Əsas Səhifə > Gündəm, Manşet > Avtomobillərin baha olmasının əsas nədəni: gömrük sistemi...

Avtomobillərin baha olmasının əsas nədəni: gömrük sistemi...


14-12-2015, 08:44
Avtomobillərin baha olmasının əsas nədəni: gömrük sistemi...
Son vaxtlar ölkə mətbuatına Avtonəqliyyat Gömrük İdarəsinin fəaliyyəti ilə bağlı daxil olan şikayətlərin sayı xeyli artıb. Bu xüsusda mətbuata verilən açıqlamalarda bildirilir ki, ölkəyə xaricdən avtomobil idxal edən şəxslər heç bir səbəb olmadan Avtonəqliyyat Gömrük İdarəsinin əməkdaşları tərəfindən incidilir, qeyri-rəsmi rüsumların yığılmasına şərait yaradılır və digər qanun pozuntularına yol verilir. O cümlədən məlumat verən mənbələrdən biri deyir: “Xaricdən avtomobil gətirən vətəndaşlar gömrükdə aldıqları maşının ikiqat dəyərində “rüsum” ödəyirlər. İşlənmiş maşın alanda sənəd işləri daha çox olduğundan, gömrükdə daha çox pul alırlar, insanları haqsız yerə yorurlar. Onlar da məsələ tez bitsin deyə məcburiyyətdən birdəfəlik pulu verib qurtarırlar. Avtonəqliyyat Gömrük İdarəsində həqiqətən də, acınacaqlı durum yaşanır. Xaricdən gətirilən avtomobillərə görə tələb olunan “rüsum”ların həcmi bəzən o qədər böyük olur ki, maşın alıcıya dəyərinin ikiqat qiymətinə başa gəlir. İdarədə hara ayaq basırsansa, səndən pul tələb edirlər. Məsələn, bura girən kimi maşının sahibindən 20 manat alınır. Daha sonra isə, sığorta və digər əməliyyatlar həyata keçirilir. Buna görə də vətəndaşlardan əlavə olaraq 100 manat ödəmələri tələb olunur. Həmin məbləği ödəməkdən imtina edənlərin işi əməlli-başlı düyünə düşür...” Deyilənə görə, il ərzində sözügedən idarədə qeyri-rəsmi ödənişlər hesabına milyonlarla vəsait yığılır. Lakin həmin vəsaitlərin məhz hansı hissəsinin dövlətin büdcəsinə keçirilməsi sual altındadır. Bu arada isə, ölkə mətbuatında yayımlanan məlumatlarda, son bir neçə ildə Avtonəqliyyat Gömrük İdarəsinə rəhbərlik edən İsmayıl Hüseynovun bu müddət ərzində öz şəxsi sərvətini astronomik həddə çatdırdığı da vurğulanır: “İsmayıl Hüseynovun var-dövlətinin, mülklərinin sayı-hesabı yoxdur. Rəisin Bakıda bir neçə avtomobil salonu var. Özü isə, bahalı maşın həvəskarıdır. Gündə bir maşın sürür. İdarə rəhbərinə məxsus salonlarda Almaniya və Gürcüstandan gətirilmiş maşınların satışı təşkil olunur...” Bu günlərdə bizimdovr.az-a daxil olmuş növbəti məlumatda isə, Avtonəqliyyat Gömrük İdarəsinin rəhbərliyi tərəfindən yol verilən müxtəlif qanun pozuntularını təsdiqləyən daha bir fakt öz əksini tapmışdır. Qurumun fəaliyyətindən narazılıq edən vətəndaş, Ucar rayon sakini Nəbiyev Oruc Tapdıq oğlu bildirir ki, 24 noyabr 2015-ci il tarixində Avtonəqliyyat Gömrük İdarəsində xaricdən gətirdiyi “Mersedes” markalı (buraxılış ili-2008; mühərrik həcmi-3500 kub.) avtomobili rəsmiləşdirərkən, ondan ilkin olaraq 12000 manat məbləğində rüsum tələb olunmuşdur. İsmayıl Hüseynovun müavini Rövşən müəəlimlə bir qədər bazarlıq etdikdən sonra, bu məbləğ 10500 manata qədər endirilmişdir. Gömrükçülər bu məbləğin kalkulyasiyasını da vətəndaşa təqdim etmişlər. Həmin sənədə görə:

1. Malların gömrük rəsmiləşdirilməsinə görə gömrül yığımları – 100,00 manat

2. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən (o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə – 20,00 manat

3. İdxal gömrük rüsumu – 2573,48 manat

4. Aksiz – 3892,00 manat

5. Əlavə dəyər vergisi – 3928,50 manat

Beləliklə, ümumi məbləğ 10513 manat 98 qəpil təşkil etmişdir. Lakin Oruc Nəbiyev bildirir ki, Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində, məhz vətəndaşların istifadəsi üçün yerləşdirilmiş qaydada hesablana zaman, göstərilən avtomobilə görə ümumi ödəniləcək rüsum məbləği 8500 manat təşkil edir. Belə çıxır ki, Avtonəqliyyat Gömrük İdarəsinin rəhbərliyi bu dəfə də vətəndaşdan düz 2 min manat artıq pul almışdır. Ən əsası da, bu məbləğin dövlət büdcəsinə mədaxil olunacağı bizdə böyük şübhələr doğurur...

Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Geri qayıt