Əsas Səhifə > Gündəm, Manşet > Bu körpüyə xərclənmiş milyonlar havaya sovrulmuş hesab oluna bilər

Bu körpüyə xərclənmiş milyonlar havaya sovrulmuş hesab oluna bilər


17-11-2014, 11:00
Bu körpüyə xərclənmiş milyonlar havaya sovrulmuş hesab oluna bilər
DİA.AZ: - Yolların təmiri və genişləndirilmsi insanların ürəyincədir. Bu gün magistral yollarda aparılan təmir və yenidənqurma işləri sayəsində Bakıdan rayonlara gedən yollar xeyli genişlənmiş və rahat olmuşdur. Bakı-Horadiz yolu da belə rahat yollardandır.

DİA.AZ xəbər verir ki, Bakı-Horadiz yolunun Şirvan-Saatlı hissəsi bir neçə il əvvəl sürücüləri və sərnişinləri ən çox narahat edən yol idi. İndi bu problem də aradan qaldırılıb və həmin ərazidə çox rahat yol çəkilib. Həmin magistral yolu genişləndirənlər bir də onda xəbər tutublar ki, Saatlı rayonunun Qırağlı kəndində Qıraqlı kənd tam orta məktəbində təhsil alan şagirdlər dərsə gedə bilməyəcəklər. Çünki həmin yol xeyli genişləndirilib və ikitərəfli yolda sürət həddi böyük olduğundan küçənin bir tərəfindən digər tərəfinə keçmək mümkün olmayacaq. Burada işıqforun olmaması da, şagirdlər və valideynlər üçün böyük təhlükə yarada bilərdi. Həmin əraziyə işıqforun quraşdırılması da qeyri-mümkündür. Ona görə də küçənin bir tərəfindən o biri tərfinə keçmək həyatla birdəfəlik vidalaşmaq deməkdir.

Valideynlərin çoxsaylı müraciətlərindən sonra Qıraqlı kənd tam orta məktəbinin qarşısında yerüstü keçid inşa olundu. Onu da qeyd edək ki, bu yerüstü keçid əslində insanların təhlükəsizliyinin təmin olunmasından daha çox, əhali üçün ciddi təhlükə mənbəyidir. Bunu quraşdıranlar çox yaxşı bilirlər ki, bu yerüstü keçidin nəinki Azərbaycanda, heç dünyada da “analoqu” yoxdur. Keçidin nə ətrafı, nə də üstü tutulmayıb. Güclü külək əsən kimi, yerüstü keçidin üstündə olanlar (əgər olarsa) mütləq oradan asfaltın üstünə yıxılacaqlar. Bundan əlavə, qışda şaxta olanda, qar yağanda yerüstü keçidə çıxmaq mümkün olmayacaq. Çünki dəmir pillələrdə yaranan sürüşkənlik ciddi təhlükə yaradacaq. Bir sözlə, yerüstü keçid əhali üçün əsl təhlükə mənbəyinə çevriləcək.

Bu körpüyə xərclənmiş milyonlar havaya sovrulmuş hesab oluna bilər

Saatlı rayonunun Qıraqlı kəndi rayonun ən böyük kəndlərindən biridir. Bu kənddəki tam orta məktəbdə mindən çox şagird təhsil alır. Görəsən həmin şagirdlər yolun bir tərfindən digər hissəsinə necə keçsinlər?

Kənd sakinləri deyirlər ki, bu yerüstü keçidi tikib istifadəyə verənlər öz uşaqlarının, yaxınlarının və doğmalarının buradan keçmələrinə razı olarlarmı? Qətiyyən yox! Çünki yaxşı bilirlər ki, qış aylarında bu keçiddən istifadə etmək çox təhlükəli və qorxulu olacaq.

Dünyada “analoqu” olmayan yerüstü keçid Saatlı rayonunun Qıraqlı kənd sakinləri üçün göz dağına çevrilib. Deyilənlərə görə, nəqliyyat naziri Ziya Məmmədov noyabr ayında Saatlı rayonuna gedib vətəndaşları qəbul edəcək. Əgər hörmətli nazir Saatlıya maşınla getsə, mütləq həmin”qeyri-adi” yerüstü keçidin altından keçəcək və bu təhlükə mənbəyini görəcək.

İndi Saatlı rayonunun Qıraqlı kənd sakinləri noyabr ayına qədər dözməlidirlər. Gözləsinlər görək nazir bu “analoqu” olmayan yerüstü keçidi görəcək, ya yox.

Akif Mehdiyev,
Saatlı – DİA.AZ

Geri qayıt