Əsas Səhifə > Ana xəbərlər, Güney Press > 5 min bağça müəlliminin əməkhaqqı azaldılacaq?

5 min bağça müəlliminin əməkhaqqı azaldılacaq?


Bu gün, 00:02
5 min bağça müəlliminin əməkhaqqı azaldılacaq?
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) tərəfindən bağçalara xəbərdarlıq bildirişi göndərilib. Bu barədə Sputnik Azərbaycan-a bağça müəllimləri məlumat verib. Onlar bildiriblər ki, MÜTDA tərəfindən bağçalara göndərilən xəbərdarlıq bildirişində ixtisasına uyğun çalışmayan tərbiyəçi-müəllimlərin əməkhaqları aşağı salınacaq, bununla razılaşmadıqları halda onlarla əmək müqaviləsinə xitam veriləcək. Adlarının çəkilməsini istəməyən bağça müəllimləri onlara göndərilən xəbərdarlıq bildirişini redaksiyamıza da göndəriblər. Sözügedən bildirişdən sonra onlar əməkhaqlarının aşağı salınmasından, eləcə də işdən çıxarılma təhlükəsi olduğundan ciddi narahatlıq keçirdiklərini bildiriblər.
Sputnik Azərbaycan bağçalara göndərilən xəbərdarlıq bildirişi ilə bağlı MÜTDA-ya sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, sorğu müvafiq şöbəyə yönləndirilib, bu barədə araşdırmadan sonra cavab veriləcək.
Bağça müəllimlərini maraqlandıran daha bir məqam isə odur ki, əgər qeyri-ixtisas üzrə işləyən bağça müəllimləri ixtisar ediləcəksə, onlar 19-20 oktyabr tarixlərində məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin diaqnostik qiymətləndirilməsinə niyə cəlb olunublar?

Qeyd edək ki, bugünlərdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuata açıqlamasında bağçalarda monitorinqlər aparıldığını və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən tərbiyəçi və pedaqoji heyətin 5 minə yaxınında ixtisasa uyğunsuzluq olduğunu qeyd edib. O, 2026-cı ilin sonunadək 17 min nəfər pedaqoji heyətin sertifikasiyaya cəlb edilməsinin nəzərdə tutulduğunu bildirib.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda bağça müəllimlərinin sertifikasiyadan keçirilməsi prosesi məktəbəqədər təhsil müəssisələrinin inkişafı və keyfiyyətinin artırılması məqsədini daşıyır. O, bildirib ki, ixtisas uyğunsuzluğu olan işçilərin aqibəti ilə bağlı bir neçə ssenari mümkündür.
"Əgər bağçalarda qeyri-ixtisas üzrə çalışan işçilər sertifikasiya prosesi nəticəsində ixtisaslarına uyğun bilik və bacarıqlara sahib olduqlarını sübut edə bilsələr, onların mövcud vəzifələrində qalması mümkündür. Bu, həm bağçalarda kadr ehtiyatını qoruyub saxlamaq, həm də təcrübəli kadrları tamamilə itirməmək baxımından əhəmiyyətlidir. Eyni zamanda, işçilərin bir hissəsi sertifikasiya tələblərinə uyğun gəlməzsə, onlar üçün əlavə təlim proqramlarının təşkil edilməsi və ya digər qeyri-pedaqoji sahələrə yönəldilməsi nəzərdən keçirilə bilər".

Bununla belə Kamran Əsədov bildirib ki,bu işçilərin tamamən ixtisar olunması ehtimalı da var: "Təhsil sektorunda ixtisaslaşmanın artırılması, pedaqoji bacarıqların təkmilləşdirilməsi və keyfiyyətli məktəbəqədər təhsil xidmətlərinin təmin olunması prioritet hesab edildiyindən, qeyri-ixtisas üzrə çalışan şəxslərin bağçalardan uzaqlaşdırılması gündəmə gələ bilər. Lakin bu ixtisarın necə həyata keçiriləcəyi, konkret hansı meyarlara əsaslanacağı hələ tam müəyyən edilməyib. Bu işçilər sertifikasiya prosesinə cəlb olunaraq öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı əldə edirlər ki, bu da ixtisar qərarının onların nəticələrinə əsasən verilməsinə imkan yaradır".
Ekspert vurğulayıb ki, bağçalarda kadr ehtiyatlarının kifayətliliyi də mühüm bir sualdır.

"Hal-hazırda məktəbəqədər təhsil müəssisələrində mütəxəssis çatışmazlığı mövcuddur və bu da kadr ehtiyatının məhdud olması deməkdir. Əgər 5 min işçi ixtisar edilərsə, mövcud kadr çatışmazlığı daha da dərinləşə bilər. Buna görə də, sertifikasiya prosesi nəticəsində işçilərin bir hissəsinin uyğunluq meyarlarına cavab verməməsi halında, yeni kadrların işə cəlb edilməsi vacibdir. Təhsildə Kadrların İnkişafı Mərkəzi bu baxımdan yeni işçilərin hazırlanmasına yönəlmiş kurslar təşkil edə bilər, lakin bu proses vaxt tələb edir və mütəxəssis çatışmazlığını qısa müddətdə tamamilə aradan qaldırmaq çətin ola bilər".
Müsahibimiz deyir ki, nəticədə, bağça müəllimlərinin sertifikasiyası məktəbəqədər təhsilin keyfiyyətini artırmağa yönəlmiş bir addımdır və prosesin gedişatında qeyri-ixtisas işçilərin vəziyyəti sertifikasiya nəticələrinə görə müəyyənləşəcəkdir. Bu proses kadr ehtiyatlarının dəstəklənməsi və daha keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına təkan verəcəkdir.

Geri qayıt