Əsas Səhifə > Gündəm, Manşet > Fətullah Gülənin Azərbaycandakı son qalası olan "Azərsu" şefi ilə bağlı yeni iddialar

Fətullah Gülənin Azərbaycandakı son qalası olan "Azərsu" şefi ilə bağlı yeni iddialar


27-05-2015, 09:48
Fətullah Gülənin Azərbaycandakı son qalası olan "Azərsu" şefi ilə bağlı yeni iddialar
“Azərsu” ASC-nin fəaliyyətində müşahidə olunan çoxsaylı nöqsanlardan, bu qurumun daxilində daima gedən nüfuz savaşından, törədilən maxinasiyalardan və bu zəmində mənimsənilən milyon manatlarla dövlət vəsaitlərindən, yol verilən çeşidli korrupsiya hallarından ölkə mətbuatında indiyədək kifayət qədər materiallar dərc olunub. Hətta düşünmək olar ki, artıq bu mövzuda barəsində yazıla biləcək bircə məqam belə qalmayıb. Həmçinin ASC-nin sədri Qorxmaz Hüseynovun nurçularla olan “ittifaqı” və bu yaxınlarda onun bəzi “tapşırıqların” öhdəsindən gələm bilməməsi səbəbindən bu ittifaqın dağılmaq təhlükəsi qarşısında qalması, buna görə də “Azərsu” şefinin özünün Türkiyədəki əmlakını satışa çıxararaq, biznes maraqlarını indi də şimala istiqamətləndirmək planları barədə açıqlamaları da artıq maraqlı adlandırmaq olmur. Bununla belə, qulaq gündə bir xəbər eşitməsə, kar olar – deyənlər də yanılmayıblar. Görünür “Azərsu”nun rəhbərliyi də daima gündəmdə qalmaq üçün əlindən gələni əsirgəmir. Ən azından bu qurumun daxilində baş verənlərə dair aldığımız son məlumatları təqdim edən mənbə bizi yenidən təəccübləndirməyə müvəffəq oldu. Təqdim olunan açıqlamalar isə ASC daxilində, daha dəqiq desək qurumun rəhbərliyi səviyyəsində yer alan məmurlar arasında münasibətlərin tənzimlənməsi və bu münasibətlərdə artıq uzun müddətdən bəri əldə olunmuş balansın qorunub saxlanması üsulları barədədir. Məsələ bundadır ki, “Azərsu”nun yüksək vəzifəli məmurları arasında uzun müddətdən bəri davam edən nüfuz savaşı zaman-zaman müəyyən bir böhran nöqtəsinə çatsa da, nəticə etibarı ilə gözlənilən dəyişiklər baş vermir. Məhz bu səbəbdən də həmin savaşı aparan əsas qruplaşma üzvlərinin əsil məqsəd və hədəfləri, onlardan kimin-kimi dəstəkləməsi və kimin-kimə qarşı olması barədə bilgilər bəzən hətta ASC daxilində olan mənbələr üçün də aldadıcı olur. Uzun müddət bu manevrlər bizim üçün də müəmmalı olaraq qalmaqda idi. Yeganə ehtimal edilə biləcək məqam bundan ibarət idi ki, qruplaşma üzvlərindən kimsə digərləri üzərində ona müəyyən üstünlüklər verən bəzi təsir vasitələrinə malikdir. Nəhayət bu günlərdə aldığımız yeni bilgilər bu xüsusda yaranmış şübhələrimizi təsdiqlədi. Xatırlayırsınızsa, ötən saylarımızda dərc etdiyimiz materiallarda da biz aldığımız məlumatlara əsaslanaraq qeyd etmişdik ki, ASC-yə rəhbərlik uğrunda mübarizə aparan belə qruplaşmaların sayı üçdür. Mənbələr birinci qruplaşmaya “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun və Birləşmiş Su-Kanal MMC-nin rəhbəri Etibar Məmmədovun aid olduğunu bildirmişdilər. Mənbənin təqdim etdiyi yeni açıqlamalara görə isə xüsusi təsir vasitələrinə sahiblənə bilmiş məmur da məhz Etibar Məmmədovdur. Onun əlində olan təsir vasitələri isə Su-Kanal MMC-nin rəhbərinin Pirallahı qəsəbəsindəki şəxsi villasında “ərsəyə gəlib”. Mənbə bildirir ki, bu villa daimi yaşayış məkanı deyil. Bununla belə “Azərsu” rəhbərləri burada tez-tez müxtəlif ziyafətlər təşkil edirlər. Bizə təqdim edilən təfərrüatlar barədə ətraflı danışmağa zərurət görməsək də, qeyd etməliyik ki, mənbə Etibar Məmmədovun əlindəki təsir vasitələrinə məhz bu villada keçirilən ziyafət və görüşlərdən bəzi epizodların, xüsusən də Qorxmaz Hüseynovun iştirakı ilə keçən epizodların gizli çəkilişlərini aparmaqla sahib olduğunu iddia edir. Elə ASC-də yaranan bu və ya digər gərginliklərin də sonda “sülh” yolu ilə həll olunmasında məhz həmin çəkilişlərin əsas arqument kimi çıxış etdiyi vurğulanır. Lakin mənbə Etibar Məmmədovun villasında təşkil olunan ziyafət iştirakçılarının heç də yalnız “Azərsu” bosslarından ibarət olmadığını bildirir. Məlumatda qeyd olunur ki, ARDNŞ-in vitse-prezidenti Mikayıl İsmayılov, bir müddət əvvəl ləğv edilmiş Xəzər Dəniz Neft Donanmasının keçmiş rəisi Mübariz Mədətov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və millət vəkili, “Kaspi Yıldız” MMC-in sahibi İqbal Məmmədov da tez-tez Etibar Məmmədovun qonağı olurlar...

Mövzuya qayıdacağıq. Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt