Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bu məhsulu xaricə 36 dollara satıb, 76 dollara geri alırıq

Bu məhsulu xaricə 36 dollara satıb, 76 dollara geri alırıq


5-11-2024, 17:42
Bu məhsulu xaricə 36 dollara satıb, 76 dollara geri alırıq
Bu ilin ilk 8 ayı ərzində Azərbaycana xarici ölkələrdən ümumi dəyəri 1 milyard 509 milyon 184 min dollar olan 19 min 904,34 kiloqram qızıl gətirilib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qızıl idxalı 361 dəfə artıb.
Qeyd edək ki, bu ilin ilk 8 ayında ölkəyə gətirilən qızılın bir qramının orta gömrük dəyəri 75,8 dollar (129 manat) olub.
Azərbaycana qızılı əsasən aşağıdakı ölkələrdən gətirilib:
Avstraliya – 11 854,14 kq (bir qramın orta gömrük dəyəri 76,4 dollar);
ABŞ – 3 978,71 kq (75,5 dollar);
Kanada – 2 023,23 kq (74,4 dollar);
İsveçrə – 1 977,76 kq (76,2 dollar).

Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, qızıl idxalının kəskin artmasına əsas səbəb Dövlət Neft Fondunun qızıla investisiya etməsidir:
“Bu ilin ilk 9 ayının yekununa olan rəsmi məlumatda göstərilir ki, Neft Fondunun qızıl ehtiyatları bu il 127 tona çatıb. Bu il ərzində Fondun 25 tondan çox qızıl aldığı bildirilir. Qızılın alış qiyməti dünya bazarlarındakı orta satış qiymətinə yaxın olub. Hazırda qızılın 1 qramı dünya bazarında 88 dollara satılsa da, ilin əvvəlində 66 dollara olub”.

İqtisadçı bildirir ki, Azərbaycanın qızıl idxalında problem olmsa da, qızılın ixracı ilə bağlı ciddi problemləri var:
“Məlumdur ki, Azərbaycanın ixracında qızıl əsas yerlərdən birini tutur. Qeyri-neft məhsullarının ixracında qızıl hər zaman ilk sıralarda qərarlaşır. Məsələn, bu ilin ilk 8 ayında xaricə satılan məhsullar arasında qızıl pambıq və pomidordan sonra 3-cü sırada olub. Lakin təəssüf ki, Azərbaycan qızılı xarici ölkələrə emal olunmamış şəkildə – xam qızıl formasında satır. Amma xaricdən alınan qızlın hamısı emal olunmuş olur. Aydın məsələdir ki, xam qızılla emal olunmuş qızlın qiyməti arasında fərq olacaq. Məsələn, bu ilin ilk 8 ayı ərzində Azərbaycan İsveçrəyə 96 milyon dollar dəyərində 2,8 ton emal olunmamış qızıl ixrac edib. Emal olunmamış qızlın bir qramı İsveçrəyə 36 dollardan satılıb. Eyni dövrdə İsveçrədən aldığımız təxminən 2 ton emal olunan qızlın bir qramına isə 76 dollar ödəmişik. Göründüyü kimi, qızlın ölkə daxilində emal olunmaması səbəbindən 8 ay ərzində təkcə İsveçrəyə 50-60 milyon dollar vəsait gedib. Bunun qarşısını almağın yolu isə odur ki, Azərbaycan xam qızlın ixracını dayandırmalı və qızıl ölkə daxilində emal olunmalıdır”.

Geri qayıt