Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı...

İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı...


Bu gün, 09:16
İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı...
Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr Zəfər Günündə etdiyi çıxış Ermənistanla yanaşı, qonşu İranın da müəyyən dairələrində təlaş yaradıb. Dövlət başçısı çıxışı zamanı kapitulyant Ermənistanı bir daha silahlanmanı dayandırmağa çağırıb.

Bu da tamamilə məntiqli və haqlı bir tələbdir. Ona görə ki, Ermənistan öz konstitusiyasından Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı müddəaları çıxarmaq istəmir, bunu həyasızcasına özünün daxili işi hesab edir. Demək, revanşist planlardan əl çəkməyib. Maraqlıdır ki, İlham Əliyevin tələbi Tehranda narahatlıq doğurub. Erməni mediasının yazdığına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanatla çıxış edib. Bəyanatda deyilir: “Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda bildirib ki, Ermənistan silahı yerə qoymalıdır, əks halda onları ağır son gözləyir. İranın hərbi komandirləri və lideri hər zaman açıq şəkildə xəbərdarlıq ediblər: "Əgər Azərbaycan Ermənistan və İran arasında coğrafi sərhədləri dəyişdirmək üçün addımlar atsa, bu, ciddi nəticələrə səbəb ola bilər".

Guya İlham Əliyevin xəbərdarlığı ona işarədir ki, Azərbaycan Ermənistana hücuma, Zəngəzur dəhlizini zorla açmağa hazırlaşır. Yəni yenə köhnə bayatı... Bəs İran yenə niyə “qaşınır”? Dostluqdan, qardaşlıqdan, mehriban qonşuluqdan dəm vuran İran burdan-bura - Bakıya, COP29 tədbirinə öz prezidentini yox, vitse-prezidenti göndərdi. Pezeşkian da Makron kimi Azərbaycana gəlmədi, beynəlxalq erməni lobbisinin, boykotçuların istəyinə uyğun olaraq. Bəs bunun harası qardaşlıq oldu? İran Prezidenti Məsud Pezeşkianın Bakıda keçirilən COP29 sammitinə qatılacağı haqda rəsmi açıqlama 4 noyabrda verilmişdi və İranın Bakıdakı səfirliyi bu məlumatı təsdiqləmişdi. Lakin COP29 konfransının başlanmasına iki gün qalmış Pezeşkianın tədbirdə iştirak etməyəcəyi barədə İranın SEPAH-a yaxın mediası məlumat yaymağa başladı. Məlumatda Pezeşkianın səfərdən imtina etməsinin səbəbi kimi İsrail nümayəndə heyətinin tədbirə qatılması göstərildi. Belə çıxırdı ki, İsrail COP29-da iştirak etməsəydi, İran bu tədbirə prezident səviyyəsində qatılacaqdı. Maraqlıdır ki, İran hökumətinin sözçüsü Fatimə Mühacirani də məhz İsrail nümayəndə heyətinin Bakıda keçirilən COP29 toplantısında iştirakı səbəbindən İran Prezidenti Məsud Pezeşkianın Bakıya gəlmədiyini bildirmişdi.

“Yeni Müsavat”a danışan Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin dediyinə görə, İranda Pezeşkian hökuməti ayrı, SEPAH ayrı gücdür. Onun fikrincə, azərbaycanlı prezident Pezeşkianın ölkəmizə xoş münasibəti olsa da, xarici siyasət kursunda əsas söz sahibi ali dini lider və onun əsas qüvvəsi sayılan SEPAH-dır. S.Əsədli bu səbəbdən Tehran rejiminin Azərbaycanla Pezeşkian arasında münasibətləri korlamaq istədiyini düşünür: "Gördüyünüz kimi, İran hökuməti və prezident Azərbaycan əleyhinə açıqlamalar vermir, təmaslar, görüşlər keçirilir, amma SEPAH, onun media qanadı davamlı olaraq hər şeyi pozmağa çalışır. Son bəyanat da göstərir ki, SEPAH "qara işi" görməkdədir və məqsəd Azərbaycana böhtan atmaqdır. Biz dəfələrlə bildirmişik ki, Zəngəzur dəhlizi əldə olunan razılaşma əsasında işə düşəcək, bu koridor Orta Dəhlizin bir hissəsidir, qlobal logistikanın əhəmiyyətli payıdır. Yəni bu yolun işləməsi beynəlxalq layihədir və Azərbaycan dəhlizi hərbi güclə açmaq niyyətində deyil. Prezident bəyan edib ki, Qərbi Zəngəzura topla-tankla yox, avtobusla, minik avtomobilləri ilə gedəcəyik". Partiya sədrinin müavini hesab edir ki, SEPAH Azərbaycana düşmənçilik edir və nifrət bəsləyir: “Əfsuslar olsun ki, hər şeyi onlar pozurlar. İki ölkə arasında münasibətlərdə mülayimləşmə olan kimi SEPAH mətbuatı, teleqram kanalları ölkəmizə şər-böhtan yağdırmağa başlayır. SEPAH İranda mühüm gücdür və ölkənin idarəçiliyi az qala tam ələ keçirilib. Pezeşkian da bu gücə müqavimət göstərə bilmir. Görünən budur ki, Ermənistan SEPAH üçün doğma və əzizdir. Ancaq biz yaxşı anlayırıq ki, burada heç də ermənilərin dərdi çəkilmir, sərhədlərin dəyişdirilməsi deyiləndə Zəngəzur dəhlizi nəzərdə tutulur. Bu dəhlizin açılması İrandakı mövcud rejim üçün az qala ölümcül məsələyə çevrilib”.

Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev isə Araz dəhlizinin İran və Azərbaycan üçün kifayət qədər önəmli xətt olduğunu deyərək, Tehrandakı rejimin bu dərəcədə təşvişə düşməsində səbəb görmür: “Həmin bəyanat fars-molla rejiminin ciddi maniyasından xəbər verir. Ermənistan bu dəhlizin açılmasına etiraz etmirsə, İran nədən narahatdır? İrəvan dəhliz statusu daşımasına və rusların nəzarətinə qarşıdır, ümumilikdə gediş-gəlişin əleyhinə deyil. Yeganə İrandır ki, tamamilə qarşı çıxır və Cənubi Qafqazın sərhədlərinin dəyişməsi kimi qiymətləndirir. Belə çıxır ki, Zəngəzur dəhlizi İranı strateji və iqtisadi cəhətdən əhəmiyyətsiz bir vəziyyətə gətirib çıxaracaq, "izqoy" hala salacaq. Çünki Ermənistanın yerinə SEPAH "sancılanır".

Geri qayıt