Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur?
Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur?Dünən, 17:35 |
Ermənistan baş naziri Nikol Paşinyanın son bəyanatları yenidən gündəmi zəbt edib. Nikol Paşinyan parlamentdə "hökumət saatı" zamanı deyib ki, Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması ilə bağlı qarşılıqlı məqbul həll yoluna yaxındırlar. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında qeyd edib ki, Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması yeni mövzu deyil. "Hələ bununla bağlı rəsmi sənəd yoxdursa, Ermənistan bu istiqamətdə heç bir işə başlamayıbsa, deməli hələ də açıq məsələlər mövcuddur. Azərbaycan ərazisində isə nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması ilə bağlı artıq uzun müddət ərzində işlər sürətlə gedir və həmin infrastruktur Ermənistanla sərhədə kimi yaxın zamanda çatdırılacaq", - Ceyhun Bayramov vurğulayıb. Paşinyan onu da bildirib ki, Ermənistan və Azərbaycanın sülh şəraitində yaşaması üçün təkcə sülh sazişinə və ya digər sazişlərə deyil, qarşıdakı əsrlərdə hansı modellər çərçivəsində müstəqil ölkələr kimi yanaşı yaşamağa hazırlıq barədə strateji sövdələşməyə ehtiyac var. Bəs Ermənistan Baş naziri strateji sövdələşmə deyərkən nəyi nəzərdə tutur? Politoloq Elşən Manafov bildirib ki, Paşinyanın bu mövqeyi növbəti dəfə danışıqlarda manipulyasiya yönlü bir siyasətin göstəricisidir. Politoloq qeyd edib ki, Azərbaycanın sülh müqaviləsi ilə bağlı Ermənistana ünvanladığı konkret tələblər var və bu tələblərə erməni tərəfi riayət etməyənə qədər sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. "Paşinyanın strateji sövdələşmə adı ilə Azərbaycana ünvanlayacağı təkliflər heç şübhəsiz ki, ABŞ-da Bayden administrasiyasının mətbəxində hazırlanıb və Orta dəhlizlə bağlı Qərbin maraqlarını ehtiva edir. Rəsmi Bakını bu layihə ətrafında əməkdaşlığa cəlb etməklə Qərb onun Rusiya və Çin ilə genişlənməkdə olan münasibətlərini əngəlləmək, tərəflər arasında münasibətlərdə etimadsızlıq toxumlarının cücərməsinə nail olmaq istəyir. Bakını Qərbin regionla bağlı geosiyasi oyunlarında tərəfdaş kimi görmək onun ümdə arzusudur. Cənubi Qafqaz, habelə Mərkəzi Asiya uğrunda genişlənməkdə olan geosiyasi mübarizədə Qərb bu amildən yararlanmaq istəyir. Paşinyan isə, bəlli layihələrin icrasında ötürücü qayış rolunda çıxış edir. Ancaq onun da perspektivdə, şahmat dili ilə desək, seytnota düşəcəyi vaxta çox qalmayıb. Saat ərqəbləri gələn il yanvarın 20-də, Trampın inaqurasiya mərasimindən sonra dayana bilər", - politoloq fikirlərini yekunlaşdırıb. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyevin sözlərinə görə, Paşinyanın dediklərindən məlum olur ki, bu, Ermənistanın daxili auditoriyası üçün nəzərdə tutulub: "Ermənistan hökumət başçısı tərəflər arasındakı müzakirə mövzuları və onların gələcəyi ilə bağlı rəsmi İrəvanın siyasi baxışlarını ortaya qoyub. Həqiqətdir ki, Ermənistanda Paşinyanın açıqlamaları birmənalı qəbul edilmir və bir çox hallarda onun bəyanatları süngü ilə qarşılanır. Ermənistan daxilində Paşinyanın yeritdiyi siyasətə kölgə salmaq istəyən qüvvələr həm də bölgəyə sülhün gəlməsini istəməyənləri təmsil edirlər. Müxtəlif dairələrdən idarə olunan Ermənistan müxalifəti Paşinyanın danışıqlar prosesi ilə bağlı açıqlamalarını Azərbaycan qarşısındakı acizlik kimi təqdim edir. Müxalifət Ermənistan cəmiyyətində daim revanşist əhvali-ruhiyyənin saxlanması üçün Paşinyanın fikirlərindən manipulyasiya aləti kimi istifadə edir". Millət vəkili onu da qeyd edir ki, Paşinyan strateji sazişlərdən danışmasını da onun xoşniyyətli siyasəti kimi səciyyələndirmək doğru olmaz. "Azərbaycan və Ermənistan arasında sülh gündəliyi var. Burada tərəflərin təklifləri mütəmadi olaraq mübadilə edilir. Azərbaycan bölgədə dayanıqlı sülhün təminatı üçün Ermənistan konstitusiyasındakı dəyişikliyi aydın tələb olaraq qoyub. Bu baxımdan Paşinyanın strateji sazişlər deyərkən bu tələbdən yan keçmək niyyətini də anlaya bilərik", - deputat fikrini tamamlayıb. Geri qayıt |