Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bu ay sülh sazişinin imzalanması təklif olunur

Bu ay sülh sazişinin imzalanması təklif olunur


14-10-2024, 13:02
Bu ay sülh sazişinin imzalanması təklif olunur
Ötən həftə Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində hadisələrlə zəngin olub. Oktyabrın 7-8-də Moskvada Böyük Kreml sarayında MDB dövlət başçılarının növbəti iclası keçirilib, prezidentlər Birlik ölkələrinin gələcəyi ilə bağlı fikirlərini bildiriblər. Məsələn, Belarus prezidenti Aleksandr Lukaşenko regional inteqrasiya potensialından daha səmərəli istifadə etmək barədə düşünməyi təklif edib. Onun sözlərinə görə, “bizə iqtisadi cəhətdən özünü təmin edən suveren dövlətlərin güclü ittifaqı lazımdır”.

Özbəkistan lideri Şavkat Mirziyoyev ilin əvvəlindən Özbəkistanın MDB ölkələri ilə ticarət dövriyyəsinin 16 faiz artdığını və “uğurlu sənaye əməkdaşlığının çoxlu nümunələri” olduğunu qeyd edib.

Qazaxıstan lideri Kasım-Jomart Tokayevin sözlərinə görə, regional əlaqələri genişləndirmək üçün “MDB plus” formatını yaratmaq lazımdır.

Türkmənistan prezidenti Serdar Berdıməhəmmədov bütün MDB məkanında və ondan kənarda enerji təchizatının həcminin və coğrafiyasının genişləndirilməsinin tərəfdarı olduğunu bildirib.

Reyting.az xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.

Rusiya nəşrinin təhlilində qeyd olunur:

Azərbaycan prezidenti İlham Əliyevin nitqində ümumi tarixi irsin qorunub saxlanmasının zəruriliyinə, xüsusən də keçmiş Sovet İttifaqı xalqlarının Böyük Vətən müharibəsində Qələbəyə verdiyi töhfələrə diqqət yetirilib.

Əliyev, həmçinin, 2022-ci ildə Azərbaycanın nəzarətinə keçən Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsinə görə həmkarlarına təşəkkür edib.

Ermənistanın Meqri şəhəri bu statusu 2026-cı ildə alacaq. Ermənistanın baş naziri Nikol Paşinyan isə bildirib ki, Ermənistan bu ay Azərbaycanla sülh sazişi imzalamağa hazırdır. Onun sözlərinə görə, bu, İrəvanın rəsmi mövqeyidir.

Aşqabadda türkmən şairi Məhtumqulu Fəraqinin 300 illik yubileyinə həsr olunmuş forumda növbəti dəfə bir sıra MDB dövlətlərinin, o cümlədən Rusiya və Ermənistanın, eləcə də İran və Monqolustan dövlət başçılarının görüşü olub. Türkiyə və Azərbaycan prezidentləri tədbirə qatılmayıblar.

Ekspertlər bunu Türkmənistanla Türkiyə arasında türkdilli xalqların tarixi özəyi və müasir liderliyi məsələsində ziddiyyətlərin olması ilə izah edirlər. Türkmənistan, yeri gəlmişkən, Türk Dövlətləri Təşkilatına (TDT) tamhüquqlu üzv olmağa tələsmir. Eyni zamanda, konfransın əsas nəticəsi hesab oluna bilər ki, Aşqabadın türk dünyasında rolu güclənir və o, Türkiyənin təklif etdiyi “Böyük Turan”ın orbitinə çıxmaq perspektivinə alternativ yaratmağa çalışır.

Türkiyə öz təsirini saxlamaq üçün “Orta Asiya” adını “Türküstan” adlandırmaq qərarına gəlib. Türkiyənin Milli Təhsil Nazirliyi də məktəb proqramında analoji dəyişikliklər edib. Prezident Rəcəb Tayyib Ərdoğan təşəbbüsün əhəmiyyətini vurğulayaraq, Türkiyə ilə türk ölkələrinin ortaq gələcəyə nail olmaq üçün birlikdə çalışacağını bildirib: “Biz çiyin-çiyinə növbəti dövrü türklərin dövrünə çevirəcəyik, “Türkiyə Əsri” vizyonumuzu bütün TDT-yə yayacağıq”, - deyə Ərdoğan qeyd edib.

Ekspertlərin fikrincə, bu cür dəyişikliklər “ortaq tarix, ədəbiyyat, xəritə və əlifbanın yaradılması da daxil olmaqla, türk dünyasında əlaqələrin gücləndirilməsi üzrə daha geniş strategiyanın” tərkib hissəsidir.

Türkmənistandakı forum çərçivəsində baş tutan ikitərəfli görüşlər də maraqlı olub. Məsələn, “İran və Rusiya neft-qaz sektorunda layihələrin həyata keçirilməsini sürətləndirmək barədə razılığa gəliblər”, - bunu İran prezidenti Məsud Pezeşkian Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra bildirib. İran prezidenti rusiyalı həmkarının Kazanda keçiriləcək BRİKS sammitində iştirak etmək dəvətini qəbul edib.

Qasım-Jomart Tokayev forumda iştirakını Türkmənistana rəsmi səfərlə birləşdirib. Yüksək səviyyəli danışıqların nəticəsi olaraq bir sıra sazişlər imzalanıb. O cümlədən, Qazaxıstan Türkmənistana 80 əmtəə adında təxminən 120 milyon dollar həcmində ixracı genişləndirməyə hazırdır. Ölkələr enerji və nəqliyyat sahələrində əməkdaşlıq etmək niyyətindədirlər. Məsələn, Qazaxıstan Türkmənistan qaz-kondensat yataqlarının işlənməsi və boru kəməri infrastrukturunun genişləndirilməsi layihələrində iştirak edəcək.

Qazaxıstanın neft-qaz şirkətləri türkmən həmkarları ilə Xəzər dənizində neft-mədən xidmətləri sahəsində əməkdaşlıq edəcəklər. İki dövlətin sərhədində Türkmənbaşı- Qaraboğaz-Qazaxıstan sərhədi istiqamətində yol infrastrukturunun birləşdirilməsi, həmçinin Qazaxıstan-Türkmənistan-Əfqanıstan dəmir yolu marşrutunun tikintisi də müzakirə olunub.

Geri qayıt