Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Özəl pensiya fondları nələri dəyişəcək?

Özəl pensiya fondları nələri dəyişəcək?


Bu gün, 08:45
Özəl pensiya fondları nələri dəyişəcək?
Qeyri-dövlət pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanıb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Qeyri-dövlət pensiya fondlarının yaradılması bu sahədə hansı müsbət irəliləyişə səbəb ola bilər?

Məsələ ilə bağlı TNS-ə açıqlama verən Milli Məclisin deputatı Vüqr Bayramov qeyri-dövlət pensiya fondlarının vətəndaş üçün yığım imkanları baxımından vacib olduğunu bildirib: “Bu, əslində vətəndaşın həm dövlət, həm də qeyri-dövlət pensiya fondundan pensiya almaq imkanı deməkdir. Qeyri-dövlət pensiya fondlarının yaradılması əksər ölkələrdə, xüsusilə inkişaf etmiş ölkələrdə tətbiq olunur. Azərbaycanda da belə bir ənənənin tətbiq olunması, dövlət pensiya fondu ilə yanaşı, özəl pensiya fondunun yaradılması məqsədəuyğundur. Vətəndaş gəlirlərinin müəyyən hissəsini bu cür fondlara ödəyir ki, bu da pensiya yaşı tamam olduqdan sonra onların həm dövlətdən, həm də özəl fonddan pensiya əldə etməsinə və nəticə etibarilə daha çox pensiya almasına şərait yarada bilər. Ona görə də belə bir qanunvericilik bazasının formalaşdırılması məqsədəuyğundur”.

İqtisadçı Natiq Cəfərli TNS-ə verdiyi açıqlamasında illərdir, ictimai çıxışlarında özəl təqaüd fondlarının yaradılması ilə bağlı çağırışlar etdiklərini bilrib.

O vurğulayıb ki, özəl pensiya fondlarının var olması bu sahədə rəqabət mühitinin yaranmasına şərait yaradar: “Dövlət sığorta fondundan başqa, özəl fondların yaranması əhalinin seçim imkanlarını artıracaq. Vətəndaş hansı sığorta fondu ilə müqavilə bağlayacağını özü seçə biləcək. Rəqabətli mühit daha yaxşı şərtlərlə müqavilə təkliflərinin artmasına səbəb olacaq. Bu isə çox pozitiv bir inkişafa çevriləcək. Vətəndaşların bu sahədə seçim hüququnun olması, müxtəlif fərdi müqavilələrin bağlanması bu sahədə müəyyən dərəcədə vəziyyətin yaxşılaşmasına səbəb ola bilər”.

İqtisadçı bu sahədə prolemlərin yaranmaması üçün atılması vacib addımlara da toxunub: “Özəl fondların yaradılması prosesində yeganə əsas məsələ ondan ibarətdir ki, dövlətin bu sahədə çox sərt tənzimləmə mexanizmləri olmalıdır. Elə olmalıdır ki, özəl fondlar vətəndaşlarla müqavilədə onların hüquqlarını pozmasınlar və problem yaranmasın. Özəl təqaüd fondlarının müflis olma ehtimalı sıfırlansın. Dövlətin əsas sığorta mexanizmləri burada işə düşməlidir”.

Geri qayıt