Əsas Səhifə > Gündəm, Manşet > Səlim Müslümovun siyahısı Qarabağ əlilini narazı salıb – 40 yaşlı əlil 2-ci dünya savaşına necə qatılıb?

Səlim Müslümovun siyahısı Qarabağ əlilini narazı salıb – 40 yaşlı əlil 2-ci dünya savaşına necə qatılıb?


7-04-2014, 08:35
Səlim Müslümovun siyahısı Qarabağ əlilini narazı salıb – 40 yaşlı əlil 2-ci dünya savaşına necə qatılıb?
DİA.AZ: - Cəlilabad rayonu Alıqasımlı kənd sakini Ağayev Mehdi Kamil oğlu redaksiyamıza şikayət məktubu ünvanlayıb. Qarabağ müharibəsi veteranı, 2-ci qrup əlil Ağayev Mehdi Kamil oğlu DİA.AZ-a yolladığı şikayət məktubunda bildirir:

“06.11.2013-cü cü ildə avtomobillə təmin olunmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə getmişəm, sənədlərimi ora təqdim etmişəm. Həmin vaxt Nazirliyin girişində divara vurulmuş siyahıda 650-nəfər Qarabağ əlilinin adı var idi. Sənədlərimi verəndə soruşdum ki, mənim adım neçənci düşəcək? Dedilər ki, siyahıda 650 adam var, səndən qabaq 5-6 nəfər də sənəd verib, onların da adı salınandan sonra sənin adın təxminən 660-cı olacaq.

Lakin indi ƏƏSMM-in saytına avtomobillə təmin olunan şəxslərin siyahısı vurulub, orda mənim adım 680-cı yox, 852-cidir. Özü də mənim adım nədənsə Qarabağ əlillərinin adı olan 1-ci siyahıya yox, Böyük Vətən müharibəsi əlillərinin adı olan 2-ci siyahıya salınmışdır. Mən 1974-ci il təvəllüdlüyəm, təbii ki, Böyük Vətən Müharibəsi döyüşlərində iştirak etməmişəm, 2-ci Cahan Savaşını görməmişəm. Bəs onda mənim adım necə ora salınıb? Bu açıq-aşkar adamı ələ salmaqdır.

Mənim adımı onma görə Qarabağ müharibəsi əlilləri siyahısına yox, Böyük Vətən Müharibəsi əlilləri siyahısına salıblar ki, 1-cinin siyahısında 710 nəfər, 2-ci siyahıda isə 902-ci nəfər avtomobil veriləcək adam var. Salıblar ki, mən vaxtında maşın ala bilməyim, özlərinə lazım olan adamların adını məndən qabağa salmaq üçün bu işi qurublar. Mən belə hesab edirəm ki, burda korrupsiya faktı var, xahiş edirəm ki, araşdırma aparılaraq bu məsələyə hüququ qiymət verilsin. ƏƏSMN-in saytında avtomobillə təmin ediləcək əlillərin siyahısı olan linki də sizə göndərirəm ki araşdırasınız: http://www.mlspp.gov.az/az/pages/6/35

Siyahını açıb baxasınız, necə olur ki, Qarabağ müharibəsi veteranın adı, Böyük Vətən Müharibəsi veteranlarının siyahısına salınır? Məqsəd nədir? Necə olur ki, siyahıya 650-ci adam olaraq sənəd verdiyim halda, adım 852-ci göstərilir? Necə olur ki, 1974-ci il təvəllüdlü şəxs Böyük Vətən Müharibəsi iştirakçısı kimi göstərilir?

Məsələ burasındadır ki, Qarabağ müharibəsi və 20 Yanvar faciəsi iştirakçılarına ilin birinci yarısında, digər kateqoriyalara aid şəxslərə isə 2014-cü ilin sonuna kimi avtomobil veriləcək. Mənim adımı qəsdən Böyük Vətən Müharibəsi iştirakçıları siyahısına salıblar ki, ilin birinci yarısında avtomobol ala bilməyim. Ölkə Prezidenti 100 nəfər əlilə avtomobil verdi, nazir bəyan etdi ki, daha 650 avtomobil veriləcək. Bundan sonra daha 650 avtomobil veriləcək ki, mən, Qarabağ Müharibəsi veteranı olmağıma baxmayaraq o avtomobili ala bilməyəcəm. Nazirliyin müvafiq şöbəsinin işçilərinin qurduğu oyun nəticəsində avtomobilsiz qaldım. Bundan əvvəl də ƏƏSMN-ə məktub ünvanlamışam ki, adım avtomobil alacaq şəxslərin siyahısında neçəncidir, amma mən heç bir aydın cavab verməyiblər. Nazirliyin internet saytına vurulmuş əlaqə telefonlarının bir çoxu nəyə görəsə heç vaxt cavab da vermir. Mobil telefondan nə qədər zəng edirsən də, götürmürlər. Əgər o telefonlar işləmirlərsə, onda həmin telefonlar əlaqə telefonları adı ilə nazirliyin saytına niyə qoyulub?

Mən yazıb xahiş edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq şöbəsində gedən oyunlara son qoyulmasına köməklik edəsiniz. Mən əminəm ki, nazirin bu hallardan xəbəri yoxdur, avtomobil veriləcək əlillərin siyahısının tərtib olunmasında böyük bir oyun gedir. Nəticədə haqqı olanın haqqı tapdalanır, kimlərsə qanunsuz qazanc mənbəyi yaradır. Bu işlərin axırı nə olacaq, bilmirəm. Mən ömrümün axırına kimi maşın gözləməliyəmmi? Axı mənim bu gündən sabaha ümidim yoxdur. 2-ci qrup əliləm, axsaya-axsaya gəzirəm. Müharibədə sağ qıçımdan, omba hissədən güllə yarası almışam. Yerimək qabiliyyətim məhdudlaşıb, il uzunu müalicə olunuram, xəstəxanaları gəzirəm, dava-dərmanlara çoxlu pulum gedir. Sinəmdə rak xəstəliyi tapılıb, çox yaşayacağıma da ümid yoxdur. Dolana bilmirəm, aldığım pensiya ailəmin xərclərini ödəmir. Əgər mənin tələbim yerinə yetirilməsə, özümü yandıracağam, bezmişəm, bu cür oyunlarla hər addımda qarşılaşırıq, insanın əsəb sistemi dağılır, daha yaşaya bilmirəm”.

Qarşı tərəfi də dinləməyə hazırıq…


Geri qayıt