Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Bakıkart” probleminin həlli niyə müşkülə ÇEVRİLİB?

“Bakıkart” probleminin həlli niyə müşkülə ÇEVRİLİB?


Bu gün, 13:31
 “Bakıkart” probleminin həlli niyə müşkülə ÇEVRİLİB?
Avqust ayından işləməyən “Bakıkart” tətbiqi “Play Store”dən silinib. Yəni tətbiqin android əməliyyat sistemi ilə işləyən mobil telefonlara yüklənməsi mümkün deyil. “App store”də isə tətbiq qalmaqdadır.

İlin əvvəlində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanda 11 milyon mobil telefon istifadəçisi var. Bu il smartfonların neçə faizinin Android əməliyyat sistemi, neçə faizinin İOS ilə işləyən cihaz olduğu haqda məlumat yoxdur.

Bir neçə il öncə, 2019-cu ilin məlumatına asasən, ölkədə 7 milyona yaxın smartfon istifadəçisi vardı ki, bu da ölkə əhalisinin 69,10 faizini təşkil edirdi. Bu smartfonların 86 faizi Android əməliyyat sistemi, 14 faizi isə İOS ilə işləyir.

Bu, o deməkdir ki, ölkəmizdə Android sistemli smartfonlar üstünlük təşkil edir.

“Bakıkart” tətbiqinin Android əməliyyat sistemli telefonlardan silinməsi də ölkə əhalisinin yarıdan çoxunun bu tətbiqdən istifadə edə bilməməsi anlamına gəlir.

Onsuz da tətbiq aylardır istər İOS, istər Android sistemli smartfonlarda işləmir. Yəni bank kartlarından paytaxtın ictimai nəqliyyatında istifadə olunan “Bakıkart”a pul yükləmək mümkün deyil. Həmçinin, tətbiqdəki pulqabı bloklandığı üçün vətəndaşlar balansdakı puldan istifadə edə bilmirlər. Hər dəfə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tətbiqlə bağlı texniki nasazlığın yarandığını və nasazlığın aradan qaldırılması ilə bağlı işlərin getdiyini açıqlayır

Nasazlıq nədən ibarətdir və hansı işlər görülür?

Tətbiqin işində problem yarandıqdan sonra “Bakı Kart”ın operatoru olan “K Group” MMC-nin direktoru Orxan Bayramov işdən çıxıb. Şirkətə rəhbərlik Məmməd Allahverdiyevə həvalə olunub. 18 sentyabrda isə “Bakı Kart”ın operatoru “K Group” MMC-yə Azərbaycan Mərkəzi Bankı elektron pul təşkilatı və ödəniş sistemi operatoru fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.

Xatırladaq ki, "K Group" 2014-cü ildə yaradılıb, onun nizamnamə kapitalı 23 milyon manatdır. Yəni ictimaiyyətə açıq olan tərəf təkcə rəhbərliklə bağlı “işin” görüldüyüdür. Tətbiqlə bağlı digər məlumatlar, nasazlığın nədən ibarət olması, nə zaman normal fəaliyyət göstərməsi sirr kimi qorunur.

Tətbiqin niyə “Play Store”dən silinməsi ilə bağlı suallar da açıq qalıb. AYNA məlumatı ancaq “Bakıkart” operatorundan əldə edə biləcəyimizi açıqlayır, “Bakıkart” operatoru isə zənglərə cavab vermir. Yeni rəhbər də köhnə rəhbərdən fərqli olaraq mətbuata açıqlama vermir.

Yeni sual yaranır, indi əhalinin çox hissəsi nə etsin? Android sistemli telefonları İPhone telefona dəyişsinlər, yoxsa ümumiyyətlə, “Bakıkart” tətbiqini unutsunlar?

Aylardır texniki nasazlığı düzəlməyən, bir ildir yaranmasına baxmayaraq tez-tez işində problem yaranan tətbiqi unutmaq, ona bel bağlamaqdan daha məntiqli görünür.

Bizim.Media

Geri qayıt