Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Zobik” kim idi? Qanuni oğru, ya Sürət Hüseynovun adamı?!

“Zobik” kim idi? Qanuni oğru, ya Sürət Hüseynovun adamı?!


7-11-2024, 11:05
“Zobik” kim idi? Qanuni oğru, ya Sürət Hüseynovun adamı?!
Bu gün müasir kriminal oğruların heç biri siyasətə qarışmır. Yəni, məsələn, dövlət səviyyəsində bir haqsızlıq varsa, bu, onlar üçün maraqlı deyil, daha dəqiq, onların öz qanunları, ədalət prinsipləri var.

Bu, doğru yanaşmadır, ya yox, başqa bir söhbətin mövzusudur.

Fəqət indi məsələ siyasətə qarışmayan yox, məhz siyasətə qarışan oğrulardır.

Kriminal dünya tarixində bu cür faktlar bir əlin barmağını keçmir. Ümumiyyətlə, kriminalın Qafqazda yaranma və yayılması birbaşa siyasət olsa da, sonradan təbii şəkildə formalaşan qanunlar bunu qadağa edib. Kriminalda siyasətə qarışmaq qəbul edilmir, qarışanlar, məsələn, zaman-zaman “killer”lik edənlər, kimlərinsə “qoçu”ları olanlar da oğru hesab edilmir.

Siyasətə fərqli formada qarışan oğrulardan biri də Azərbaycana, azərbaycanlı kriminal oğruya aiddir.

Bəs, o, kimdir?

Qanuni oğru, yoxsa mərhum, sabiq daxili işlər naziri Sürət Hüseynovun adamı?!

Məşhur bir kriminal mahnıda adı keçən “Zobik” adlı kriminal oğru haqqında hər kəs nəsə eşidib. Xüsusi ilə 90-cı illər siyasətini bilən adamlar məsələlərə əyani şahid olublar.

Sözügedən mahnıda deyilir:

“Elə bir adam varmı ki, tanımasın Ruslanı?
Zobik təxəllüsüylə, fırlanıbdı hər yanı”

Əsl adı Ruslan (Rzayev) olan “Zobik”in bir çox cinayətlərdə əlinin olduğu danılmaz faktlardır. O, Sürət Hüseynovun silahdaşı kimi tanınırdı və məşhur qiyamda da cinayətlər törətdiyi dillər əzbəridir.

Zəruri qeyd: 1993-cü il 4 iyun, yəni, Sürət Hüseynovun qiyamında qanuni oğru Olim(əsl adı Akifdir, deyilənə görə, türmədə belə silahı var idi, “Tapança Olim” ləqəbi ilə tanınırdı)də var idi.

Sual olunur:

Kriminal oğrular siyasətə qarışmırdırsa, “Zobik” niyə qarışmışdı?

Əslində, elə bu “siyasətə qarışmaq”da onun həyatının sonunu gətirmişdi.

O, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Hacı Vaqiflə olan mübahisədə öldürüldü.

Hadisə isə belə olmuşdu:

Belə ki, “Zobik” Hacı Vaqifin iş otağına gedərək ona məhz onun istədiyi adamları vəzifəyə qoymasını deyib.

Sözsüz, bunun özü belə siyasətə qarışmaq, siyasətdə olduğunu bildirməkdir. Kriminal oğru icra başçısından hansı əsasla nəsə istəməyə getsin?!

Axı ümumi oğru qanunlarında dövlət adamları ilə heç bir əməkdaşlıq qəbuledilməzdir?

Həmin istəyə Hacı Vaqifin cavabı belə olmuşdu:

“Mən heç kimi özbaşıma vəzifəyə təyin edə bilmərəm”

Bir qətlin tarixçəsi elə bu sözdən sonra başlayır.

Sözü yerə düşən kriminal oğru “Zobik” əsəbiləşir və başçıya kabinetində sillə vurur.

Həmin silləni özünə sığışdırmayan başçı da özünəməxsus silahla “Zobik”i kabinetdəcə alnından güllə vuraraq qətlə yetirir.

(Hacı Vaqifin də iş adamı olduğu, o cümlədə qiyamda əlinin olduğu deyilir)

Əlbəttə, orada tək ölüm “Zobik”in ölümü deyildi.

Daha dəqiq, “Zobik” tək deyildi, cangündəni bu hadisə baş verən kimi avtomatla başçının yanında olan adamlara da atəş açır.

Hadisə yerindən Rusiyaya qaçan, Hacı Vaqifi və onun müavinini öldürən cangüdəni sonradan tutur və ona 15 il iş verirlər.

Bütün məsələ də bununla bitir.

Məsələnin bir qəribə tərəfi də həmin dövrdə Parlamentin tam tərkibdə Sürət Hüseynova başsağlığı verməsi idi.

Bu hadisə isə 90-cı illərin həm kriminalına şübhə salır, həm də siyasətin, proseslərin nə dərəcədə qarışıq olduğunu göstərir.

Xüsusi qeyd: Onun əsl “kliçkası” “Zobik Gəncinski yox”, “Zobik Kirovabdski” olub.

Orxan Saffari
Gununsesi.info

Geri qayıt