Əsas Səhifə > Gündəm, Manşet > Son günlər Aslan Aslanova qarşı cəbhə açan vəkilin özü ittiham olunur

Son günlər Aslan Aslanova qarşı cəbhə açan vəkilin özü ittiham olunur


24-02-2015, 10:18
Son günlər Aslan Aslanova qarşı cəbhə açan vəkilin özü ittiham olunur
«Təzadlar»ın 17 fevral 2015-ci il tarixli sayında dərc olunmuş «Vəkil Adəm Məmmədov vəkil sirrini kobud surətdə pozur» başlıqlı yazı ciddi reaksiya doğurub. Hüquqşünas Adil Şirinovun bu sərlövhəli yazısına Bakı şəhər sakini Zahid Piriyevdən reaksiya gəlib. Müəllif vəkilin həqiqətən də «Vəkil və vəkillik haqqında» Azərb. Res. Qanunun tələblərini hər çıxışında pozmasını təsdiqləyir və iddia edir ki, bu, vəkilin praktiki təcrübəsizliyindən irəli gəlir: «…Azərbaycan Vəkillər Kollegiyası haqlı olaraq vəkilin barəsində intizam komissiyasında onun yol verdiyi nöqsanlara münasibət bildirəcək. Söhbət heç də onun Şəmkirin keçmiş İcra başçısı Aslan Aslanova qarşı sərt ittihamlar səsləndirməsindən deyil, sadəcə, vəkil sirrini yaymasından gedir. O, hər dəfə müvəkkili, hüquqlarını müdafiə etdiyi, ömürlük cəza almış Vüqar Əliyevin sözlərinə istinad edərək digər şəxsi, konkret halda, A.Aslanovu başqasının həyatına sui-qəsd hazırlamaqda, V.Əliyevi dəfələrlə öldürtdürməyə cəhddə, bu ağır cinayətə digər hüquq mühafizə orqanlarının əməkdaşlarının cəlb edilməsinə çalışmasında və s. ağır cinayətdə ittiham etməklə ölkənin az qala bütün hüquq mühafizə orqanlarını cinayət yuvası kimi təqdim etməkdədir. Onun çıxışlarından belə görünür ki, bütün məhkəmə instansiyaları, istintaq orqanları Aslan Aslanovun sifarişini yerinə yetiriblər. Və ortada heç bir sübut, məhkəmə qərarı olmadan. Vəkil doğrudanmı bunları bilmir? Görünür bilmir və onun bu cür əsassız, hüquqi əsaslandırılmamış sübutsuz, dedi-qodu səviyyəli söz-söhbətlərini isə KİV-lər həvəslə dərc edirlər. Bunun axırı necə ola bilər? Mən vəkilin belə məsuliyyətsiz çıxışının, vəkil sirrini pozmasının səbəbini araşdırdım. Məlum oldu ki, vəkil A.Məmmədovun ali hüquqşünas təhsili məsələsində ciddi problemləri var. Məsələn, onunla birgə oxumuş bir şəxsin söylədiklərini əsas tutaraq kiçik bir araşdırma apardım. Bəlli oldu ki, Adəm Məmmədov adı bir müddət əvvəl ölkəmizdə qanunsuz fəaliyyyət göstərmiş özəl universitetlərdən birini-San-Marino Beynəlxalq Elmlər Akademiyası Elmlər Mərkəzinin Azərbaycan filialını bitirmişdir. Həmin filialın direktoru Əyyub Əyyubov adlı direktorun sayəsində. Hansı ki, həmin özəl məktəb 1993-cü ildən 2001-cü ilədək «San-Marino Beynəlxalq Elmlər Akademiyası Elmlər Mərkəzinin Azərbaycan filialı» adı altında Təhsil Nazirliyinin ciddi iradları ilə fəaliyyət göstərib. Üstəlik, sonradan bu başabəla universitet Təhsil Nazirliyinin müvafiq qərarı ilə qanunsuz tələbə qəbulu apardığından 2001-ci ildə bağlanıb, fəaliyyəti yoxlanılıb. Bunlar keçmiş təhsil naziri Misir Mərdanovun rəsmi çıxışında da var. Nazir deyir: «Kollegiyanın qərarına əsasən respublikanın müxtəlif bölgələrində qanunsuz yaradılmış filial və şöbələrin fəaliyyəti dayandırıldı. Belə ki, San-Marino Beynəlxalq Elmlər Akademiyası Akademik Mərkəzinin Azərbaycan filialının fəaliyyətinə xitam verildi».
Vəkil Adəm Məmmədov isə testdən kənar, yəni TQDK-nın keçirdiyi qəbuldan keçməyərək adı çəkilən filiala hansısa yollarla qəbul olunmuş və oranın diplomunu almışdır. Ola bilər ki, o, sonradan həmin filialın qanunsuz diplomu əsasında başqa universitetlərdən birini bitirmişdir. Amma buna da gümanım azdır. Elə bir qanuni diplomu varsa, buyurub təqdim etsin, üzr istəməyə hazıram… Hazırda vətəndaş olaraq adı çəkilən vəkilin ali təhsil diplomuna şübhələrim olduğundan TQDK-ya sorğu göndərmişəm. Güman edirəm ki, tezliklə rəsmi cavab alınacaq, vəkilin vəkil sirrini yaymasının əsil səbəbi də məlum olacaq…».
Redaksiyadan: Vəkil A.Məmmədovun Mingəçevirdəki bəzi qalmaqalları ilə də bağlı məktubda yazılıb... Hələlik bu məsələlərin araşdırılmasına ciddi ehtiyac duyuruq... Vəkil Adəm Məmmədovun mövqeyini öyrənmək üçün ötən gün ona bir neçə dəfə zəng etdik, lakin telefonu bağlı göstərdi. Onun da mövqeyini təqdim etməyə hazırıq.
Mövzuya mütləq qayıdacağıq.

Geri qayıt