Əsas Səhifə > Gündəm, Manşet > BU NƏDİ BELƏ: Fuad Nəcəfli də Vasif Talıbov kimi işləyir...

BU NƏDİ BELƏ: Fuad Nəcəfli də Vasif Talıbov kimi işləyir...


30-12-2022, 08:21
BU NƏDİ BELƏ: Fuad Nəcəfli də Vasif Talıbov kimi işləyir...
Dekabrın 27-də Naxçıvan şəhərində yerli mədəniyyət nazirliyi və dövlət filarmoniyasının təşkilatçılığı ilə, konsert keçirilib. Heydər Əliyev sarayında baş tutan konsertə kifayət qədər bilet satılmadığı üçün, zal boş qalıb. Belə olan halda, büdcə təşkilatı rəhbərlərinə tapşırıq verilib ki, təcili zalı doldursunlar. Onlar da əməkdaşlarına zəng edərək, konsertə gəlmələrini tələb ediblər. DİA.AZ bildirir ki, bu haqda "Gündəlik Naxçıvan"a konsertə məcburi çağrılan əməkdaşlar məlumat verib.
Mədəniyyət sahəsində çalışan Naxçıvan şəhər sakini B. Məmmədova deyir ki, konsertə çağrılmamışdan öncə, internetdə prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi Fuad Nəcəflinin çıxışına baxırmış:
" Fuad müəllim deyirdi ki, Naxçıvanda məmur özbaşınalığına son qoyulur, kiminsə kefinə görə təyin etdiyi qanun və qərarlar ləğ olunur. Buna çox sevindim ki, artıq bizi kimsə əsassız yerə incitməyəcək, heç nəyə məcbur etməyəcək. Bu sevincim cəmi bir saat çəkdi. Çıxışdan bir saat sonra müdir zəng etdi ki, zal boş qalıb, təcili konsertə gəlib, yerləri doldurmaq lazımdı. Etiraz etmək istədim, dedi ki, onluq deyil və bu göstəriş Ali Məclisdən gəlib. Konsertə getməyəcəyim təqdirdə işdən çıxarılacağımla hədələdi. Məcbur qalıb, getdim. Mən iki körpə uşaq anasıyam. İşdən gəlib, onlarla vaxt keçirmək istəyirəm. İstəmədiyim konsertə niyə məcburi aparılmalıyam? Hansı qanunda yazılıb ki, iş saatından sonra işçini harasa aparmağa məcbur etmək olar? "
Naxçıvan şəhər məktəblərinin birində işləyən, təhlükəsizliyi üçün adının çəkilməsini istəməyən müəllimlərdən biri deyir ki, onları da məcburi konsertə çağırıblar:
"İşdən evə yenicə çatmışdım. Direktor zəng etdi ki, zal boş qalıb, təcili konsertə gəlməlisiz. Həmin gün vacib işlərim olsa da, məcbur qalıb, getdim. Təxminən 20-25 idarədən 400 nəfərə yaxın adam toplaşmışdı. Bizi iş vaxtından sonra məcburi istismar edirlər. Birinci konsert dekabrın 23-də olmuşdu. Kifayət qədər bilet satıldığından, güman edirdilər ki, bu dəfə də zal dolacaq. Bunu əksini gördükdə, biabır olmasınlar deyə, zalı büdcə təşkilatlarının hesabına doldurduar. Sağ olsunlar ki, biletlərin pulunu bizə ödətmədilər".
Məsələyə münasibət öyrənmək üçün, Naxçıvan MR Mədəniyyət Nazirliyi ilə əlaqə saxlamaq mümkün olmadı.

Geri qayıt