Əsas Səhifə > Gündəm, Manşet > Hakimiyyət hansı rayon icra başçılarının qələmini qırıb – Süleyman İsmayılovun sadaladığı faktlar anonsdur

Hakimiyyət hansı rayon icra başçılarının qələmini qırıb – Süleyman İsmayılovun sadaladığı faktlar anonsdur


14-02-2015, 11:40
Hakimiyyət hansı rayon icra başçılarının qələmini qırıb – Süleyman İsmayılovun sadaladığı faktlar anonsdur
DİA.AZ: - Azərbaycanda parlament seçkiləri ərəfəsində bir çox rayonların icra hakimiyyətlərinin başçılarının əvəzlənəcəyi gözlənilir. Qarşıdakı iki ayda haqlarında daha çox narazılıqların eşidildiyi və vətəndaş şikayətlərinin gəldiyi rayon rəhbərləri postlarını itirmək təhlükəsi ilə üzləşəcəklər.

Dünən isə rəhbərliyinin əvəzlənmə ehtimalı yüksək olan rayonların bir hissəsinin adları açıqlanıb. Belə ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib ki, bəzən vətəndaşlar yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin qəbulunda öz məsələlərinə ətraflı və dolğun cavab ala bilmir, hətta ayrı-ayrı vəzifəli şəxslərin qəbulunda olmaq üçün Prezident Administrasiyasına müraciət etməyə məcbur olurlar.

Onu da bildirək ki, PA rəsmisinin bu açıqlaması heç də səbəbsiz deyil və bu açıqlamanın ardından müvafiq tədbirlər həyata keçiriləcək. Xatırladaq ki, DİA.AZ olaraq bu barədə əvvəlindən də məlumatlar vermişdik.

Redaksiyamıza bu barədə danışan hökumət içindəki mötəbər mənbə də bildirir ki, artıq rəsmi Bakı bir sıra rayon İH başçılarının yeniləri ilə əvəzlənməsi üçün tədarük içindədir.

Mənbənin dia.az-a söylədikləri: «Süleyman İsmayılovun belə bir məqalə ilə çıxış etməsi təsadüfi deyil. Bu həm də ciddi bir ismarıcdır. Yəni rayonların «xırda padşahları» özlərini arın-arxayın hiss etməsinlər. Düşünməsinlər ki, nəzarətsizdirlər. Və özlərini «yaxşı aparmayan» icra başçıları da mütləq şəkildə cəzalanacaqlar. Bu, prezident İlham Əliyevin yürütdüyü siyasətdə ana xəttdir. Yerli əhali ilə işləyə bilməyən, dil tapmağı bacarmayan rayon rəhbərlərinin vəzifə başında uzun müddətə qalması imkansızdır».

Mənbə bildirir ki, konkret olaraq adları PA rəsmisi tərəfindən çəkilən rayonların başçıları isə artıq xəbərdarlıqlarını alıblar. Mənbə dia.az-a bildirir: «Amma onlardan bəziləri vəzifələrindən uzaqlaşdırılacaq. Artıq siyahı da bəllidir».

Ağstafa, Astara, Göygöl, Laçın, Masallı və Neftçala rayon icra başçılarının vəzifələrindən ilk olaraq alınacağını bildirən qaynaq dia.az-a açıqlamasında Ağsu, Şamaxı, Qazax və Gədəbəy rayon icra başçılarının da ilk hədəflər sırasında olduğunu söyləyib: «Tədbir görüləcək. Və bu tədbirlərin icra tarixi yaxın zamana təsadüf edəcək. Artıq Süleyman müəllim öz məqaləsi ilə start düyməsinin basıldığını nümayiş etdirdi».

Geri qayıt