Əsas Səhifə > Gündəm, Manşet > Tovuz Gömrüyündə "Dəli Domrul" peyda olub

Tovuz Gömrüyündə "Dəli Domrul" peyda olub


2-05-2015, 10:47
Tovuz Gömrüyündə "Dəli Domrul" peyda olub
Dövlət Gömrük Komitəsinin ( DGK ) fəaliyyətindəki çatışmazlıqlarla bağlı KİV-də tez-tez məqalələr dərc olunur. Xeyli sahibkar gömrükçülərin yaratdığı bürokratik əngəllərdən, ölkəyə mal gətiriləndə yaradılan maneələrdən şikayət edirlər. DGK əməkdaşları isə deyilən ittihamları inkar edirlər.
Bu günlərdə MİTİ şirkətinin nümayəndəsi Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) müraciət edib.
Şirkətin nümayəndəsinin sözlərinə görə, damazlıq üçün ölkəmizə iribuynuzlu mal-qara gətirmək istəyirlər: “ Mövcud qanunvericiliyə görə, damazlıq məqsədilə ölkəyə idxal olunan mal-qara dövlət rüsumundan azaddır. Ancaq bizdən dövlət rüsumu tələb edirlər. Gömrük əməkdaşları bizə deyir ki, iribuynuzlu mal-qaranın ölkəyə gətirilməsinə Tovuz gömrüyünün rəisi Mehman Sadıqov qadağa qoyub”.
Tovuz gömrüyünün əməkdaşı məsələ ilə bağlı müxbirimizə bildirib ki, heç bir problem yoxdur, qoy, MİTİ şirkətinin nümayəndəsi bizə müraciət eləsin mallarını buraxaq.
Biz gömrük əməkdaşının dediklərini MİTİ şirkətinin nümayəndəsinə çatdırdıq.
Bir müddət sonra şirkətin nümayəndəsi Qafqaz Xəbər Agentliyi (qafqaznews.org) ilə əlaqə saxlayaraq bildirdi ki: “ Zəruri sənədlərin hamısını Tovuz gömrüyünün əməkdaşlarına təqdim elədik. Ancaq onlar bizim malı buraxmadılar”.
Biz DGK-nin “Qaynar Xətt”inə zəng edərək baş verənləri söylədik. DGK-nın Tural adlı əməkdaşı ( soyadını demədi) bildirdi ki: “ Onlar niyə sizə şikayət edirlər? Qoy MİTİ şirkətinin nümayəndəsi bizə müraciət eləsin. Biz zəruri araşdırma aparıb tədbir görərik”.
Müxbirimizin “ Bizim DGK-ə müraciətimiz kifayət deyil?” sualına DGK-nın əməkdaşı belə cavab verdi: “ Onlar ancaq rəsmi şəkildə bizə müraciət edəndən sonra , biz tədbir görə bilərik”.

Geri qayıt