Əsas Səhifə > Gündəm, Manşet > Azərbaycan dövlətinin qanunları nədən Şamaxıda aciz durumdadır?

Azərbaycan dövlətinin qanunları nədən Şamaxıda aciz durumdadır?


30-04-2014, 08:47
Azərbaycan dövlətinin qanunları nədən Şamaxıda aciz durumdadır?
DİA.AZ: - Neçə müddətdir ki, DİA.AZ olaraq haqqı tapdanan və bununla bağlı müxtəlif dövlət instansiyalarına müraciət edən Şamaxı rayon sakini Müşfiq Mənəfovun şikayətlərini təqdim etməkdəyik. Maraqlıdır ki, hələ də aidiyyatı qurumlar haqı yeyilən Şamaxı sakininin problemilə bağlı hər hansı reaksiyanı verməyiblər. Bu da şikayətçi tərəfi yenidən KİV-lərə müraciət etməyə vadar edib.

Beləliklə, Şamaxı rayon sakini Müşfiq Mənəfovun DİA.AZ-a ünvanladığı sayca 3-cü şikayət məktubunu olduğu kimi diqqətinizə təqdim edirik:

“Şamaxının olqarx-məmuru, Poçt Filialının rəisi, Kərbəlayi Tağı Həsənov tərəfindən qanunsuz olaraq işdən azad olunmağım və Femidanın ədalət tərəzisini bazar tərəzisiylə qarışıq salmış Şamaxı rayon məhkəməsinin hakimi Təranə Hüseynovanın onun haqsızlıqlarına bəraət qazandıran məhkəmə şousundan keçən günlərdə DİA.AZ-da yayılan şikayət məktubumda bəhs etmişdim. Təranə xanımın imzasını və ona etibar olunmuş möhürü daşıyan “qüvvənin qanunu mindiyi qətnamə” artıq mənə təqdim olunub.

Qətnamənin “hüquqi məsələləri”:

“İşə əlavə olunmuş Rabitə Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədovun Müşfiq Mənəfova ünvanladığı məktubda 2013-cü ilin iyul ayında Azərpoçt MMC-nin Daxili audit şöbəsi tərəfindən Şamaxı RPF-nin maliyyə-təsərrüfat və istsmar fəaliyyəti araşdırılarkən poçt maliyyə xidmətləri üzrə mühəndisi kimi nəzarətinizdə olan sahələrdə də ciddi nöqsanlar aşkar edildiyindən və baş verən proseslərdən məlumatlı olduğunuz halda rəhbərliyə vaxtında məlumat vermədiyinizdən təqsirkar şəxslərin dairəsi müəyyənləşdirilərək lazımi tədbirlərin görülməsi üçün Azərpoçt MMC-nin müvafiq əmri imzalanmış və RPF-yə yeni rəis təyin olunduqdan sonra Siz də bu, və ya digər əməllərinizə görə tutduğunuz vəzifədən azad olunmuşsunuz”

Bu həmin “audit aktı” və “müvafiq əmr”dir ki, surətlərinin məhkəməyə təqdim olunması barədə vəsatətimi Təranə xanım təmin etmədi. Hansı ki, həmin əmrə əsasən axırıncı xəbərdarlıqla şiddətli töhmət alan 3 vəzifəli şəxs bu gün də öz vəzifələrindədir. Həmin audit yoxlaması nəticəsində “20 min manata yaxın vəsait çatışmazlığına yol verdiyi aşkar olunduğuna görə işdən azad olunan” yeganə əməkdaş isə, sonradan mənim azad olunduğum vəzifəyə təyin olundu. Mənimlə, tutduğum vəzifə ilə əlaqədar nə aktda, nə də müvafiq əmrdə tək cümlə olsun, yazılmamışdı.

Hörmətli Novruz müəllimin bu dediklərinə bir özü inanar, bir də rəhmətlik Cəlil Məmmədquluzadənin “Novruzəlisi”. Yeri gəlmişkən, Təranə xanım da, Şamaxı poçt Filialının maraqlarını “Novruzəli” qətiyyəti ilə müdafiə etdi. Qorxuram ki, ona təqdim edəcəyim apelyasiya şikayətini də bu sayaq mühafizə edə, işin Apelyasiya Məhkəməsinə getməsinə imkan verməyə.

Təranə xanımın “hüquqi məsələlər”indən digəri:

Azərbaycan dövlətinin qanunları nədən Şamaxıda aciz durumdadır?

“Azərpoçt MMC-nin baş direktorunun birinci müavini Sübhan Kazımovun Müşfiq Mənəfova ünvanladığı məktubda göstərilir ki, “23 oktyabr 2013–cü il tarixdə filialın Həmkarlar komitəsinin keçirdiyi iclasda iştirak etmisiniz və əmək intizamına riayət etmədiyiniz üçün həmin iclasda Sizə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir”.

Mən həmin iclasın protokolunun da surətinin məhkəməyə təqdim olunmasını tələb etmişdim. Bu vəsatətim də təmin olunmadı. Məhkəmədə ifadə verən Tağı Həsənov özü də bununla bağlı verdiyim suala “belə bir iclas olmamışdır” cavabını verdi. Tağı Həsənov Sübhan Kazımovun yazdıqlarının yalan olduğunu etiraf etdiyi halda, Təranə Hüseynova bu yalana əsaslanıb qərar verir. Gorun çatlasın, Femida, tərəzini gör kimə vermisən?

Bəlkə Azərpoçt MMC-nin baş direktorunun birinci müavini, hörmətli Sübhan Kazımov həmkarlar ittifaqının qərarıyla intizam tənbehi verilə biləcəyini ehtimal edir, ola bilər, yüksək vəzifə sahibidir, çox şey bilmək məcburiyyətində deyil, yazıblar, o da min bir zəhmət çəkib, mübarək imzasını atıb...

Axı bir neçə rayon məhkəməsinin və apelyasiya məhkəməsinin hakimi olmuş Təranə xanımın bunun absurd oluğunu bilməsi lazımdı. Məncə bunun üçün heç hüquq təhsilinə də ehtiyac yoxdu, sadəcə məntiq yetərlidir”...

Bütün maralıq tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt