Əsas Səhifə > Gündəm, Manşet > Tibb elmləri üzrə fəlsəfə doktoru illərdir ki, maaşını tam ala bilmir

Tibb elmləri üzrə fəlsəfə doktoru illərdir ki, maaşını tam ala bilmir


14-11-2014, 10:55
Tibb elmləri üzrə fəlsəfə doktoru illərdir ki, maaşını tam ala bilmir
DİA.AZ: - Azərbaycan Prezidenti İlham Əliyev elmi dərəcələrə görə vəzifə maaşlarına əlavələrin artırılması haqqında 14 sentyabr 2013-cü il tarixli sərəncam imzalayıb. Sərəncama görə, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan “elmlər doktoru” və “fəlsəfə doktoru” elmi dərəcəsi olan işçilərin vəzifə maaşlarına elmi dərəcələrə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi əlavələr 2013-cü il sentyabrın 1-dən iki dəfə artırılb.

DİA.AZ bildirir ki, 2013-cü il sentyabrın 1-dək dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan “elmlər doktoru“ elmi dərəcəsi olan işçilərin vəzifə maaşlarına elmi dərəcəyə görə 50 manat, “fəlsəfə doktoru”na isə 30 manat əlavə olunurdu. Ölkə başçısının sərəncamına görə isə, 2013-cü il sentyabrın 1-dən bu məbləğlər müvafiq olaraq 100 və 60 mant oldu. Bu sərəncamdan bir ildən artıq vaxt keçsə də, Saatlı Rayon Mərkəzi Xəstəxanasında çalışan tibb elmləri üzrə fəlsəfə doktoru Ağadədə Əliyev hələ də ona çatacaq məbləği ala bilmir. Səbəbi isə çox gülməli və acınacaqlıdır. Ona görə acınacaqlıdır ki, Saatlı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ələkbər Əkbərov hələ də bu günə qədər “fəlsəfə doktoru”nun nə olduğunu dərk edə bilmir. Elə xəstəxananın baş mühasibi Rafail də savadsızlıqda baş həkimdən geri qalmır. O da “fəlsəfə doktoru” anlayışından bixəbərdir.

Ağadədə Əliyev Prezidentin sərəncamından sonra bugünə qədər xəstəxanaya ayaq döyür, ancaq baş həkimlə baş mühasib deyir ki, bu sərəncamın sənə aidiyyati yoxdur. Çünki sən tibb elmləri namizədisən, fəlsəfə doktoru deyilsən. Get fəlsəfə doktoru olmağını təsdiqləyən sənəd gətir. A.Əliyev onlara tibb elmləri namizədi ( SSRİ dövründə belə adlanırdı) diplomunu göstərir. Baş həkimlə baş mühasib isə deyir ki, sərəncamda “fəlsəfə doktoru” yazılıb. Həkim A.Əliyev isə deyir ki, indi Azərbaycan müstəqil dövlətdir. Bizim öz qanunlarımız var. Biz Avropa mədəniyyətinə daxil olmuşuq. Ona görə də “elmlər namizədi” “fəlsəfə doktoru” sözü ilə əvəz olunub. Ancaq baş həkimlə baş mühasib deyir ki, xeyir. Bizi aldada bilməzsən. Get nə vaxt “fəlsəfə doktoru” olan sənəd gətirsən pulunu da onda alarsan.

Bəli, baş həkimin və baş mühasibin savadsızlığı həkim Ağadədə Əliyevi bir ildən artıqdır ki, get-gələ salıb.

Bu, həm də Saatlı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ələkbər Əkbərovun Prezidentin sərəncamına hörmətsizliyidir.

Elman Kərimov,
Saatlı - DİA.AZ

Geri qayıt