Əsas Səhifə > Gündəm, Manşet > Qərblə Rusiyanın Qarabağ uğrunda yeni SAVAŞI BAŞLAYIB - Ştaynmayerin son səfərinə sözardı…

Qərblə Rusiyanın Qarabağ uğrunda yeni SAVAŞI BAŞLAYIB - Ştaynmayerin son səfərinə sözardı…


24-10-2014, 11:07
Qərblə Rusiyanın Qarabağ uğrunda yeni SAVAŞI BAŞLAYIB - Ştaynmayerin son səfərinə sözardı…
DİA.AZ: - Məlum olduğu kimi, Azərbaycana səfərini başa çatdıran Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer oktyabrın 23-də İrəvana yollanaraq Ermənistan rəhbərliyi ilə danışıqlar aparıb. Xəbərə görə, erməni həmkarı Edvard Nalbandyanla görüşən Frank-Valter Ştaynmayer mətbuat konfransında deyib ki, söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunublar.

Amma əslində almaniyalı nazirin regiona səfərinin kökündə, mahiyyətində məhz Qarabağ münaqişəsinin dayandığı kimsə üçün sirr deyil. Lakin sanki məqsədli şəkildə belə bir təəssürat yaradılır ki, Ştaynmayer Azərbaycana və Ermənistana fərqli mövzuda danışıqlar üçün gəlibmiş, yeri gəldiyindən Qarabağ mövzusuna da toxunub.

Onu da bildirək ki, son zamanlar Avropa Birliyi, xüsusən də bu birliyin əsas sütunlarından sayılan rəsmi Berlin Cənubi Qafqaz regionunun ən vacib problemi kimi diqqətə gələn Ermənistanın Qarabağı işğal etməsi faktına ciddi münasibət sərgiləməyə başlayıb. Deyə bilərik ki, bəlkə də ilk dəfədir ki, artıq Avropada Azərbaycanın Qarabağ acısına fərqli yanaşmalar da müşahidə olunmaqdadır. Məsələn Almaniyanın bu istiqamətdə erməniləri əsəbiləşdirən mövqe nümayişinin rəsmi səviyyədə olması, habelə Avropa Birliyinin Azərbaycan üzrə təmsilçisi Malena Mardın İlham Əliyevlə Serj Sarkisyanın gözlənən Paris görüşü barədə verdiyi bəyanatının ruhu Ermənistanda həyəcan doğurub.

Qeyd edək ki, görüşü müsbət addım sayan AB rəsmisi deyib: “Yüksək səviyyədə bu cür görüşlərin keçirilməsi çox vacibdir. Biz gözləyirik ki, atılan addımlar mövcud status-kvonun dəyişdirilməsinə imkan yaradacaq”.

Onu da bildirək ki, Malena Mardın məhz bu sözləri erməniləri qorxuya salıb. İndiyə kimi bütün erməni politoloqlar mövcud status-kvonun Ermənistan üçün həddindən əlverişli olduğunu bildiriblər. Buna görə də onlar dərhal Almaniya hökumətinin bu günlərdə Azərbaycan-Ermənistan münaqişəsi barədə hesabatını xatırladıblar: Rəsmi Berlin hesab edir ki, “Qarabağda requlyar erməni ordusu dayanır, danışıqlarda proqress üçün əsas şərt Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qaytarmağa hazır olmasıdır”.

“Avropa Birliyinin bu aparıcı dövlətinin mövqeyi dəhşətə gətirir”,- deyə erməni jurnalist Hraçya Qalustyan bildirir. Təbii ki, Qalustyanın bu təlaşını bu gün bütün Ermənistan bölüşməkdədir.

İndi isə gələk Frank-Valter Ştaynmayerin İrəvan səfərinə. Bildirək ki, almaniyalı nazir İrəvanda qeyd edib ki, Almaniya Azərbaycan və Ermənistan prezidentlərinin bu ayın sonu Parisdə keçirəcəyi görüşü alqışlayır: “Biz Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi prosesini diqqətlə izləyirik. Almaniya Cənubi Qafqaz bölgəsində sülhün bərqərar olmasına yardım göstərməyə hazırdır, amma ilk addım prezidentlərin Paris görüşündə atılmalıdır. Çox yaxşı ki, prezidentlər Fransanın dövlət başçısı Fransua Olandın dəvətini qəbul ediblər. Görüşün nəticəsiz qalmamasını arzu edirik”.

Edvard Nalbandyan isə deyib ki, Ermənistan ATƏT-in Minsk qrupu həmsədrlərinin təklifləri əsasında irəliləməyə hazırdır: “Azərbaycan tərəfdən belə bir hazırlıq barədə heç nə eşitmirik. Necə deyərlər, indi top onlar tərəfdədır”.

Onu da bildirək ki, dünən həmçinin alman nazir Ermənistan prezidenti Serj Sərkisyanla da bir araya gəlib. Bu görüşdə də Dağlıq Qarabağ münaqişəsinə toxunulduğu vurğulanır.

Bütün bu danışıqlardan da aydın olanı odur ki, əslində rəsmi İrəvan özünün problemin həllində maraqlı olmadığını və həqiqətən də status-kvonun qalmasında israrlı olduğunu açıq şəkildə nümayiş etdirir. Hər halda, topun Azərbaycan tərəfində olduğunu vurğulayan Nalbandyanın əslində ATƏT çərçivəsində problemin həllində maraqlı olduqlarını bəyan etməsi o deməkdir ki, onlar ümumiyyətlə, problemin həllində maraqlı deyillər və hazırki vəziyyətə qanedirlər. Hazırki status-kvo vəziyyəti isə o deməkdir ki, Qarabağ erməni işğalı altında qalır. Bu isə uzunmüddətli ola bilməz. Ermənistan bu yolla əslində işğalın ömrünü uzatmağat çalışsa da, Azərbaycanın davamlı israrları artıq bir çox dairələri oyadıb.

Bu əsnada Kremlin xüsusi fəallığı isə nəzərdən yayınmamalıdır. Bu barədə geniş bilgiləri DİA.AZ olaraq oxucularımızın diqqətinə təqdim etmişik. Kreml Azərbaycanı öz yanında görə bilməsi üçün Qarabağ cəbhəsində fundamental «redaktələr» etməyə hazır olduğunu nümayiş etdirib. Elə Ştaynmayerin bu son səfərinin arxasında da məhz Rusiyanın Qarabağ probleminin həlli müstəvisinə sahiblənmə təşəbbüslərinin əngəllənməsinin dayandığı aşkar surətdə hiss olunandır.

Deməli, vəziyyət bu həddədir. Artıq Avropa ilə Rusiya Qarabağ probleminin həlli müstəvisində toqquşurlar. Avropada yaxşı anlayırlar ki, Azərbaycan ATƏT-in Minsk Qruppu və digər ənənəvi vasitəçilik missiyalarına inanmır. Elə buna görə də Azərbaycan fərqli yolla - daha real yolla problemin həllinə maraqlı olduğunu açıq şəkildə nümayiş etdirir. Qərb isə bu prosesdə itirən tərəf olduğunun tam fərqindədir. Çünki Qarabağın işğaldan azad olunmasında kim Bakının yanında dayanacaqsa, Azərbaycanın həmin istiqamətə əbədi sadiq qalacağı şübhəsizir. Bunu yaxşı anlayan Kreml və Avropa artıq Qarabağın azadlığı yolunda dəstəyin verilməsi naminə AÇIQ SAVAŞA GİRİŞİBLƏR…

Allah köməkləri olsun…

DİA.AZ Araşdırma Qrupu

Geri qayıt