Əsas Səhifə > Gündəm, Manşet > Mikayıl Cabbarov deputat-rektorun oğluna nazirlikdə hansı işi həvalə edib?

Mikayıl Cabbarov deputat-rektorun oğluna nazirlikdə hansı işi həvalə edib?


8-07-2014, 10:19
Mikayıl Cabbarov deputat-rektorun oğluna nazirlikdə hansı işi həvalə edib?
DİA.AZ: - Keçən günlərdə təhsil naziri Mikayıl Cabbarovun kadr siyasətinin müəyyənləşməsində özünün qohumbazlıq ənənələrini formalaşdırmasını sübutlayan faktları diqqətinizə təqdim etmişdik. Aydın olurdu ki, yerli mətbuatda nazir postunu Misir Mərdanovdan aldıqdan sonra az qala «islahatçı-inqilabçı nazir» kimi təqdimatı verilən Mikayıl Cabbarov əslində Misir Mərdanovdan heç nə ilə fərqlənməməkdədir. Yəni yenə də nazirin qohumları önə çəkilir. Sadəcə olaraq əvvəllər Misir Mərdanovun qohumlarına vəzifələr verilirdisə, indi Mikayıl Cabbarovun qohumlarına vəzifə verilir. Fərq bu qədərdir.

Xatırladaq ki, bu günlərdə, daha dəqiqi, bu ilin aprel ayında Mikayıl Cabbarov ilginc bir təyinatı da həyata keçirdi. Söhbət adı kifayət qədər ciddi təhsil korrupsiyasında və rüşvət qalmaqallarında hallandırılan Azərbaycan “Odlar Yurdu” Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyevin oğlu Samir Vəliyevlə bağlı Mikayıl Cabbarovun verdiyi qərardan gedir. Məlum olduğu kimi, Cabbarov rektorun oğlunu təhsil nazirinin müşaviri təyin etdi.

DİA.AZ xatırladır ki, ilk günündən dövrü mətbuata bu təyinatla bağlı açıqlama verən nazirlik rəsmiləri Samir Vəliyevin hansı işlə məşğul olacağı haqda məlumatsız olduqlarını da gizlətməmişdilər. Amma indi redaksiyamıza daxil olan məlumatlardan rektorun oğlunun nə ilə məşğul olduğu aydınlaşır.

Məlumatlı mənbənin DİA.AZ-a söylədikləri: «Əslində hər kəs Mikayıl Cabbarovun «Odlar Yurdu»nu bağlayacağını gözləyirdi. Amma sən saydığını say, gör, fələk nə sayır… Mikayıl Cabbarov Misir Mərdanovdan qalma ən şübhəli korrupsiya ünvanlarından birinin rəhbərinin oğlunu təhsil nazirliyinə yüksək vəzifəyə təyin etməklə, həm də «Odlar Yurdu»na əbədiyyət də qazandırmış oldu.

Mikayıl Cabbarov deputat-rektorun oğluna nazirlikdə hansı işi həvalə edib?

Amma burada önəmli olanı tamam başqa bir məqamdır. Artıq hər kəs Samir Vəliyevin hansı işlə məşğul olduğunu yaxşı bilir. Özəl təhsil sektoru ilə sıx əlaqədə olan Samir Vəliyev bu gün nazirin həmin qeyd olunan istiqamətdəki əsas adamıdır. Yəni Mikayıl Cabbarovun adından bazarlığı o edir və «tarifləri» o müəyyənləşdirir. Hətta atası ilə də nazirin nümayəndəsi kimi məhz o danışır».

Mənbəmiz bu arada maraqlı bir faktı açıqladı: «Onun bazarlıqlarının nəticəsidir ki, bir neçə gün əvvəl İctimai-Siyasi Universiteti bağladı. Əslində bu qərar çoxdan mətbuata bəlli idi. Çünki bu universitetin rəhbərliyi ilə oğlu nazirlikdə yüksək vəzifə tutan Əhməd Vəliyevin münasibətləri çoxdan pozulmuşdu. Ona görə də Əhməd Vəliyev nəhayətdə özəl təhsil bazarındakı əsas rəqiblərindən birini zərərsizləşdirməyə müvəffəq ola bildi».

Hər halda, bütün bu faktlar olduqca dəhşətli mənzərədən xəbər verməkdədir. Yəni Azərbaycan təhsili nazir sarıdan heç də yarımadı… Allah gələcəyimizi qorusun…

Geri qayıt