Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər

Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər


Bu gün, 17:33
Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər
Azərbaycanın maliyyə naziri Samir Şərifov ölkədə devalvasiya olacağı ilə bağlı iddialardan danışarkən qeyd edib ki, Milli Məclisə dövlət büdcəsinin növbəti il üçün layihəsini təqdim edərkən hesablamalar mövcud məzənnə üzərində qurulub. Samir Şərifov qeyd edib ki, ölkəmizdə devalvasiya olacağı dedi-qodudan başqa bir söhbət deyil. Maliyyə Nazirliyinin hesabatına əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2025-2028-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb.
İqtisadçı Natiq Cəfərli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan da manatın məzənnəsi inzibati yolla tənzimlənir. Yəni inzibati qərarla olur, bu da bazarda baş verəcək proseslərlə əlaqəli deyil: “Bizdə qiymətli kağızlar bazarı və valyuta bazası mövcuddur. Dolayı yolla dünyada gedən proseslərlə asılılığı var. Məsələn, manatın məzənnəsi neft qiymətlərinə birbaşa bağlıdır”.

İqtisadçı hesab edir ki, Samir Şərifov və yaxud da başqa hökumət nümayəndələri gələn il neftin qiyməti neçə olacağını çox dəqiq proqnozlaşdıra bilməzlər. Natiq Cəfərlinin sözlərinə görə, əgər neftin qiyməti kəskin enərsə, devalvasiya təhlükəsini yaradan faktora çevriləcək.

“Ona görə də uzun müddətdir ki, Azərbaycanda sabit məzənnə rejimi hökm edir. Hamıya məlumdur ki, uzun illərdir eyni məzənnə rejimini davam etdirmək çox çətindir. O cümlədən, Azərbaycanda da çətindir. Gələn il olmasa da, yaxın dövrlərdə - gələn ilin sonunda ola bilər. 2026-cı ilin əvvəli də ola bilər. Bu, neft qiymətlərinə bağlı bir məsələdir. Neft qiymətlərinin ucuzlaşması baş verərsə, manatın məzənnəsinin də dəyişiklik qaçılmaz olacaq. Yəni manatın ucuzlaşması qaçılmaz olacaq”-deyə iqtisadçı qeyd edib.

Geri qayıt