Əsas Səhifə > Gündəm, Manşet > "Sovetski" sakinlərinin baş bəlasına çevrilən fırıldaqçılar peyda olub

"Sovetski" sakinlərinin baş bəlasına çevrilən fırıldaqçılar peyda olub


23-10-2014, 10:19
"Sovetski" sakinlərinin baş bəlasına çevrilən fırıldaqçılar peyda olub
DİA.AZ: - Yasamal rayonunun “Sovetski” söküntü ərazisində böyük bir köç başlanıb. Sakinlərə verilən kompensasiya ilə razılaşanlar və razılaşmayanlar da var. Bir kvadrat metr üçün verilən 1500 manat kompensasiya ilə razılaşanlar artıq özləri üçün yeni mənzil axtarışına başlayıblar. Bu məbləğdən narazı qalanların olduğunu eşidən bəzi işbazlar da qaz vurub, qazan doldurmaq həvəsinə düşüblər. Belələrindən biri də vəkil Ələkbər Quliyevdir. Bəli, təəccüblənməyin, vəkil. O vəkil ki, məhkəmələrdə hüquqları pozulmuş insanların hüquqlarını bərpa etmək üçün əzmkarlıqla mübarizə aparır, dələduzluqla qarşılaşanlara hüquqi yardım edir. Bəs vəkil özü dələduzluqla, fırıldaqla məşğul olanda, görəsən onları məhkəmələrdə kim müdafiə edir? Belə dələduz vəkillərdən biri də Ələkbər Quliyevdir.

DİA.AZ-a daxil olan məlumatda deyilir ki, vəkil Ə.Quliyev eşidəndə ki, “Sovetski” ərazisində söküntü işləri başlanılıb və ilkin mərhələ olaraq artıq söküntü komissiyası mənzillərin ölçülməsinə başlayıb o, bu işdən müftə pul qazanmaq həvəsinə düşür. Ona görə də bir vaxtlar Xətai rayon məhkəməsində pozulmuş hüquqlarını müdafiə etdiyi şəhid anası R.Məmmədova (etika xatirinə adını yazmırıq) ilə əlaqə saxlayır. Vəkil şəhid anasını inandırır ki, söküntü komissiyasının üzvlərindən biri onun ən yaxın dostudur. Hətta, yüksək vəzifəli şəxslərdən bir neçəsinin də adını çəkərək deyir ki, onlar da mənim dostlarımdır. Hər şey onların əlindədir. Mənzilinin ölçüsünü 15 kvadrat metr artıq yazdıra bilərəm. Ciddi xəstəliyi olan və bu xəstəliyin müalicəsindən ötrü çoxlu pul lazım olduğunu düşünən şəhid anası vəkilə inanır. Həm də bu sözləri ona təsadüfi bir adam yox, vəkil deyirdi. Ona görə də vəkilə inanan şəhid anası “Muğan” Bankdan yüksək faizlə 4.500 mant kredit götürüb pulu vəkilə verir. Sonradan vəkil həmin xanıma mobil telefon vasitəsilə zəng vurarq (danışıqlar və yazışmalar mobil telefonda saxlanılır) deyir ki, arxayın ola bilərsən. Pulu komissiya üzvünə çatdırdım. O da yuxarıya çatdıracaq. Mənzilin faktiki ölçüsündən 15 kvadrat metr artıq yazılacaq.

Bir müddət sonra R.Məmmədova sökütü ərazisində olan mənzilinin (hazırda şəhid anasının mənzili sökülüb) pulunu almağa gedəndə ona məlum olub ki, vəkil onu aldadıb. Çünki mənzilinin ölçüsü necədirsə, elə də yazılıb. Bir kvadrat metr də artıq yazılmayıb. Bundan sonra vəkillə ev sahibi arasında mübahisələr başlanır. Şəhid anası verdiyi pulu geri tələb edir və ona deyir ki. hər ay faiz ödəyir. Məsələ getdikcə ciddiləşir. Vəkil əvvəlcə ipə-sapa yatmır. Deyir ki, pulu vermişəm yuxarılara. Bir müddətdən sonra başlayır şəhid anasına yalvarıb-yaxarmağa ki, bəs şikayət etməsin, pulu qaytaracaq. Sonra vəkil birdən-birə dəyişir və başlayır hədə-qorxu gəlməyə. Deyir ki, mənim yuxarıda adamlarım var. Get kimə istəyirsən de. Pulları tək yeməmişəm. Bir də ki, bunun sonu 3-4 metr kəfəndir.

Hər yerdən əli üzülən şəhid anası üz tutur Yasmal Rayon Polis İdarəsinə. Ondan ərizə və izahat alınır, ancaq yenə də vəkil pulu qaytarmır. Bu dəfə aldadılmış xanım üz tutur Yasamal Rayon İcra Hakimiyyətinin başçısının qəbuluna. İnsafən şəhid anası burada hörmətlə qarşılanır və ona dərhal köməklik göstərilməsi üçün Rayon Polis İdarəsinə göstəriş verilir. Sonra isə şəhid anasını Daxili İşlər Nazirliyinin İdarə rəisi qəbul edir. O da məsələ ilə yaxından tanış olduqdan sonra bunun ciddi araşdırılması və dəymiş ziyanın ödənilməsi barədə tapşırıq verir. Onu da qeyd edək ki, Yasamal Rayon Polis İdarəsində bu işlə bağlı cinayət işi qaldırılıb. Ancaq telefon nömrələri və ünvanı bəlli olan vəkil hələ də “tapılmır”.

Vəkil Ə.Quliyev bütün bunlardan bir nəticə çıxarmır. Hələ də pulu qaytarmır ki, qaytarmır. Bu dəfə vəkili yaxından tanıyanlardan biri şəhid anasına deyir ki, sən ona heç nə edə bilməyəcəksən, çünki onun yuxarıda yaxşı adamları var.

Deyəsən bu deyilənlər özünü doğruldur. Vəkil Ə.Quliyevin və onun dostunun dediyi “yuxarıdakı adam” kimdirsə onun müdafiəsinə qalxıb.

İndi “Sovetski” ərazisində yaşayanlara demək istəyirik ki, belə fırıldaqçıların toruna düşməsinlər. Görürsünüz ki, şəhid anasının beş aydır ki, döymədiyi qapı qalmayıb. Ancaq dələduz vəkil “tapılmır” ki, “tapılmır”. Görəsən Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət heyəti bu vəkil barəsində nə düşünür? Vəkil Ələkbər Quliyev hansı üzlə məhkəmələrə çıxıb zərərçəkmişlərin hüquqlarını müdafiə edəcək? Axı, indi onun özünə vəkil lazımdır.

Emin Quliyev - DİA.AZ

Geri qayıt