Əsas Səhifə > Gündəm, Manşet > Qərib Məmmədovun Qəbələdəki adamına qarşı ittihamlar var...

Qərib Məmmədovun Qəbələdəki adamına qarşı ittihamlar var...


3-12-2014, 10:07
Qərib Məmmədovun Qəbələdəki adamına qarşı ittihamlar var...
DİA.AZ: - Yeni aldığımız məlumatlarda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsində yer almış özbaşınalıqlardan, saxtakarlık və digər korrupsiya hallarından bəhs olunur. Məlumatlarda təqdim olunan faktların əsasında isə ilk növbədə şöbənin müdiri Hətəm Əlisoltanovun kənd bələdiyyə sədrləri ilə birgə həyata keçirdiyi torpaq maxinasiyaları durur. Mənbələr bildirirlər ki, rayonun əksər ərazilərində bələdiyyə mülkiyyətində olan torpaq sahələri tamamilə satılıb qurtarıb. Hətəm müəllimin “yenilikçiliyi” isə bələdiyyələrin artıq qurumaqda olan gəlir mənbələrinə yeni həyat verir. Belə ehtimal etmək olar ki, rayonun bələdiyyə sədrlərinin torpaq şöbəsinin müdirinə olan rəğbətləri də məhz onun bu kimi tapıntılarından qidalanır.

Məlumatlarda bildirilir ki, bu gün Hətəm Əlisoltanovun xeyir-duası ilə hərraca çıxarılan torpaq sahələri köhnə tarixlə sənədləşdirilirlər. Redaksiyamıza bu xüsusda daxil olan məlumatlarda da bildirilir ki, rayonun əksər kəndlərində bələdiyyə mülkiyyətində olan torpaq sahələri tamamilə satılıb qurtarıb. Həm də məhz 2007-2008-ci illərdə torpaq sahələrinin satışı daha çox intensivliyi ilə fərqlənib. Həm də bu intensivlik 2007-ci il dekabrın 12-də Ölkə Prezidentinin sərəncamı ilə torpaq satışının dayandırılmasından sonrakı dövrə təsadüf edib. Bəs görəsən sərəncamdan sonra satılan torpaqların sənədləşdirmə işi necə aparılıb? Bu vəziyyəti mənbələr belə izah edirlər ki, satılmış torpaq sahələrinin sənədləşdirilməsi köhnə tarixlərlə qeydə alınıb. Həmçinin mənbələr buna sübut ola biləcək başqa faktların da kifayət qədər olduğunu vurğulayırlar. Lakin məlumatlarda bildirilir ki, yerli sakinlərin narazılıqlarını doğuran səbəblər bununla da tamamlanmır.

Dia.az-a daxil olan şikayət ərizələrində narazılıqların yaranmasına daha bir səbəb kimi də Torpaq Şöbəsindən vətəndaşlara məxsus ərazilərə dair kənar şəxslərə qeyri-qanuni sənədlərin təqdim olunması göstərilir. Qeyd olunur ki, Hətəm Əlisoltanov və onun rəhbərliyi altında işləyən bəzi mütəxəssislər vəzifə səlahiyyətlərini aşaraq müxtəlif şirkət və fermer birliklərinin daimi istifadəsində olan torpaqlara rəy verir və həmin torpaqların digər rayon sakinlərinə icarəyə verilməsinə şərait yaradırlar. Həmçinin məlumatlarda iddia olunur ki, bu cür sənədi vermək üçün onlar rəy verəcəkləri torpaqların hər hektarına görə vətəndaşlardan külli-miqdarda rüşvət alırlar. Onu da qeyd edək ki, bu xüsusda yaranan suallarımıza aydınlıq gətirmək məqsədilə Hətəm müəllimlə əlaqə saxlamaq cəhdlərimiz də baş tutmadı.

Qarşı tərəfi dinləməyə hazırıq...

Geri qayıt