Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Nevroloq Natavan Mustafayevanın klinikasında nöqsanlar aşkarlandı

Nevroloq Natavan Mustafayevanın klinikasında nöqsanlar aşkarlandı


7-11-2024, 12:30
Nevroloq Natavan Mustafayevanın klinikasında nöqsanlar aşkarlandı
“Neomed2020” MMC (“Neomed Medical Center”) sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarını pozduğuna görə cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş klinika ilə bağlı müraciətə baxılıb.

Hakim Şəfəq Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, sözügedən inzibati xətaya görə hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Neomed2020” MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Klinika Masazırda yerləşir. MMC-nin qanuni təmsilçisi Həmid Mustafayevdir. Tibb müəssisəsinin baş həkimi isə nevroloq Natavan Mustafayevadır.

Geri qayıt