Əsas Səhifə > Gündəm, Manşet > Bakının mərkəzində onlarla ailənin həyatı təhlükə altına atılıb
Bakının mərkəzində onlarla ailənin həyatı təhlükə altına atılıb15-08-2014, 16:42 |
DİA.AZ: - Paytaxtda aparılan inşaat işlərində tikinti normalarına və təhlükəsizlik qaydalarına riayət olunmaması artıq heç kəsə sirr deyil. Bu mənfi tendensiya xüsusilə də hündürmərtəbəli binaların tikinti zamanı yaşanır. Özlərinə "arxa” tapan tikinti şirkətləri binaları biri-birinə hədsiz yaxın məsafədə inşa edir, digər binanın mənzillərini gün işığından, təmiz havadan məhrum edirlər. Üstəlik, binaların yaxınlığında aparılan inşaat işləri ətrafdakı tikililər üçün təhlükə mənbəyinə çevrilir. Eyni vəziyyətlə Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 84 saylı binanın sakinləri hazırda üz-üzədir. DİA.AZ-a bu barədə şikayətçi düşən sakinlər indiyədək bir çox əlaqədar qurumlara müraciət etsələr də, başlarının üstünü almış təhlükə ilə heç kim maraqlanmayıb. Ərazidə tikinti aparan "Məxmər-77” MMC adlı şirkət sakinlərin şikayətinə məhəl qoymadan öz işini davam etdirir. Binaya bitişik aparılan tikinti işlərinin əhatə dairəsi isə getdikcə genişlənir. Binanın həm yanında, həm də tam qarşısında hündürmərtəbəli yeni binaların tikintisi aparılır. Bu isə bina sakinlərinin günəş işığından məhrum edilməsi və mənzillərə hava axınının sərbəst daxil olmasının qarşısının alınması deməkdir. İnşaat işləri binaya çox yaxın məsafədə aparıldığından sakinlər binanın tərpəndiyini müşahidə edirlər. Məlumat üçün bildirək ki, təhlükənin getdikcə artdığını görən vətəndaşlar yaranmış vəziyyətlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya da müraciət ediblər. dia-az.site bildirir ki, müraciətdə deyilir: "Cənab, Prezident! Biz, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi 84 saylı binanın sakinləri real təhlükə qarşısındayıq. Hazırda yaşadığımız bina 2002-ci ildə inşa edilib. Bir neçə il təhlükəsiz, rahat şəraitdə yaşamışıq. Amma artıq rahatlığımız pozulub, həyatımız üçün böyük təhlükə yaranıb. Səbəbsə binamızın yanında 7 ədəd 17 mərtəbəli binaların tikintisinə başlanmasıdır. Binaları inşa edən "Məxmər - 77” MMC-dir. İnşaat aparılan ərazidə qazıntı işləri zamanı yeraltı suların üzə çıxdığını hamı görürdü. Belə bir təhlükəli vəziyyət ola-ola tikintini yenə davam etdirdilər. Bizim bina ilə yeni tikilməkdə olan binalar arasında məsafə də çox az qoyulub, təxminən 10 metr. Halbuki ali qanunverici orqan olan Milli Məclisin təsdiqlədiyi "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsində binaların tikintisi zamanı ara məsafələrin hansı uzunluqda olması öz əksini tapıb. Qanuna görə, binalar arasındakı məsafə mərtəbələrin hündürlüyünün 3 qatı qədər olmalıdır. Amma inşa edilən binaların tikintisində heç bir normaya riayət edilmir. Binamız faktiki yeni binaların mühasirəsinə "düşüb”. Yaxınlıqda nə bir yaşıllıq, nə ağaclar, nə də istirahət üçün bir park var. İşbazlar paytaxt sakinlərinin istirahət hüququnu da əllərindən alır, təmiz havasını, günəş şüasını da. Tikinti binamıza hədsiz yaxın məsafədə aparıldığından binamız titrəyir. Gecələr titrəyişlərdən rahat yata bilmirik. Sanki hər an binamız uçulub dağılacaq. Ərazidə ağır tonnajlı texnikanın işləməsi bəzi mənzillərdə çatlar əmələ gətirib, divara vurulmuş kafellər uçub tökülüb. Səs-küy və titrəyişlər sakinlərin rahatlığını pozub, səhhətində problem olanların narahatlığı daha da artıb. Cənab Prezident, hökumət nümayəndələrinin iştirakı ilə keçirdiyiniz müşavirədə paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması, yaşıllıqların qorunması və çoxaldılmasının vacibliyini vurğuladınız. Məmurlara vətəndaşlara xidmət etməyi, müraciətləri dinləyib, problemlərini həll etməyi tapşırdınız. Təəssüf ki, bəzi məmurlar səlahiyyət hədlərini aşır, qanunsuz tikililərə göz yumur, insanların rahatlığını təmin etmək əvəzinə, öz xeyirlərini güdürlər. Sizdən xahiş edirik, biz sakinlərin şikayətinin təmin edilməsini əlaqədar strukturlara tapşırasınız. Ümidimiz ancaq Sizədir”. Onu da qeyd edək ki, bina sakinlərinin şikayətini dəyərləndirən "Azərbaycan Memarlar Assosasiyası”nın prezidenti, memar Zemfira Budaqova sakinlərin haqlı olduğu qənaətindədir: "Binaların arasında ona görə boş ərazilər qoyulur ki, həmin bina sakinləri rahat istirahət edə bilsinlər, uşaqlarını düşürüb bir az dolaşdırsınlar. Binalar arasında bir balaca yer var deyə dərhal orada ikinci bina, obyekt tikilməli deyil ki? Həyəti böyükdürsə, deməli, binaların sakinləri də çoxdur. Vətəndaşlar etirazlarında haqlıdır. Binaların yaxınlığında tikinti aparmaq qəti qadağandır və buna yol vermək olmaz. Əgər doğrudan da, belə bir məsələ varsa, mütləq qarşısı alınmalıdır”. Binalar arasındakı məsafəyə qoyulan tələblərə gəldikdə isə xanım memar bildirib ki, şəhərsalmanın qanunlarına görə, iki binanın arasındakı məsafə onların hündürlüyünə bərabər olmalıdır: "Bəzən buna "2H” (iki haş) deyirlər. Amma son zamanlar ərazilərin çox sıx olmasını və tələbatları nəzərə alaraq, binalar arası məsafəni də sıxlaşdırıblar. Yeni binalarda həyət 2H yox, 1H-a bərabərdir. Yəni, əgər iki binadan biri 5 mərtəbəli, digəri 9 mərtəbəlidirsə, ikisinin hündürlüyü bir-birinin üzərinə gəlinir və toplam qiymət iki yerə bölünür. Əvvəl isə fərqli idi. İkiyə bölmə yox idi, binaların toplam hündürlüyü birbaşa götürülürdü”. Son illər şəhərsalma qanunlarının kobud şəkildə pozulduğunu iddia edən Z.Budaqovanın sözlərinə görə, kimin ürəyi harda istəyir, orada da tikintiyə başlayır: "Hündürmərtəbəli binalar var ki, məsafəsi heç 30 metr yoxdur. Bu isə birmənalı olaraq, şəhərsalma qanunlarından kənardır. Təəssüflər olsun ki, hər şeyin arxasında rüşvət və korrupsiya dayanır. Tikintini kimlər aparır? Əlbəttə ki, pulu olanlar. Pulunu verir ki, filan yerdə obyekt tikmək istəyirəm. Biz də acgözlüyə öyrəşmişik axı! Pulu görən kimi qanun-qadağanı unuduruq. Sanki bizim insanların haram yeməkdən xoşu gəlir. Qanun nə üçündür? Heç kəs qanunda qeyd olunan maddələrdən kənara çıxmamalıdır. Ancaq çox-çox təəssüflər olsun ki, bütün qanunlarımız kağız üzərindədir. Heç kəs ona əməl etmək istəmir. Bizdə qanunun yox, pulun gücü işləyir. Pulunu ver, sənə lap binanın üstündə ikinci bir bina inşa etməyə də icazə verərlər, nəinki binanın yaxınlığında”. Geri qayıt |