Əsas Səhifə > Gündəm, Manşet > Ovni müəllim elə bil illərin icra başçısıdır...
Ovni müəllim elə bil illərin icra başçısıdır...6-08-2024, 08:42 |
Cəmi 4 aydır vəzifəyə təyin olunan Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov dünən rayonun Qahab kənd sakinləri ilə görüşüb. Rəsmi xəbərdə deyilir ki, səyyar qəbulda idarə, müəssisə rəhbərləri, Qahab kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov çıxış edərək ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Qəbul zamanı icra hakimiyyətinin başçısı qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib. Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Təbii ki, bu görüş barədə verilən rəsmi informasiyadır. Dia-az.İnfo bildirir ki, amma reallıq tamam fərqli olub və vəzifə başında yeni olmasına rəğmən Ovni Muradov da köhnə başçılara xarakterik tərzdə ərkan nümayiş etdirərək, camaatı dinləmədən gəldiyi kimi də gedib. Bu barədə iddia səsləndirən yerli sakinlər Babək rayonunun Qahab kəndindən yazırlar: "Dünən Babək rayonu İcra Hakimiyyətində Qahab kəndinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə qahablılar xeyli problemlərini dilə gətiriblər. İcra başçısı onları dinləyib və heç bir məsələni həll etmədən yola salıb". "Formal bir görüş idi", - redaksiyamıza ünvanlanan şikayət məktubunda bildirilir... Dia-az.İnfo xatırladır ki, Ovni Muradov bu ilin aprel ayının 29-da Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Naxçıvan MR Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Bu təyinatadək Ovni Muradov Naxçıvan MR-in təhsil nazirinin müavini vəzifəsini tutub. Bir müddət təhsil naziri vəzifəsi vakant olduğundan o, həmin vəzifəni də icra edib. Bundan əvvəl isə O. Muradov Babək Rayon Təhsil Şöbəsinin müdiri olub. İxtisasca tarixçi olan Ovni Muradov həm də keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (hazırkı Dövlət İmtahan Mərkəzi) məktəblilər üçün Tarix testlər toplusunun müəlliflərindən biridir. Yəni karyerasında ilk dəfə icra başçısı olan Ovni müəllimin bu vasiftalıbovabənzər icra başçıları kimi "əda" nümayiş etdirməsi yerli sakinlərdə də təəccüb doğurub. Geri qayıt |