Əsas Səhifə > Gündəm, Manşet > Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xırdaçaplı korrupsiya – İrimiqyaslı korrupsiya ilə rəhbərlik məşğul olur

Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xırdaçaplı korrupsiya – İrimiqyaslı korrupsiya ilə rəhbərlik məşğul olur


11-07-2014, 10:14
Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xırdaçaplı korrupsiya – İrimiqyaslı korrupsiya ilə rəhbərlik məşğul olur
DİA.AZ: - Bir neçə gün əvvəl Heydər Əliyev adına Beynəlxalq Hava Limanının gömrük-keçid məntəqəsində baş verən özbaşınalıqlarla bağlı faktları diqqətinizə təqdim etmişdik. Məlumatlarda deyilirdi ki, habelə Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi fəaliyyəti ilə inhisarçılığın formalaşmasına şərait yaradan qurum kimi diqətə gəlir. Cəmiyyətdə belə bir fikir mövcuddur ki, ölkədə korrupsiyaya qarşı mübarizə tədbirlərinə start verildiyi vaxtda bu idarənin fəaliyyətində məhz müəyyən kosmetik dəyişikliklər həyata keçirildi ki, bu da yetərli hesab oluna bilməzdi.

DİA.AZ-a danışan mənbə iddi edir ki, əslində həmin dəyişikliklərin yeganə məqsədi rüşvətin tamamilə yığışdırıldığı barədə görüntü yaratmaq idi və buna qismən nail olundu: “Lakin bu vəziyyət cəmi bir neçə gün davam etdi. Qısa bir müddətdən sonra isə gömrük işçilərinin ölkəyə mal gətirən sahibkarları soyub-talamaq əməliyyatları yenidən bərpa olundu”.

Qeyd etmək lazımdır ki, gömrük xidməti general-mayoru Sadiq Abduyevin rəhbərlik etdiyi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin (HNBGİ) fəaliyyəti digər dövlət qurumları arasında mətbuat üçün daha qapalı olmağı ilə fərqlənir. Lakin bu məqsədlə görülən tədbirlər bilavasitə vətəndaşlarla işləyən təşkilatda qapalılığı qətiyyən təmin edə bilməz. Bu xüsusda yeni aldığımız məlumatda gömrük məntəqəsinin Ayxan adlı əməkdaşı tərəfindən də məhz bu kimi qanun pozuntularına yol verildiyi bildirilir.

Mənbə qeyd edir ki, Ayxan vətəndaşlardan sərhəddən keçirilən yükün hər bir kiloqramına görə 5 manat məbləğində “rüsum” alır. Halbuki, yalnız müəyyən çəki limitini keçdikdən sonra tətbiq olunan bu rüsum, dövlət tərəfindən 3 manat məbləğində müəyyənləşdirilmişdir. Bundan başqa isə, vətəndaşlar tərəfindən şəxsi istifadə məqsədilə xarici ölkələrdən bir ədəd miqdarında alınmış müxtəlif məişət texnikası məhsulları da Ayxan tərəfindən qeyri-qanuni vergiyə cəlb olunur. Təbii ki, əməllərinə dair ondan izahat tələb etməyə cürət etmiş sərnişinlərə, Ayxan bu rüsumların HNBGİ-nin rəhbərliyi tərəfindən müəyyənləşdirildiyini və yığılan pulların da birbaşa həmin instansiyaya təqdim olunduğunu deyir.

Mənbənin dia.az-a təqdim etdiyi məlumatda bildirilir ki, ciddi maxinasiya halları ölkəyə daxil olan mobil telefonlardan, eləcə də qida və sənaye məhsullarından tutmuş fərdi avtomobil idxalına qədər həyata keçirilən bütün sənədləşdirmələr zamanı baş verir. Məlumdur ki, HNBGİ-nin əməkdaşları ölkəyə gətirilən müəyyən malların müqabilində astronomik məbləğlərdə rüşvət tələb etməklə bir tərəfdən monopolistlərin sifarişlərinə əməl edərək onların fəaliyyətlərini dəstəkləyir, digər tərəfdən isə daxili bazarda süni qiymət artımını stimullaşdırırlar. Xüsusilə Çin və Dubay kimi ölkələrdən idxal olunan məhsulların bazarında isə bir çox hallarda bu idarənin əməkdaşları özləri monopolist kimi çıxış edirlər.

Düşünmək olardı ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin kifayət qədər böyük miqyasda “biznes layihələrinə” qurşanması digər bir tərəfdən də fərdi qaydada, şəxsi istifadə məqsədilə ölkəyə bu və ya digər məhsulu idxal etmək istəyən vətəndaşların və təşkilatların işini yüngülləşdirə bilər. Ən azından məhz bu məqamdan İdarənin əməkdaşları qanuna müvafiq fəaliyyət görüntüsü yaratmaq fürsəti kimi yararlana bilərdilər. Lakin görünür S.Abduyevin əməkdaşları hətta belə bir görüntüyə də ehtiyac duymurlar...

Geri qayıt