Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Qiyməti "oynayan" neftə ümid azalır, təbii qazın da gəlirinə "söykənmək" olmaz

Qiyməti "oynayan" neftə ümid azalır, təbii qazın da gəlirinə "söykənmək" olmaz


Bu gün, 19:00
Qiyməti "oynayan" neftə ümid azalır, təbii qazın da gəlirinə "söykənmək" olmaz
Maliyyə Nazirliyinin rəhbərliyi manatın dəyərdən düşməsi ilə bağlı ehtimaldan danışıb. Cəmiyyəti narahatlığa səbəb olmamasına inandırmağa çalışıblar. Guya devalvasiya üçün heç bir zəmin yoxdur, həyəcan keçirməyə dəyməz. Amma mütəxəssislər belə düşünmür. Onlar hesab edir ki, neftin qiymətinin sabit olmaması, tez-tez büdcə layihəsində nəzərdə tutulandan daha aşağı səviyyədə gözə dəyməsi vəziyyəti dəyişə bilər.
Bizimyol.info xəbər verir ki, indi Azərbaycan neftinin bareli 72-73 dollara satılır. Büdcə layihəsində qiymətin 75 olacağı proqnozlaşdırılıb. Göründüyü kimi, hadisələrin gedişi gözləniləndən də fərqli istiqamət alır. Yəni iqtisadiyyatın əsas dayağı sayılan neft etimadı doğrultmur. Təkcə qiymət baxımından yox, həm də hasilat müstəvisində. İlin sonuna qədər ümumi hasilatın həcminin 29 milyon tona çatmayacağı ehtimal edilir. Halbuki 50 milyon tondan çox məhsul hasil etdiyimiz vaxtlar olub. Neftə bel bağlaya bilməyəcəyimiz mərhələyə qədəm qoyuruq.

Bəs təbii qaz? Ümidlərimiz böyük idi. Hətta indi də böyük olduğunu deyə bilərik. Hesab edirik ki, neft qurtarsa da, dünya dağılmır. Təbii qazla iqtisadiyyatı ayaqda saxlaya biləcəyik. Rəqəmlər isə bədbin danışır.

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə 15,8 milyard kubmetr təbii qaz ixrac edib. Bundan 5 milyard 455 milyon dollar gəlir götürülüb. Keçən ilin eyni dövrü ilə müqayisə edəndə məyus olmamaq mümkün deyil. Bu müddətdə 1,6 milyard kubmetr az təbii qaz satmışıq. Yəni 9 faiz azalmadan danışmaq lazımdır. Pul ifadəsində isə, necə deyələr, “evimiz yıxılıb”. Təbii qaz ixracından gəlir 48 faizə qədər azalıb.

Nəzərə alaq ki, qaz ixracı ümumi ixrac həcminin 30 faizini təşkil edir. Yəni iqtisadiyyatın söykəndiyi vacib sahədir. Belə çıxır ki, möhkəm söykənmək olmaz, yıxıla bilərik.

İndi gələcəyi düşünməmək olmur. Neftə ümid çox azalıb. Gurultulu ifadələr işlətmək olmur. Güvəndiyimiz dağlar təbii qaz sahəsidir. Belə geriləmə yalnız bədbin düşüncələrə əsas verir.

Geri qayıt