Əsas Səhifə > Gündəm, Manşet > Nəcməddin Sadıqov nazirlikdə özünü nədən diskomfort hiss edir?

Nəcməddin Sadıqov nazirlikdə özünü nədən diskomfort hiss edir?


25-01-2014, 10:52
Nəcməddin Sadıqov nazirlikdə özünü nədən diskomfort hiss edir?
DİA.AZ: - Zakir Həsənov müdafiə naziri kürsüsünə yenicə təyin olunandan sonra mətbuatda belə bir informasiya yayıldı ki, Milli Məclis Baş Qərargahın nazirlikdən ayrılması barədə hüquqi bazanın yaradılmasına tədarük görür. Yəni hazırda Nəcməddin Sadıqovun rəhbərlik etdiyi MN Baş qərargahı nazirlikdən ayrılaraq, kifayət qədər səlahiyyətlərə malik olacaqdı.

Amma nədənsə bu ideya artıq unutdurulmuş kimi görünür. Və bu barədə DİA.AZ-a daxil olan informasiyalardan da aydın olur ki, əslində məlum ideya əvvəlcə aktual olsa da, sonradan imtina edilib. Səbəbsə çox sadədir: Zakir Həsənov buna qarşı gedib…

Məlumatlı mənbə iddia edir ki, əslində ideya müəllifi Nəcməddin Sadıqov olub: «Kifayət qədər güclü dayaqlara malik olan Nəcməddin Sadıqov, ümumiyyətlə, Səfər Əbiyevin vəzifəsindən alınmasının ardından əlavə fürsətlər əldə edib. Elə bunun nəticəsidir ki, bu gün təyinatlarda daha çox Nəcməddin Sadıqovun maraqları qorunur. Yəni elə bir təəssürat var ki, sanki Zakir Həsənov yox, Nəcməddin Sadıqov özünə komanda qurur.

Bu isə yeni nazir üçün arzuolunan hesab edilə bilməz. O baxımdan ki, kifayət qədər mühüm vəzifədə oturan Zakir Həsənov üçün hansısa qrup maraqlarının hökmranlıq etdiyi bir heyətə rəhbərlik etməsi həm də ordumuzun ruh halına belə təsir göstərə biləcək təhlükəli bir məqamdır. Yəni, təsəvvür edin, Nazirlikdən ən azından iki istiqamətdən hərbi hissələrə əmrlər gəlir. Bunun fəsadları isə ciddi ola bilər».

Mənbəmiz iddia edir ki, məhz bu faktoru müəyyənləşdirən yeni nazir artıq Nəcməddin Sadıqovla bağlı planlarını dəyişib: «Yəni Nəcməddin Sadıqova əvvəlki qədərində etimad bəsləməyən Zakir Həsənov, onu bir sıra proseslərdən kənarda saxlamağı qət edib. Doğrudur, hələlik buna tam olaraq nail olma imkanı aşağı həddədir. Amma yenə də Zakir Həsənovun ehtiyata əl atması və daha çox nazirliyin maliyyə siyasətini şəxsi nəzarətinə götürməsi Nəcməddin Sadıqova olan inamsızlığın təzahürü kimi qəbul olunduğundan BQ rəhbəri də baş verənlərdən öz payını almış kimidir».

Hələlik bu münasibətlərin bundan sonrakı axarının necə olacağı barədə danışan mənbəmiz əlavə edir ki, bu, daha çox Nəcməddin Sadıqovun davranışlarından asılıdır: «Nəcməddin Sadıqov özü üçün «ikinci Səfər Əbiyevi» yaradacaqsa, o zaman mövqelərini zərbə altında qoymuş olacaq. Yəni inandırıcı deyil ki, onun hansısa xəyanətini Zakir Həsənov bağışlasın və yaxud da onun himayədarları Zakir Həsənovun mövqeyi qarşısında hansısa müqaviməti ortaya qoya bilsinlər».

Geri qayıt