Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ali nümayəndədən ibtidai fikirlər

Ali nümayəndədən ibtidai fikirlər


Bu gün, 00:26
Ali nümayəndədən ibtidai fikirlər
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Cozep Borrel qalmaqallı açıqlamaları ilə yenə də diqqəti cəlb edib. O, Avropanı bağa, dünyanın qalan hissəsini cəngəlliyə bənzədib.
Demək istəyir ki, Avropa gül bitirir, çiçək açır, bar verir. Cəngəllikdə barsız ağaclar, kollar, sarmaşıqlar var, qaranlıq var, qorxu var...

Bu sözlər bu yaxınlarda Avropa İttifaqı Şurasının prezidenti "The Financial Times" nəşrinə müsahibəsini xatırlatdı. Cənab Mişel demişdi ki, Avropa başqa qitələrə, başqa ölkələrə, başqa xalqlara yuxarıdan aşağı baxır.

Tamamilə doğru fikirlərdir; Borrelin Avropanı bağa, qalan ölkələri cəngəlliyə bənzətməsi Şarl Mişelin dediklərini bir daha təsdiq etdi.

Bəli, bəlkə də Avropanı bağa bənzətmək olar. Ancaq orda elə ağaclar bitir ki... Özü də zəhərli bar verən ağaclar. Birinin meyvəsi ksenofobiyadır, o birisininki islamofobiyadır. Ayrıca türkofobiya da yetişir. Təzə bir ağac da əkiblər, Şvabeni də bağban təyin ediblər. Bu ağac da ancaq Azərbaycana nifrət yetişdirir. İrqi, milli, dini ayrı-seçkilik, diskriminasiya, neokolonializm, neonasizm... bir sözlə, nə desəniz var.

Borrel yəqin BMT-nin İnsan Hüquqları Komitəsinin, müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının hesabatlarına baxmayıb, oxumayıb. Oxusa, elə öz ölkəsi haqqında, yaxud Avropa İttifaqının qeyri-rəsmi siyasi "patron"u Fransa haqqında, yaxud paytaxtında oturduğu ölkə, eləcə də, onun qonşusu Niderland haqqında elə qandondurucu faktlara rast gələr ki!

İnsan alverindən tutmuş miqrantlara qarşı qeyri-insani rəftara qədər, milli və dini hisslərin təhqir olunmasına qədər hər cür hallar var bu "bağda". Fransanın öz Daxili İşlər Nazirliyi etiraf edir ki, polis orqanlarında işgəncələrə dözməyib dünyasını dəyişənlərin sayı ilbəil artır, qarşısı da alınmır. Həbsxanalar tam bir cəhənnəm. Bunlar da beynəlxalq təşkilatların hesabatlarında yer alır.

Hər şeyi bir yana qoyaq. Avropanın bir sıra tərifli "demokratik" dövlətləri XXI əsrdə hələ də müstəmləkələr saxlayırlar. Fransa Yeni Kaledoniyada yerli xalqı gülləbaran edir. Borrel hansı gül bağçasından danışır?! Şərqi, Cənubi Avropanın nisbətən yoxsul ölkələrindən, eləcə də, Ukraynadan və Moldovadan gənc qızları, qadınları kütləvi şəkildə cinsi istismara cəlb edir, qul kimi alıb-satırlar. Ölkələrini dağıdıb özlərini qaçqına çevirdikləri miqrantları qul yerinə ən ağır, çirkli işlərdə yarımleqal vəziyyətdə işlədirlər. Miqrantları illərlə həbsxana tipli sığınacaq yerlərində gözlədir, hüquqsuz və işsiz-gücsüz saxlayır, çox zaman da əsas oldu-olmadı, öz ölkələrinə deportasiya edirlər. Bununla da dönüb, öz qitəsinə güllük-gülüstanlıq deyirlər.

Bu açıqlamaya adekvat cavab da verilib: əgər başqa ölkələr cəngəllikdirsə, niyə gəlib o cəngəlliyə soxulursunuz?! Axı siz "bağ adamı"sınız. Cəngəllikdə nə işiniz var?!

Əl çəkin bu əngəlli düşüncələrdən, cəngəllik siyasətinizdən. Onda hər kəs öz yolunu özü tapar.

Bilirsiniz ki, ikili standartlar və çoxstandartlı davranışlar, dildə bir, əməldə başqa yanaşmalar... bunlardır, əsl cəngəllik. Hər ölkədə beş-on qrant möhtəkirini yemləyirsiniz deyə, özünüzü dünyanın ağası sanmayın. Ən yaxşısı, çəkilin, oturun, öz "bağ"ınızın qayğısına qalın.

Seyid Əhmədli, Bizimyol.info
Geri qayıt