Əsas Səhifə > Gündəm, Manşet > Məmur tamahı magistral qaz kəmərini təhlükə altında qoyub

Məmur tamahı magistral qaz kəmərini təhlükə altında qoyub


14-01-2014, 11:11
Məmur tamahı magistral qaz kəmərini təhlükə altında qoyub
DİA.AZ: - Eldə belə deyim var: “Filankəs çox fərasətli adamdır, daşdan da pul çıxarır.” Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Afiq Kərimov da belələrindəndir.

Adamın maraq göstərmədiyi, əl qoymadığı sahə qalmayıb - harada gözə görünən qiymətli nə varsa, sanki onun olmalı imiş kimi davranır. Bu məmur öz nəfsinə görə Kür çayının məcrasını dəyişməkdən, dağı, təpəni düzəngah etməkdən belə çəkinməz- təki, necə deyərlər, bu işin altından pul çıxsın... Təbii ki, bütün bunların arxasında da icra başçısının şəxsən dayandığı şübhəsizdir.

“Hacıqabulda dağı çapırlar. İcra başçısının köməkçisi Afiq Kərimov burada karxana açıb. Ərazi oyuq-oyuq edilib. Yüksəkliyin ətəyi qazıldığından torpaq sürüşməsi baş verə bilər. Dağ aşsa, onun altından keçən magistral qaz ixrac kəmərində partlayış baş verə, təkcə Hacıqabul deyil, ətraf rayonlar da qışın bu soyuğunda qazsız qala bilər.”

DİA.AZ-a Hacıqabuldan daxil olan bu həyəcanlı xəbərin izi ilə bu rayona getdik, soraqlayıb əvvəlcə nişan verilən Dövlət Neft Şirkətinin Magistral Qaz Kəmərləri İdarəsini, onun ardınca isə qaz tənzimləyici kompleksini tapdıq. Kompleksin kənarından dağlara yol dırmanır. Çətinliklə də olsa, bu yolla yüksəkliyə qalxdıq.

Bura Suriyanın hərbi əməliyyatlar aparılan ərazisini xatırladır- elə bil dağı bombalayıblar, daşı daş üstə qalmayıb. Nəhayət qayaların arxasından ekskovatorun gün işığında qırmızı rəngi bərq vurur, aramla qalxıb-enən çalovu görünür. İçərisi qumla dolu “Kamaz”lar bir-birinin ardınca yanımızdan keçib, dolama yollarla dərəyə enir və yola çıxaraq şəhərin mərkəzi hissəsinə yan alır. Adam məmur nəfsinin itiliyindən dəhşətə gəlir. Sıradan olan icra məmuru qazanc götürmək, varlanmaq üçün təbiətin təbii düzənini belə pozmaqdan çəkinməyir.

Bu dağı ona kim satıb, ya bağışlayıb, bəlkə ata-babasından miras qalıb?! Yerli icra və bələdiyyə orqanlarının susqunluğunu başa düşmək olar- elə onun başında Afiq Kərimov özü və köməkçisi olduğu icra başçısı Əhməd Muxtarov dayanır.

Bəs mərkəzi icra hakimiyyəti orqanları, xüsusilə Ekolgiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, Dövlət Neft Şirkəti hara baxır?

Günün günorta çağı təbiətə qarşı bu vandalizmdən doğrudanmı heç bir orqanın, vəzifəli şəxsin xəbəri yoxdur? ! Bəlkə... bu yiyəsiz bostandan hamıya pay çatır?

Mövzu ilə bağlı araşdırmamız davam edəcək. Bütün tərəfləri dinləməyə hazırıq...

Məmur tamahı magistral qaz kəmərini təhlükə altında qoyub
Geri qayıt