Əsas Səhifə > Gündəm, Manşet > Gəncə Dövlət Universitetində bazar qaydaları hökm sürür

Gəncə Dövlət Universitetində bazar qaydaları hökm sürür


2-10-2014, 12:14
Gəncə Dövlət Universitetində bazar qaydaları hökm sürür
DİA.AZ: - Redaksiyamıza Gəncə Dövlət Universitetindəki qanun pizntuları ilə bağlı ilginc ittihamların yer aldığı məqalə daxil olub. Həmin materialı DİA.AZ olaraq diqqətinizə təqdim edir və qarşı tərəfi də dinləməyə hazır olduğumuzu bildiririk:

"Son günlər Gəncə Dövlət Universitetində yaşanan bir sıra olaylar adı çəkilən ali təhsil ocağı ilə bağlı yeni-yeni məlumatların yayılmasına və gündəmi zəbt etməsinə səbəb olmuşdur.Rektor Yusif Yusibov tələbələrlə yanaşı, müəllim heyətilə də kobud rəftar edir, ondan şikayət edilməsinə baxmayaraq, heç nəyə əhəmiyyət vermir. Universitetdə hökm sürən ab-hava ilə bağlı dəfələrlə mətbuatda tənqidi yazılar dərc olunsa da, ali təhsil müəssisəsinin rəhbərliyi bundan heç bir nəticə çıxarmayıb. Əksinə, rektor öz yaxın adamlarını ətrafına yığıb onlara müxtəlif vəzifələr verir ki, bu da özlüyündə ali təhsil ocağında neqativ halların kök salmasına səbəb olur. Universitetdə bazar qaydalarının geniş miqyas almasında əsas məsuliyyət məhz rektor Yusif Yusibovun üzərinə düşür.

Yusif Əmiralı oğlu Yusibovun rəhbərliyilə fəaliyyət göstərən Gəncə Dövlət Universitetinin maddi-texniki bazasına gəlincə, bu sahədə vəziyyət heç də ürəkaçan deyil.Belə ki, universitetdə kompyuter mərkəzi, kimya, biologiya, fizika laboratoriyaları və mülki müdafiə kabineti,idman qurğuları müasir standartları ödəmir. Universitetin laboratoriyalarının avadanlıqları yetmişinci illərdən qalmışdır və heç bir tələbata cavab vermir.Təhsil haqları isə kosmetik təmir, mebel və müxtəlif lazımsız yerlərə sərf olunur.

Respublikamızın əksər ali məktəblərində professor-müəllim heyətinin maddi-rifah halını bir qədər yaxşılaşdırmaq, elmi-pedaqoji fəaliyyəti stimullaşdırmaq məqsədi ilə əmək haqları orta hesabla 30%-dən çox artırılıb.Gəncə Dövlət Universitetində müəllimlərin maaşlarının çox az olmasına baxmayaraq, əmək haqqı artırılmır, ödənişli oxuyan tələbələrin keçirdikləri

təhsil haqqından müəllimlərə çox az miqdarda, ayda təqribən 50-70 manat əmək haqqı verilir, halbuki, GDU-da təhsil haqqı kifayət qədər yüksəkdir, təhsil haqqının yüksəkliyinə görə GDU respublikada ilk yerlərdən birini tutur. Məsələn , "Tarix" ixtisası üzrə təhsil haqqı Bakı Dövlət Universitetində 1200 manat oldugu halda, GDU-da bu rəqəm 1800 manat təşkil edir.Bu təhsil haqqı isə rəhbərlik tərəfindən istədikləri kimi təmir , mebel, avtomobil və s. alınması adı altında talan olunur.Yusif Yusifov müəllimlərin maaşını artırmasa da , təhsil haqlarını çox səxavətlə xərcləyir, dəbdəbəli həyatı çox sevir. Rektorun "Nissan" markalı ən son model xidməti avtomobilinin çox təzə olmasına baxmayaraq, cənab rektor xidməti məqsədlə ən son model Maksima markalı bahalı avtomobil almışdır.

Universitetdə heç bir ciddi islahatlar aparılmır, nəticədə mövcud neqativ halların sayı gündən günə artır,müəyyən olunmuş sayda tələbələr rektorun tapşırığı ilə ayı 200 manat olmaqla dekanlar tərəfindən aylığa buraxılır, imtahanlar zamanı rektorun yaxın adamları tələbələri müxtəlif formalı təzyiq və təsirlərə məruz qoyurlar.Bütün ixtisaslar üzrə pulyığma kampaniyasına məhz rektorun yaxınları rəhbərlik edir. Hətta oxuyan tələbələrə kollekvium zamanı açıq şəkildə «oxumağınızın nə xeyri var, onsuz da tələb olunanı verməlisiniz! - deyilir.

Y.Yusibovun rüşvət mexanizminin başında duran Asif Cavadov, bu mexanizmin digər qol-qanadı olan Elsevər Nağıyev,İlqar Kubışev, fakültə dekanları, tyutorlar haqqında kütləvi informasiya vasitələrində kifayət qədər yazılıb və müvafiq dövlət qurumlarına professor-müəllim heyəti dəfələrlə müraciət edib.Amma Təhsil Nazirliyi və müvafiq orqanlar hələ də susur. Aldığımız çox dəqiq məlumatlarda Y.Yusibovun rektor keçməsi üçün Mikayıl Cabbarova bir milyon manat rüşvət verdiyi məlum olmuşdur.Ona görə də Y.Yusibov "burda mənəm, Bağdadda kor xəlifə" prinsipini rəhbər tutub. Y.Yusibov universitetə qardaşının təzyiqi ilə prorektor təyin olunanda, Gəncədə "Gülüstan qəsəbəsi" yaxınlığında kirayədə yaşayırdı.Amma rektor təyin olunduqdan sonra , qısa bir müddət ərzində Gəncənin "Mahrasa bağı" adlanan ərazidə tikilən çoxmərtəbəli yaşayış kompleksindən 150000 manata ən müasir standartlara cavab verən ev almışdır.Əvvəllər özünün şəxsi avtomobili olmasa da, indi 140000 manata ən axırıncı model ağ rəngli "Leksus" avtomobilinə sahib ola bilib.Bu avtomobili isə onun məktəbli oğlu şəhərdə sürür.Daha maraqlı bir fakt isə Y.Yusibovun mobil telefonu haqqındadır.Y.Yusibov avqustda özünə çox bahalı mobil telefon alıb, bu telefonun qiyməti 11000 (on bir min) manatdır.Avqust ayında Yusif Yusibovun kolleksiyasına Hacıkənddə yerləşən dəbdəbəli bağ evi də əlavə olunub.Maraqlıdır, bu bahalı şeyləri qısa bir müddət ərzində rektor maaşına necə almaq olar? Əlbəttə, bunlar Asif Cavadovun rəhbərliyi ilə yığılan çirkli pulların hesabına alınıb.O Asif Cavadovunki, oglu Amil Cavadov avtoşluq edib bir ailəni gözüyaşlı qoydu və 40000 manat müqabilində cəzasız qaldı.Həmin Amil Cavadov yenə də bahalı maşınlarla Gəncənin küçələrində avtoşluq

edir.Amma Asif Cavadov isə öz övladına tərbiyə verə bilməməsinə rəğmən, GDU-nun tələbə və müəllim kontingentinə tərbiyə işləri üzrə prorektorluq edir.Başqa bir məlumata görə, Gəncə şəhər icra hakimiyyətinin fəaliyyətindən müxtəlif orqanlara böhtan xarakterli qərəzli məlumatlar yayan da həmin Asif Cavadovdur,onun bu xidmətləri isə Yusif Yusibov tərəfindən layiqincə qiymətləndirilib, özü prorektor, həyat yoldaşı isə kafedra müdiri təyin olunub, çox maraqlıdır, siyasi keçmişi şübhəli olan Asif Cavadovun məşğul olduğu işlərin heç biri onun daşıdığı tərbiyə işləri üzrə prorektor vəzifəsinin funksiyasına uyğun gəlmir.

Bir neçə gün bundan qabaq keçirilmiş universitetin elmi şurasında Asif Cavadovun rəhbərliyi ilə tədris-köməkçi heyətinin attestasiyasını keçirmək barədə qərar qəbul olunub.Bu attestasiyalar isə işçiləri qorxudub rüşvət yığılmasından başqa bir şey deyil.Universitetin rəhbərliyi 3000-5000 manat rüşvət alıb işə işçi götürür, sonra isə attestasiyaya keçirib "ixtisara düşürsən" bəhanəsi ilə 500-1000 manatdan rüşvət yığırlar.İxtisasca tarixçi , tərbiyə işləri üzrə prorektor olan Asif Cavadov rüşvət qutusunun başında durduğuna görə belə pul çıxan məsələlərə o başçılıq edir.

Hal hazırda Gəncədə şərab festivalı keçirilir.Bununla əlaqədar olaraq, Y.Yusibovun göstərişi ilə Asif Cavadov tərəfindən hər bir dekandan 500 manatdan pul yığılmışdır,halbuki tədbir tamamilə şəhər icra hakimiyyəti tərəfindən maliyyələşdirilir,rektor göründüyü kimi şəhər tədbirindən də pul qazanmaq istəyir.

Müəllimlər İnstitutunun Gəncə filialının bağlanması ilə əlaqədar olaraq orada təhsil alan tələbələrin və müəllimlərin GDU-ya yerləşdirilməsi üçün komissiya yaradılmışdır.Bu iş birbaşa tədris işləri üzrə prorektorun sahəsi olmasına baxmayaraq, tədris işləri üzrə prorektor Fəxrəddin Məmmədov bu işdən tamamilə kənarlaşdırılmışdır.Halbuki, Fəxrəddin Məmmədov çox obyektiv, qanunların aliliyini uca tutan, işinə məsuliyyətli bir kadrdır.F.Məmmədov Gəncə şəhəri icra hakimiyyətinin başçısı Elmar Vəliyevlə yaxşı münasibətləri olduğuna görə rektor tərəfindən sıxışdırılır.Müəllimlər İnstitutunun Gəncə filialının tələbə və müəllimlərinin yerləşdirilməsində güclü rüşvət yığıldığı üçün bu iş də "qara qutu" üzrə prorektor Asif Cavadova tapşırılıb.Universitetdə yığılan rüşvətdə müəllimlərin nə iştirakı, nə də payı yoxdur, yığılan rüşvət rektor, dekanlar, prorektor arasında bölünür. Rektor isə yığılan rüşvətin əksər hissəsinin təhsil nazirliyi tərəfindən əllərindən alındığını iddia edir".

Geri qayıt