Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ukrayna COP29-u boykota çağırır: Nəticələrin sonu necə olacaq?

Ukrayna COP29-u boykota çağırır: Nəticələrin sonu necə olacaq?


Dünən, 17:56
Ukrayna COP29-u boykota çağırır: Nəticələrin sonu necə olacaq?
Ukrayna Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanda keçiriləcək COP29-a qatılacağı təqdirdə beynəlxaq ictimaiyyəti tədbirdən imtina etməyə, daha dəqiq, boykot etməyə səsləyib. Bu boykot çağırışı isə cəmiyyətdə birmənalı qarşılanmayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın yüksək səviyyəli diplomatlarından biri “Politico”-ya danışarkən deyib.

Sözügedən çağırışı Ukraynanın Avropa İttifaqındakı səfiri Vsevolod Çentsov da öz müsahibəsində təsdiqləyib.

“Biz bu təzyiqi göstərməliyik və tərəfdaşlarımız Azərbaycana başa salmalıdır ki, əgər Putin oradadırsa, onlar gəlməyəcəklər”, – deyə Çentsov qeyd edib.

Bəs Milli Məclisin deputatları bu çağırışın nəticələri, ümumiyyətlə, prosesin sonu barədə necə düşünür?

“Əslində, bu, çox absurd bir yanaşmadır. Belə çıxır ki, sabah Ukraynanın iştirak etməyi tədbirdə də Rusiya olmayacaq. Bu, hara qədər davam edəcək? Kimin kimdən xoşu gəlmirsə, onu başqa ölkələr üzərindən cəzalandırmağa çalışmaq nədir?”

Bu sözləri saytımıza açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Ukraynanın boykot çağırışını şərh edərkən deyib.

O, əlavə olaraq bildirib ki, “əgər belə bir məsələ olacaqsa, ciddi bir səhv olar, o cümlədən, münasibətləri də kifayət qədər zədələmiş olarlar. Bunun Rusiyaya nə dəxli var? Qonaq çağırırıq,” ayrı-ayrı otaqlarda qalarsınız”. Yaxud, hansısa bir şəkildə müzakirələrdə yanaşı oturmarsınız. Bu cür çağırışı doğru yanaşma hesab etmirəm. Ukrayna bu cür etməklə öz-özünə problem yaradacaq. Hər halda gözləyək. Yəqin ki, qərar qəbul ediləndə daha sağlam bir yanaşma olacaqdır.”

Ədəbiyyatşünas, deputat Elnarə Akimova da Ukraynanın çağırışına münasibətini bu cür bildirib:

“Çox təəssüf ki, COP29 kimi sırf iqlim təhlükəsizliyi kimi ali niyyətə yönəlmiş bir mötəbər tədbir yaxınlaşdıqca buna şəxsi prinsipləri və iddiaları müstəvisində rəng verənlər artır, hər dövlət öz maraq və istəklərini gündəmə gətirir. Halbuki Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev Pre-COP29-un iştirakçılarına göndərdiyi müraciətdə də bir daha vurğulamışdı ki, hər dövlət fərdi öhdəlik və fikir ayrılıqlarını bir kənara qoyub, bəşəriyyətin xilası naminə bir araya gəlməyi bacarmalıdır. Əsas məqsəd budur. Qlobal iqlim fəaliyyətinə dəstək vermək yerinə, buna əks qütbdə dayanıb, üstəlik, beynəlxalq ictimaiyyəti baykota səsləmək yolverilməzdir və doğru addım deyil.

Milli Məclisin digər bir deputatı Elman Nəsirov isə prosesi bu cür şərh edib:

“Heç kəsə sirr deyildir ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi bütün Anti-Azərbaycan dairələri hərəkətə gətirib. Onlar koordinasiya olunmuş, sinxron fəaliyyət göstərən qüvvələrdir. Təbii ki, bu qüvvələrin yuxusuna haram qatan fundamental səbəb də Azərbaycanın ərazi bütövlüyü və suverenliyimini təmin etməsidir. Bu dəfə isə bu qüvvələrin daha çox fəallaşdığını görürük. Çalışırlar ki, bizim haqqımızda mənfi imic formalaşdırsınlar. Bu prosesə isə indi də Ukraynanı cəlb edirlər. Nəzərə alsaq ki, onlar üçün müharibənin qızğın bir dövrüdür, bu məqamda “Kollektiv Qərb”- də ona müdaxilə edir. Hesab edirəm ki, bu, yanlış bir yanaşmadır. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanıyan bir dövlətdir. Bunu Cənab Prezident dəfələrlə vurğulayıb, eyni zamanda müharibə gedişində də humanitar yardımlar göstərib. Bəs belə olduğu halda nə baş verir? Əgər Ukrayna belə bir addım atarsa, demək, o, Qərbin təsiri altında özünə belə bir yol seçib və bu da təbii ki, münasibətlərimizə təsirsiz ötüşməyəcək.”

Qeyd edək ki, Kreml Rusiya Prezidenti Vladimir Putinin noyabrın 11-də iqlim toplantısında iştirak etməyi düşündüyünü açıqlayıb. Çentsonun çağırışı da Kremlin Putinin səfəri ilə bağlı açıqlamasından sonra edilib.

Gununsesi.info

Geri qayıt