Əsas Səhifə > Gündəm, Manşet > İcra başçıları yeni siyasətə necə ayaq uydurur?

İcra başçıları yeni siyasətə necə ayaq uydurur?


9-01-2014, 09:06
İcra başçıları yeni siyasətə necə ayaq uydurur?
DİA.AZ: - Azərbaycanda icra başçılarının böyük toplantısı planlaşdırılır. Aldığımız məlumatlara görə, sonuncu dəfə prezident İlham Əliyevin iştirakı ilə keçən ilin 12 fevral tarixində müşavirəsi çağrılan icra başçıları yanvar ayının sonlarında təkrarən ali məqamda yenidən toplanacaq.

Bu barədə DİA.AZ-ı bilgiləndirən mənbə iddia edir ki, əslində rayon rəhbərlərinin prezident tərəfindən yenidən toplanması zərurəti hakimiyyətin keçən ilki prezident seçkilərindən sonra nümayiş etdirməyə başladığı məlum dəst-xəttinin icrası və yeni qərarların birbaşa olaraq çatdırılması ilə əlaqədardır. Söhbət icra strukturlarındakı məmur korpusunun gəncləşdirilməsindən gedir ki, bu istiqamətdə son günlər bir sıra addımlar atılmaqdadır. Artıq 10-a yaxın rayonun icra hakimiyyətində anoloji siyasət həyata keçirilir. Amma maraqlı məqamlar da var.

Məsələn, nəzərə çarpan məqamlardan biri ondan ibarətdir ki, yuxarılardan gələn təlimatlar yerlərdə heç də olduğu kimi anlaşılmır. Xatırladaq ki, bu arada yerli mətbuatda belə bir informasiya yayıldı ki, Prezident Administrasiyasından rayon icra başçılarına xüsusi tapşırıq verilib. Tapşırığa görə icra hakimiyyəti başçısının müavinlərindən biri qadın və biri də yaşca gənc kadr olmalıdır.

Amma deyəsən, rayon rəhbərləri bu tapşırığa özünəməxsus yanaşma tərzi nümayiş etdirməyi daha məqbul bilirlər. Söhbət tapşırığın mahiyyətinə fərqli yanaşmadan gedir. Yəni bütün rayon başçıları - hansılar ki, dəyişikliyə gediblər - həmin rayonların rəhbərləri verilən təlimatı birləşdirərək əməl edirlər. Yəni icra başçısı müavinlərindən birinin gənc, digərinin isə qadın olması (gender bərabərliyi siyasətinin təzahürü kimi qəbul olunur -red.) təlimatı icra başçıları tərəfindən bir addımla həyata keçirilir. Yalnız bir müavin təyinatı olur və bu təyinatla yaşca gənc olan bir xanıma müavin postu həvalə edilir. Bununla da «yuxarılar» razı salınır. Yəni yeni təyinatla icra başçılarımız bir güllə ilə iki dovşan vurmuş olurlar. Hər iki tələbata cavab verərək, hər iki halla balla statistik göstəriciyə ayaq uydurmuş olurlar.

Artıq bu faktın «yuxarıların» da diqqətini cəlb etdiyini bildirən məlumatlı mənbə iddia edir ki, gözlənilən müşavirədə məhz bu məqama xüsusi diqqət ayrılacağı şübhəsizdir: «Təbii ki, icra başçıları statistikaya ayaq uydurmaqla vəziyyətdən çıxmaq istəyirlər. Amma onlara keçirilməsi planlaşdırılan böyük toplantıda məhz buna görə ciddi iradlar tutulacaq».

Geri qayıt