Əsas Səhifə > Gündəm, Manşet > Fərzəli Qədirov deyir ki, «Mikayıl Cabbarov mənə heç nə edə bilməz»…

Fərzəli Qədirov deyir ki, «Mikayıl Cabbarov mənə heç nə edə bilməz»…


8-02-2014, 11:33
Fərzəli Qədirov deyir ki, «Mikayıl Cabbarov mənə heç nə edə bilməz»…
DİA.AZ: - Bir neçə gün əvvəl Suraxanı rayonu 285 saylı orta məktəbin keçmiş direktoru, «Qabaqcıl təhsil işçisi» döş nişanı ilə təltif olunmuş, YAP üzvü Malik Qurbanov təhsil nazirliyinin kifayət qədər yetkili bir şəxsinə çox ciddi ittihamlar səsləndirdi. Əslində bu ittihamların hədəfində olan istənilən bir məmur nəinki vəzifəsindən çıxarılmalı idi, həm də onun barəsində cinayət işi qaldırılmalı idi. Çünki ortadakı ittihamların konkret ünvanı və müəllifi var. Ən azından bu faktların hüquqi müstəvidə araşdırılması zərurəti yaransa da, kimsə Suraxanı rayonu 285 saylı orta məktəbin keçmiş direktoru Malik Qurbanovun Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirovla bağlı dediklərini ciddiyə almır.

Təbii ki, burada daha çox maraqlı olanı daha çox susqun görünməsi şübhə yaradan təhsil naziri Mikayıl Cabbarovdur. Bildirək ki, ilk günündən Mikayıl Cabbarovun təhsil sisteminə sabiq nazir Misir Mərdanovdan «miras qalan» mafiyalaşmış şəbəkənin girovuna çevrilməsi barədə təəssüratlar yaranmaqdadır. Ən azından yeni nazirin islahatlarının dişsizliyi belə deməyə əsas yaradır. Bu gün elə bir situasiya yaranıb ki, Mikayıl Cabbarov tam şəkildə cəmiyyətdən təcrid olunmuş vəziyyətdədir.

Nazirin qəbuluna düşmək qeyri-mümkündür. Halbuki buna qədər Mikayıl Cabbarovu hətta «facebook»da da tapıb suallar vermək olurdu. Bunu təhsil nazirliyindəki bilgili qaynaq DİA.AZ-a bu şəkildə izahlayır: «Məgər baş verənləri sezmirsiniz? Əgər Misir Mərdanovun dövründə heç olmasa pul gücünə də olsa TN-nin hansısa yetkilisinin qəbuluna düşmək olurdusa, indi elə bir qəliz sistem yaradıblar ki, şikayətə gələnlər də uzun-uzadı növbələrdən yorulub, qaçırlar.

Bu gün Mikayıl Cabbarovu rəsmən dəmir qəfəsdə saxlayırlar. Ona yaxın düşmək mümkün deyil. Çünki artıq yeni nazir də təhsildəki çirkli pulların qoxusunu duymaqdadır. Belə olan təqdirdə artıq xalq, millət, vətən eyforiyası darmadağın olur. Halbuki kifayət qədər gənc kadr olan Mikayıl Cabbarova böyük ümidlər var idi. Amma o, TN-də köhnələrlə işləməyə üstünlük verdi və yaxud da belə bir məcburiyyət qarşısında qaldı».

Mənbəmiz bildirir ki, Məhz bu baxımdan bu gün açıq şəkildə ittiham olunan Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirovla bağlı məsələdə Mikayıl Cabbarovun susqunluq nümayiş etdirməsi təbii qarşılanmalıdır: «Mikayıl Cabbarov ona heç nə edə bilməz. Elə Fərzəli müəllim də bunu hər yerdə deyir. Artıq yeni nazirlə kifayət qədər «məhrəmləşməyi» bacaran şöbə müdiri bu sarıdan arxayındır».

Onu da bildirək ki, redaksiyamıza Fərzəli Qədirova qarşı daha bir ittiham dolu material daxil olub. Həmin faktları gələn həftə diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin…


Geri qayıt