Əsas Səhifə > Gündəm, Manşet > Avtonəqliyyat Gömrük İdarəsinin şefi ilə bağlı keçmiş şəriki şok faktları açıqladı

Avtonəqliyyat Gömrük İdarəsinin şefi ilə bağlı keçmiş şəriki şok faktları açıqladı


24-06-2014, 10:42
Avtonəqliyyat Gömrük İdarəsinin şefi ilə bağlı keçmiş şəriki şok faktları açıqladı
DİA.AZ: - Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsi sanki əlahiddə bir qurumdur. Hər halda, bu gün görünəni odur. Hətta bu bir faktdır ki, Dövlət Gömrük Komitəsinin yüksək ranqlı məmurları belə bu gün AGİ-nin şefi İsmayıl Hüseynova söz deyəcək həddə deyillər. Adama tam olaraq muxtariyyət verilib ki, bu da faktiki olaraq özbaşınalığın rəhni kimi qəbul olunmalıdır.

Təbii ki, əbəs yerə bu gün Avtonəqliyyat Gömrük İdarəsi ilə bağlı mövcud durumu belə sərt ifadələrlə «tərənnüm etmədik». Belə ki, DİA.AZ-a bir zamanlar Gürcüstandan Azərbaycana bir ay ərzində yüzlərlə maşın gətirib satışını təşkil edən şəxslərdən biri olduqca ilginc faktları açıqlayıb. Təbii ki, anonimliyinin qorunması şərtilə… Biz də adamın istəklərini nəzərə aldıq.

Keçmiş maşın alverçisinin dia.az-a söylədikləri: «Bu gün İsmayıl Hüseynov bəlkə də Azərbaycanın ən zəngin adamlarının ilk beşliyində yer alır. Siz onun günlük, aylıq qazancını təsəvvür edə bilməzsiniz. Hətta inanıram ki, DGK rəhbərliyi də bu barədə məlumatsızdır.

Mən uzun illər bu işlə məşğul olmuşam. Ta İsmayıl Hüseynovun qadağasına qədər. Qadağanınsa səbəbi son aylarda qazancın azalması ilə bağlıdır. Mən xırda maşın alverçilərindən olmamışam. Bir ayda 300-400 maşın gətirib satırdım. Və bir ay ərzində İsmayıl Hüseynova Azərbaycan dövlətinin qanunlarından yayınaraq bir milyon manat təmiz xeyir vermişəm. Ən az olanda bu qədər olub. Kimsə bu pulların taleyini bilmir».

Daha sonra keçmiş maşın alverçisi davam edir: «Təbii ki, başqasının cibinə girmək, başqasının pulunu saymaq ayıb bir məsələdir. Mən də İsmayıl Hüseynovun ümumiyyətlə, nə qədər pul qazandığını hesablamaq fikrində deyiləm. Amma bir faktı qəti şəkildə bildirirəm ki, bu gün İsmayıl Hüseynov özünün imkanlarına görə Azərbaycanın özündən deyən oliqarx-məmurlarını belə cibinə qoyar. Onun bu qədər sərvəti var və bu sərvətə görə inanmıram ki, nə zamansa kimsə ondan hesab sorsun».

Mənbəmiz iddia edir ki, İsmayıl Hüseynov zamanında onunla dostluq münasibətində olub: «Dəfələrlə böyük məmurların arxasınca da danışıb. Deyirdi ki, bu gün əksər məmurları satın alıb. Kimsə onu təftiş eləməz. Elə bir məmur yoxdur ki, İsmayıl Hüseynov ona nəsə etməsin. Sonradan görürdüm ki, adam haqlıdır».

Onu da bildirək ki mənbə dia.az-a cinayət məcəlləsinin konkret maddələri ilə ittihama çevrilə biləcək faktları da açıqlayıb ki, apardığımız araşdırmalardan sonra onlardan bəzilərini diqqətinizə çatdıracağıq. Çünki tamamının araşdırılması imkansızdır…

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt