Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bakının bu ərazilərində kirayə mənzil tapmaq mümkün olmayacaq
Bakının bu ərazilərində kirayə mənzil tapmaq mümkün olmayacaq8-11-2024, 08:39 |
Kirayə mənzil bazarında qiymət artımı davam edir. Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlarda da göstərilir ki, bu ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 103,3 faiz təşkil edib. Sentyabrda əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma müşahidə olunan sahələrdən biri də mənzillərin kirayə haqları ilə bağlı olub. Qarşıdakı aylarda kirayə mənzillərin qiymətlərinin daha da artması müşahidə olunacaqmı? Mövzu ilə bağlı TNS-ə danışan daşınmaz əmlak məsələləri üzrə mütəxəssis Elnur Fərzəliyev bildirib ki, kirayə mənzillərə təlabat daha çox avqust-sentyabr aylarında olur. Bu da əsasən, tələbələrin bölgələrdən paytaxta axın etməsi ilə bağlıdır: “Qısa bir zaman ərzində bölgələrdən paytaxta, hətta 10 minlələrə tələbə gəlir. Bu amil məhz həmin aylarda minlərlə mənzilin tələbələr tərəfindən kirayə götürülməsi deməkdir. Bununla parlel olaraq, paytaxtda söküntü işləri sürətlə davam etdiyindən yenə də kirayə mənzillərə təlabat artır. Çünki evi sökülən vətəndaş yeni evlər təhvil verilənə qədər, ortalama 2-3 il kirayədə qalmalı olur. Ona görə, hazırda paytaxtda kirayə qalanların böyük hissəsi paytaxt sakinləridir. Nəzərə almalıyıq ki, Bakının Baş planı təsdiqlənib. 2040-cı ilədə qədər paytaxt ərazisində, bəlkə də, yüzlərlə köhnə çoxmənzilli yaşayış binası sökülərək yeniləri ilə əvəzlənəcək”. Ekspert bildirib ki, köhnə yaşayış binalarında olan kirayə mənzillər də bazardan çıxmış olur. Nəticədə onların yerində tikilən yeni binalarda kirayə mənzillərin qiyməti köhnə mənzillərdən iki dəfəyə qədər daha baha olur. E.Fərzəliyevin sözlərinə görə, artıq yaxın gələcəkdə paytaxtın mərkəzi və mərkəzə yaxın ərazilərində əlçatan qiymətə kirayə mənzillər olmayacaq: “Kirayə mənzillərin bahalaşmasının qarşısını almaq üçün ilk növbədə qəzalı olan tələbə yataqxanaları sökülərək, çoxmərtəbəli yataqxanalarla əvəzlənmılidir ki, tələbələrin ev problemi olmasın. Bu, həll olarsa, artıq kirayə mənzil bazarında qiymətlərdə stabillk müşahidə oluna bilər”. Geri qayıt |