Əsas Səhifə > Gündəm, Manşet > Ramiz Yediyarovdan prezidentə daha bir ŞİKAYƏT

Ramiz Yediyarovdan prezidentə daha bir ŞİKAYƏT


26-01-2016, 09:45
Ramiz Yediyarovdan prezidentə daha bir ŞİKAYƏT
Gədəbəy İcra Hakimiyyətinin sahibkarlara qarşı qanunsuzluqları, onlara divan tutması haqda daha bir məktub almışıq. Dövlət başçısına ünvanlanmış, bir neçə mətbu orqana surəti göndərilən məktuba qanunsuzluqların miqyasını göstərən fotoşəkillər də əlavə edilib.
Məktubda indiyədək rastlaşmadığımız faktlar var və sözün açığı çox heyrətləndik. Məktubu olduğu kimi dərc edərək onu da əlavə edirik ki, dövlətimizin iqtisadi vəzyyətinin pisləşdiyi indiki zamanda belə, yerli icra hakimiyyəti orqanları özbaşınalıqlarına ara vermirlər.
Məktubda deyilir:

Hörmətli cənab Prezident!

Xahiş edirik bu şəkillərə diqqətlə baxasınız. Şəkildən göründüyü kimi, sizin Gədəbəy rayonuna səfəriniz zamanı etdiyiniz çıxışdan bir abzas çap edilərək böyük plakat şəklində divara vurulmuşdur. Amma çox təəssüf ki, həmin divar adi istinad divarı deyil. Həmin divar Gədəbəy rayon sakini, sahibkar Fəxrəddin Fərəməz oğlu Bağırova məxsus obyektin Heydər Əliyev prospektinə çıxışını bağlamaq üçün rayonun icra başçısı Ramiz Yediyarov tərəfindən qanunsuz inşa edilmliş maneədir. Əgər həmin plakatı götürülsə və plakatın vurulduğu, sonradan kərpiclə tikilmiş divarı sökülsə o zaman sahibkar F.Bağırovun obyektinin H.Əliyev prospektinə açılan qapı və pəncərələri görünər. Vaxtınızı çox almadan Yediyarovun bu plakat “tilsimi “ haqda əsl həqiqəti diqqətinizə çatırmaq istərdik. Məsələ ondadır ki, Yediyarov Gədəbəy rayonuna icra başçısı təyin edildiyi gündən başqa sahibkarlar kimi F.Bağırovu da sıxışdırmağa başladı. Ən müxtəlif təzyiqlərdən sonra hətta obyektin dağıdılması üçün məhkəməyə belə müraciət edən icra başçısı sənədlərin qanuni olması səbəbindən istəyinə çata bilmədi. Hikkəsinə qalib gəlməyi bacarmayan bu dırnaq arası rəhbər kərpic hörgü ilə F.Bağırovun obyektinin prospektə açılan girişini bağladı. Amma məsələ təkcə bununla bitmədi. F.Bağırovun ayrı ayrı instansiyalara mütəmadi şikayətlərindən narahat olan başçı ölkədə heç bir məmurun yol vermədiyi ən mənfur və çirkin yola əl atdı. Belə ki, gördüyünüz həmin plakatı çap etdirərək obyektin bağlanmış girişinə vurdurdu və sahibkara ismarıc göndərdi ki, “plakat yuxarıların tapşırığı ilə vurulub, bundan sonra hər hansı dövlət orqanına şikayət edərsənsə dövlətə və Prezidentə qarşı çıxmış olarsan. Aqibətin yaxşı olmaz”. Başçının şantajından ehtiyatlanan sahibkar susmağa məcbur oldu və uzun müddətdir ki, belə çətin şəraitdə işini davam etdirir. Amma yaxın zamanlarda fəaliyyətini tamam dayandırmaq məcburiyyətindədir. Onu da qeyd edək ki, Yediyarovun şantajından təngə gəlmiş bu şəxs rayonda hamının bildiyi, qeyd etdiyimiz həqiqət barədə danışmaq belə istəmir.

Hörmərli cənab Prezident!

Siz hər çıxşınızda yerli icra orqanlarına sahibkarların fəaliyyətinə mane olmamaq barədə tapşırıq verirsiniz. Amma R.Yediyarov nəinki tapşırığa əməl edir, o birbaşa sizin adınızdan istifadə edərək sahibkarlara divan tutur. Rayona səfəriniz zamanı etdiyiniz çıxışlardan belə öz məqsədi üçün istifadə edən bu şəxsin əməllərinə əxlaqsızlıqdan başqa ad vermək mümkün deyil. Sizin nüfuzunuzun kölgəsi altında ölkə iqtisadiyyatına bu cür əxlaqsızcasına zərbə vuran Yediyarovun keçmiş milli təhlükəsizlik nazirindən heç bir fərqi yoxdur. Belə bir icra başçısının rəhbərlik etdiyi rayonda hər hansı iş adamının iş qurmağa həvəsi olarmı? Göstərdiymiz təkcə bu fakt Yediyarovun nəinki işdən azad edilməsinə hətta cinayət məsuliyyətinə cəlb edilməsinə kifayət edir. Amma Yediyarovun başqa cinayətə bərabər qanunsuzluqları da kifayət qədərdir və bu faktların araşdırılaraq müvafiq tədbir görülməsini sizdən xahiş edirik”.

Geri qayıt