Əsas Səhifə > Gündəm, Manşet > Nurçuluq Azərbaycanda rəsmən qadağan oluna bilər - QMİ tərəfindən bu iddia ilə Milli Məclisə müraciət olunacaq

Nurçuluq Azərbaycanda rəsmən qadağan oluna bilər - QMİ tərəfindən bu iddia ilə Milli Məclisə müraciət olunacaq


2-06-2014, 09:51
Nurçuluq Azərbaycanda rəsmən qadağan oluna bilər - QMİ tərəfindən bu iddia ilə Milli Məclisə müraciət olunacaq
DİA.AZ: - Son aylarda nurçularla bağlı bir sıra ittihamlar səslənsə də, hətta bəzi məmurlar nurçu kimi hədəfə alınaraq, vəzifələrindən belə götürülsələr də, hələ də bu ölkədə nurçuluq rəsmən qadağan edilməyib. Halbuki bizə qədər keçmiş sovet respublikalarından olan Özbəkistanda və Rusiyada nurçuluq qadağan edilib və bu təriqətin nümayəndələri təqib olunur, onlara aid ədəbiyyat, təbliğat vasitələri və digər məlzəmələr sərhəddəcə müsadirə olunur.

Amma Azərbaycanda bu belə deyil. Və ən maraqlı olanı da odur ki, «nurçu» ittihamı ən sərt ittiham kimi təbliğ olunur, amma kimsə izahat verərək bu ittihamın mahiyyətini açıqlamaq istəmir. Paradokslardan biri də odur ki, Göyçayda, Qazaxda nurçulara qarşı, onların dərsxanalarına qarşı əməliyyatlar təşkil olunsa da, Bakıdakı nurçu dərsxanaları, aşkar surətdə fəaliyyət göstərən təhsil ocaqları hələ də öz sərbəstliyii qorumaqdadır.

Bununla bağlı DİA.AZ-a danışan mənbə bildirir ki, əslində Azərbaycanda «nurçu ovu» sırf olaraq mövsümi xarakter daşıdığından hakimiyyətin siyasətinin tərkib hissəsinə çevrilməyib: «Təbii ki, burada rəsmi Ankaranın istəyinin nəzərə alınması başlıca faktor kimi çıxış edirdi. Amma bir məqam da unudulmamalıdır. Bu gün nurçular həm iş sferasında və həm də təhsil və digər buk imi istiqamətlərdə Azərbaycanda elə bir formada şəbəkələşib, sosial həyatımıza elə bir tərzdə adaptə olublar ki, bu gün onlardan birdəfəlik imtina çox çətin ola bilər.

Digər tərəfdən, onların hansı əsasla qadağan edilməsi də izah olunmalıdır. Təkcə Fətullah Gülənin Ərdoğanla yollarının ayrılması Azərbaycanda nurçuların təqibinə zəmin yarada bilməz. O zaman ortaya tutarlı faktlar çıxarılmalıdır. Samballı dəlillər təqdim olunmalıdır».

Mənbəmiz dia.az-a açıqlamasında iddia edir ki, Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda nurçuluğun qadağan edilməsi üçün konkret dəlillər toplusu hazırlayır və bu təriqətin əslində bölücülüyə xidmət etdiyini, Azərbaycan dövlətçiliyini belə təhdid etdiyini sübutlayan faktları toplamaqla məşğuldur.

Mənbənin söylədikləri: «Bu sənədlər toplandıqdan sonra Milli Məclisin payız sessiyasında QMİ adından müraciət əsasında müzakirələr başlana bilər. Yəni QMİ nurçuluğun Azərbaycanda qadağan edilməsinin vacibliyini irəli sürərək Milli Məclis qarşısında belə bir tələblə çıxış etməyə hazırlaşır».

Geri qayıt