Əsas Səhifə > Gündəm, Manşet > Deputatın şirkəti nədən DÖVLƏT ÜÇÜN MATAH OLUB?

Deputatın şirkəti nədən DÖVLƏT ÜÇÜN MATAH OLUB?


9-12-2022, 10:34
Deputatın şirkəti nədən DÖVLƏT ÜÇÜN MATAH OLUB?
2018-ci ildə açılışı olan “Qobu Park” yaşayış kompleksinin problemləri layihənin yaşından artıqdır. Hər halda burda yaşayan sakinlərin dediklərindən belə başa düşmək olur. DİA.AZ bununla bağlı media üzərindən apardığı araşdırmalar nəticəsində də ortaya ilginc iddiaların yer aldığı faktları çıxarıb. Qeyd edək ki, bu iddialar hansısa hədəfə çevrilən tərəfin dilindən təkzib də olunmayıb... Beləliklə...

Məcburi köçkünlər üçün salınmış yaşayış kompleksinin təməli 2017-ci ildə Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Sifarişçisi “Paşa Holding”, podratçısı “Kristal Abşeron” MTK olan bu layihə 2020-ci ildə “Qobu Park 3”-ün istismara verilməsi ilə yekunlaşıb. Və burada diqqət çəkəni də işin içində “Kristal Abşeron” MTK-nın olmasıdır. Deputat Ağalar vəliyevə məxsus olan bu şirkətlə bağlı isə yerli KİV-də yetərincə ittihamlar yer almaqdadır. Buna gələcəyik...

Deputatın şirkəti nədən DÖVLƏT ÜÇÜN MATAH OLUB?

Məcburi köçkünlərin yaşaması üçün nəzərdə tutulan barəsində danışdığımız yaşayış kompleksində isə bütün zəruri infrastrukturun qurulduğu qeyd olunur: mərasim evindən tutmuş poçt, tibb, polis məntəqələri, istirahət parkı, uşaq meydançaları və s. yaradılıb.

Rəsmi məlumatda tikinti işlərinin yüksək səviyyədə həyata keçirildiyi, elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət yetirildiyi vurğulanır.

Amma

“Qobu Park 2”-də yaşayan sakinlər buraya köçdükləri gündən su problemi yaşadıqlarını söyləyirlər. Onların sözlərinə görə, ərazidə hər 6-7 binaya tutumu təxminən 150 ton olan su çəni qoyulub. Su borularla həmin çənə toplanır, buradan isə yaşayış binalarına ötürülür.

“Su istənilən vaxt, günün müxtəlif saatlarında kəsilir. Su kəsilən saatları toplasaq demək olar ki, həftədə 2-3 gün susuz qalırıq. Kəsilməmişdən qabaq isə heç bir xəbərdarlıq olunmur. Təsadüfi hallarda biz bilirik ki, filan gün susuz qalacağıq. Bu, bizim üçün artıq adi haldır”.

Sakinlər deyir ki, təzyiq zəif olduğundan bəzən su gəlsə belə yuxarı mərtəbələrə çıxmır.

"İçməli su hovuzunun tutumu təxminən 150 tondur. Lakin hovuza daxil olan boru ilə təchizat borusu fərqli ölçülərdə olduğu üçün hovuzda su tez bitir, bu halda nasoslar boş işləyib yanmasın deyə dayandırılır. Yetərli su hovuza yığıldıqdan sonra yenidən işə salınır".

Onların sözlərinə görə, təmir işləri əsaslı aparılmadığından su borusu tez-tez partlayır.

Deputatın şirkəti nədən DÖVLƏT ÜÇÜN MATAH OLUB?

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, borular dəyişdirilmək əvəzinə “yamaq vurulduğundan” tez-tez qəza baş verir.

Söhbətləşdiyimiz sakinlərdən durumla barışıb şikayət etməyənlər də var: “Şikayət edib söyüş yiyəsi olaq? Şikayət etsək guya nolacaq ki?..”

Xarab kameralar, deşik "kafellər", nəmişlik...

Sakinlər burada vaxtaşırı oğurluq hallarının baş verməsini də deyirlər. Ərazi boyunca binalara quraşdırılan kameraların sınıq və naqillərinin kəsik olması onların işlək olmadığını göstərir.

Binaların fasadına vurulan üzlük divara şuruplarla bərkidilib. Bəzilərinin şuruplarının boşalıb, düşdüyü görünür. Həmsöhbətimiz Rövşən Əsədov deyir ki, kafellər yapışdırılmaq əvəzinə deşilərək bərkidildiyi üçün yağış və külək olanda binalara su damır, nəticədə divarlar nəmişlikdən göyərir.

Deputatın şirkəti nədən DÖVLƏT ÜÇÜN MATAH OLUB?

Daha əvvəl də sosial mediada, mətbuatda “Qobu Park”-dakı binaların keyfiyyət məsələsi gündəmə gəlmişdi.

Yazılarda binaların əyildiyi, sonuncu mərtəbələrdə tavandan su damdığı qeyd olunurdu.

Bu faktla bağlı ekspertlər isə deyir ki, podratçı şirkətlərin əsas işi layihəni icra edib təhvil verməkdir.

“Qanunvericiliyə görə, podratçı təşkilat təhvil-təslimat etdikdən sonra bütün əməliyyatlara cavabdeh sifarişçi olur. Yəni layihə təhvil verilməmişdən qabaq nöqsanlar aşkar olunubsa “Kristal Abşeron”-a deyilə bilərdi. “Qobu Park” yaşayış kompleksinin istismarçısı Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsidir. Komitə istismar, abadlaşdırma, təmir, təchizat və s. işləri üçün tender, kotirovka sorğusu keçirir. Dövlət büdcəsindən bu məsələlərlə bağlı vəsait ayrılır. İstismarçı dövlət qurumudursa, irad onlara bildirilməlidir. Belə layihələrdə tərəflər kollektiv məsuliyyət daşıyırlar”.

Amma görünəni odur ki, kimsə “Kristal Abşeron” MTK-ya "gözün üstündə qaşın var" deyə bilmədiyindən ortaya belə acınacaqlı mənzərə çıxır... Əziyyətini isə vətəndaş çəkməkdədir...

Onu da qeyd edək ki, “Kristal Abşeron” MMC-nin təsisçisi kimi Tovuzdan olan iş adamı Məhayət Nəbiyev göstərilsə də, mətbuatda şirkətin qeyri-rəsmi sahibinin deputat Ağalar Vəliyev olduğu qeyd olunur. “Şərəf Orden”li deputatın da adı tez-tez biznes layihələrində hallanır. Məsələn, sədri olduğu «Azəraqrartikinti» Səhmdar Cəmiyyəti (40 filialı məlumdur) adətən dövlət tenderlərinin qalibi olub.

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt