Əsas Səhifə > Gündəm, Manşet > «AZAL» Təhlükəsizlik İdarəsinin işçilərinə qarşı özbaşınalıq

«AZAL» Təhlükəsizlik İdarəsinin işçilərinə qarşı özbaşınalıq


24-03-2014, 11:47
«AZAL» Təhlükəsizlik İdarəsinin işçilərinə qarşı özbaşınalıq
DİA.AZ: - Redaksiyamıza Heydər Əliyev adına Beynəlxalq Hava Limanının Təhlükəsizlik İdarəsinin rəhbərliyindən şikayət məktubu daxil olub. Narazılıq edən vətəndaş özünün da həmin idarənin əməkdaşı olduğunu bildirərək DİA.AZ-a ünvanladığı müraciətində bildirir ki, kimliyini iş yerində əlavə problemlərlə üzləşməməsi səbəbindən gizlətmək zorundadır.

Şikayətçi bildirir ki, bir neçə ay bundan əvvəl Heydər Əliyev adına Beynəlxalq Hava Limanının Təhlükəsizlik İdarəsinə rəhbər təyin olunan Elxan Orucov və onun müavini Ramil adlı şəxs verdikləri qərarlarla şəxsi heyəti əməlli-başlı çilədən çıxarıblar.

Bununla bağlı dia.az-a daxil olan şikayət məktubunda deyilir: «Dünənə qədər 12 saatlıq iş rejimində növbəylə çalışan işçilər yeni rəhbərliyin səyi nəticəsində artıq bir aya yaxındır ki, 13 saat işləmək zorunda qalıblar. Səhər 06.30 radələrində başlayan iş saatı 21:30 radələrində başa çatır. Hətta Heydər Əliyev adına Beynəlxalq Hava Limanına yaxın ərazidə yaşayanlar belə işə gecikdiyi halda, bu qaydalara ayaq uydura bilmədiyi şəraitdə uzaq məsafədə yaşayan işçilərin hansı əziyyətə qatlaşdıqlarını təsəvvür etmək çətin deyil».

Şikayətçi vətəndaş yazır ki, iş saatının artmasına baxmayaraq, bu artım onların əməkhaqqılarına hansısa formada təsir etməyib: «Dəfələrlə şikayət etsək də, rəhbərlik bizim narazılıqlarımızı qulaqardına vurmaqla məşğuldur». Narazı işçi yazır ki, bununla bağlı şikayət edənlər rəhbərlik tərəfindən şantaj olunur, işdən çıxarılır və yaxud da işdən çıxarılma ilə təhdid olunur: «Buna görə də əksəriyyət iş yerini itirməməsi üçün susmaq məcburiyyətində qalır».

Dia.az-a daxil olan şikayət məktubunda konkret fakt da göstərilir: «Bu günlərdə iş yoldaşlarımız narazılıq etdi. Onlar idarə müdirinin yanına çağrıldı. Narazılıq edənlərdən biri işdən uzaqlaşdırıldı, digəri barəsində isə protokol tərtib olunaraq AZAL QSC-nin rəhbərliyinə təqdim olunacağı deyildi. Özlərini tam arxayın aparan bu rəhbərlər işçiləri təxribat törətməkdə ittiham etdilər. Halbuki onlar və hər kəs öz hüquqlarını müdafiə etmək istəyirdilər».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt