ölkələri ilə beynəlxalq münasibətlər sistemindəki mövcud qanunları, BMT Nizamnaməsini və digər standartları əsas götürərək əlaqələr qurur. Ərazilərinin bərpa olunmasında da BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad olundu. Uzun illər ATƏT-in tərtib etdiyi qurumun atdığı addımlar yetərsiz olduğu üçün Azərbaycan ərazi bütövlüyünü təkbaşına həll etməli oldu. Fransa kimi ölkələrin həmsədrliyinin problemi həll edə bilməməsinin günahkarı biz yox, Ermənistan oldu. Amma bu gün Avropanın liderliyinə can atan Fransa uğursuzluğu ilə barışa bilmir. Bütün platformalardan istifadə edərək, üstümüzə gəlir, bizi ittiham edir, bu, yetmirmiş kimi Ermənistanı bizə qarşı silahlandırır".

Bunu TNS-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputatın sözlərinə görə, Fransa az-az ölkələrdəndir ki, dünyanın fərqli yerlərində müstəmləkəçilik siyasətini davam etdirir: "Xalqları istismar edir, onların sərvətlərini talayır, müstəqilliyə can atan həmin ölkələrin insanlarını öldürür, həbs etdirir, özgürlük istəklərini boğur, onları separatçılıqda, təxribatçılıqda ittiham edir. Azərbaycan tərəfindən Parisin qanunsuz əməlləri, müstəmləkəçi siyasəti ifşa olunanda isə bizi suçlu çıxarır. Fransalı nazirin COP29-un üçüncü günündə iştirakdan imtina etməsinin səbəbini də burada axtarmaq lazımdır. Əlbəttə, bu addım həqiqəti duymaq, müzakirələrdə konstruktiv mövqedə olmaq istəməyən birisi üçün normaldır, amma qeyri-konstruktiv yanaşmadır. Fransa özünü iqlim sahəsində lider dövlətlərdən biri hesab edir. Avropa İttifaqının aparıcı ölkəsi kimi bəzi bəhanələrlə iqlim mövzusundan kənarda qalmaq qərəzdən, təxribatdan xəbər verir. Azərbaycan iqlim mövzusunu Azərbaycan-Fransa arasında olan münasibətlərə qarışdırmır. COP29-dan öncə də birgə tədbirlər olub və fransızlar burada iştirak ediblər. Belə görünür ki, rəsmi Paris bu ssenarini əvvəldən hazırlayıb və tədbirin üçüncü günündə onu reallaşdırıb, diqqəti öz üzərinə çəkmək istəyib. Fransanın maliyyə dəstəyi ilə həm Avropada, həm də Cənubi Qafqaz ölkələri Gürcüstan və Ermənistanda "ekoaktivistlər"in iştirakı ilə keçirilən aksiyalardakı şüarlar eynidir. Dünyanın iqlim problemlərinin həlli ilə məşğul olmaq istəməyən Fransa bütün üsullardan istifadə edir ki, günahı başqalarının üzərinə atsın. Yelisey Sarayının hədəfində olmağımız təsadüfi deyil, çünki Azərbaycanın atdığı düz hədəfə dəyib”.
Geri qayıt