Əsas Səhifə > Ana xəbərlər, Güney Press > "Azərkontrakt"ın ləğv edilməsi qazın qiymətinə təsir edəcək?

"Azərkontrakt"ın ləğv edilməsi qazın qiymətinə təsir edəcək?


5-11-2024, 14:00
"Azərkontrakt"ın ləğv edilməsi qazın qiymətinə təsir edəcək?
"Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti (ASC) ləğv edilir. Dövlət başçısının Sərəncamına əsasən, ASC-nin daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması sahəsində səlahiyyətlərini Dövlət Neft Şirkəti (SOCAR) həyata keçirəcək. Sənədə görə, "Azərkontrakt" dekabrın 1-dən ləğv edilir.
Bəs, "Azərkontrakt" niyə ləğv edilir? Bu addım təbii qazın qiymətinə təsir edə bilərmi?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, ölkədə struktur islahatları davam edir: "Strukturun mobilləşdirilməsi və eyni zamanda daha çevik qərarların verilməsi indiki islahatlarda əsas hədəflərdən biridir. "Azərkontrakt" ASC-nin ləğv edilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan bu Sərəncam birbaşa struktur islahatların dərinləşməsi məqsədi daşıyır. Bu addım praktiki olaraq institusional bir islahatdır və burada xərclərin azaldılması, daha çevik qərarların verilməsi əsas məqsəddir".

"İnstitusional islahatlarda məqsəd qərarların çevikliyinə, xərclərin azaldılmasına, eyni zamanda uzunmüddətli dövrdə xərclərin optimallaşdırılmasına nail olmaqdır. Bütün bunlarla yanaşı, institusional islahatlar həm də istehsalın artması kimi hədəfə malikdir. Amma nəzərə alaq ki, təbii qazın qiyməti Tarif Şurası tərəfindən müəyyənləşdirilir. Bütövlükdə təbii qazın qiyməti ilə bağlı qərar birbaşa Tarif Şurası tərəfindən verilir", - deputat diqqətə çatdırıb.
"Azərkontrakt"ın ləğv edilməsi təbii qazın qiymətinə təsir etməyəcək"
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, "Azərkontrakt"ın ləğv edilməsi təbii qazın qiymətinə təsir etməyəcək: "Bu addımın təbii qazın qiymətinə heç bir təsiri olmayacaq. Sadəcə qaz satışında həlqənin biri azaldılır. "Azərkontrakt"ın ləğv edilməsi təşkilati məsələlər ilə bağlı ola bilər. Ortalıqda əlavə dəyər yaratmayan bir qurumun olması əlavə sənədləşmə, əlavə inzibatçılıq yaradır. Yəqin qurumun ləğvi bununla bağlıdır".

"Azərkontrakt"ın ləğvi ilə bağlı komissiya yaradılıb
Qeyd edək ki, oktyabrın 17-də Prezident İlham Əliyev Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, "Azərkontrakt"ın daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması sahəsində səlahiyyətləri SOCAR tərəfindən həyata keçiriləcək. "Azərkontrakt" ASC 2024-cü il dekabrın 1-dən ləğv edilir.
Oktyabrın 23-də Nazirlər Kabineti Prezident İlham Əliyevin "Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" ASC-nin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında" 17 oktyabr 2024-cü il tarixli Sərəncamının icrasının təmin edilməsi barədə qərar qəbul edib. Həmin sənədə görə, Energetika Nazirliyi "Azərkontrakt" ASC-nin ləğv edilməsi prosesinin aparılması məqsədilə beş gün müddətində İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Neft Şirkətinin və "Azərkontrakt" ASC-nin nümayəndələrindən ibarət tərkibdə ləğvetmə komissiyası yaratmalıdır.
Əhaliyə təbii qaz neçəyə satılır?
Xatırladaq ki, sonuncu dəfə Tarif Şurasının 16 oktyabr 2021-ci il tarixli qərarına əsasən, ölkədə əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satış tarifi illik istehlak həcminin 1200 kubmetrədək olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, illik istehlak həcminin 1200-2500 kubmetrədək olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, illik istehlak həcminin 2500 kubmetrdən çox olan hissəsi üçün bir kubmetrə görə 25 qəpik müəyyən edilib. Həmin dövrdən indiyədək tariflərdə dəyişiklik olmayıb.
"Azəriqaz" İstehsalat Birliyinin keçmiş baş direktoru Ruslan Əliyev bu ilin yanvar ayında demişdi ki, əhali qrupu üzrə tətbiq olunan qaz istifadəsi limitlərinin ləğvi gündəmdə deyil.
Əlavə edək ki, "Azərkontrakt" ASC-nin maliyyə hesabatına əsasən, qurum 2023-cü ili 41,7 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2022-ci illə müqayisədə 3,6 dəfə azdır.

Geri qayıt