Əsas Səhifə > Gündəm, Manşet > Bu dəfə qız toylarına və bahalı toy menyularına qadağa gəldi

Bu dəfə qız toylarına və bahalı toy menyularına qadağa gəldi


9-09-2014, 11:04
Bu dəfə qız toylarına və bahalı toy menyularına qadağa gəldi
DİA.AZ: - Son günlər dəbdəbəli yas məclislərinin, ehsan süfrələrinin təşkilinə qoyulan qadağa cəmiyyətdə geniş rezonans yaradıb. İlkin reaksiyalardan anlaşılanı budur ki, əslində tam rəsmiləşməyən və yalnız yerli icra strukturları tərəfindən tətbiq edilən bu qadağaya vətəndaşların münasibəti normaldır. Yalnız bir-iki istisnalar xaric.

Elə bu da ortaya toylarla bağlı qadağanın tətbiqi zərurətini də çıxarır. Bu barədə danışan millət vəkili Siyavuş Novruzov və digərləri də təmtəraqlı toy məclislərinin əslində vətəndaşların rəsmən talan edilməsi anlamını daşıdığına işarə edərək bildirirlər ki, cəmiyyətimiz bundan da qaçmalıdır.

Deyəsən, toylarla bağlı qadağanın da ilkin işartıları müşahidə olunur. DİA.AZ-a daxil olan məlumatlardan anlaşılır ki, Mingəçevir şəhərində belə bir qadağa artıq tətbiq olunmaqdadır.

Məlumatı verən rayon sakinlərindən biri bildirdi ki, yerli icra strukturları tərəfindən Mingəçevirdəki bütün şadlıq evlərinə vətəndaşlara təmtəraqlı toy məclislərinin təşkilinin əlavə israfçılıq olduğunu təlqin edən məsləhətlər verilib. Yəni şadlıq evlərinə bildirilib ki, bahalı süfrələrdən qaçılsın və vətəndaşlara bunun izafi, lüzumsuz xərclər olduğu başa salınsın.

Bu da tamamı deyil. Dia.az-a danışan mənbə bildirir ki, eyni zamanda Mingəçevir şəhərində qız toyları da qadağan edilib və bu barədə şadlıq evlərinə bildiriş çatdırılıb. Yalnız bir ailənin tək qız övladı olduqda ona ayrıca olaraq qız toyunun keçirilməsinə icazə veriləcək.

Hər halda, Mingəçevirdən başlayan bu ənənənin də cəmiyyət tərəfindən müsbət qarşılanacağı şübhəsizdir.


Geri qayıt