Əsas Səhifə > Gündəm, Manşet > Mikayıl Cabbarov bir illik fəaliyyətsizliyinin hesabatını vermək zorundadır

Mikayıl Cabbarov bir illik fəaliyyətsizliyinin hesabatını vermək zorundadır


14-07-2014, 10:17
Mikayıl Cabbarov bir illik fəaliyyətsizliyinin hesabatını vermək zorundadır
DİA.AZ: - Bir ildən artıqdır ki, təhsil naziri postunu tutan Mikayıl Cabbarovla bağlı heç də ürəkaçan qənaət mövcud deyil. Bildirək ki, məlum mənfi təəssürat təkcə aşağılara - yəni Azərbaycan təhsilində dönüşün yaradılacağına ümid bəsləyən binəva şagird və tələbə valideynlərinə aid deyil. DİA.AZ-a daxil olan informasiyalardan belə bəlli olur ki, həm də artıq rəsmi dairələr Misir Mərdanovdan sonra təhsil naziri postuna təyin edilən Mikayıl Cabbarovun fəaliyətindən qane deyillər.

Məlumatlı mənbələrin redaksiyamıza bildirdiklərindən belə aydın olur ki, bu günlərdə təhsil sistemindəki problemlər və yeni nazirin bir illik fəaliyyəti, həmçinin Mikayıl Cabbarovun problemlərə münasibətdə həyata keçirdiyi tədbirlər və gözləntilər hakimiyyətin üst düzəyində ciddi şəkildə müzakirə olunub.

Bilgili qaynağın dia.az-a söylədikləri: «Əslində bir məmurun fəaliyyətinə qiymət verilməsi üçün 100 günlük müddət də yetərlidir. Mikayıl Cabbarov isə bir ildən artıqdır ki, nazir postundadır. İlk əvvəl elə bir təəssürat yaratmağa çalışdılar ki, Mikayıl Cabbarov Misir Mərdanovdan qalma təhsildəki biabırçı duruma müdaxilə edəcək. Amma bu müdaxilə orta məktəblərdə süpürgə pulunun yığılmasının qadağan edilməsi ilə məhdudlaşdı. Halbuki günü bu gün də orta məktəblərdə həm süpürgəpulu yığılır, həm də fond pulu var».

Mənbə dia.az-a bildirir ki, Mikayıl Cabbarov hətta zamanında Misir Mərdanovun üzərinə gələn qüvvələrin ən böyük silahlarından olan dərslik problemini də aradan qaldırmağa çaba göstərmədi: «Hələ də orta məktəblərdə övladlarımız həmin biabırçı dərsliklərdən tədris alırlar. Bu isə təbii ki, Mikayıl Cabbarovun təyinatı zamanı ona BÖYÜK DÖNÜŞ tapşırığı verən ölkə rəhbərliyini qane ətməyəcəkdi».

Məlumatlara görə, Mikayıl Cabbarova sərt xəbərdarlıq edilib və onun əleyhinə olan, son günlərdə mətbuatda açıqlanan ciddi ittihamlarla bağlı nazirdən izahat da istənilib.

Geri qayıt