Əsas Səhifə > Gündəm, Manşet > “Müharibədə icra başçısının oğlu ABŞ-da idi, indi məni otağına buraxmır”

“Müharibədə icra başçısının oğlu ABŞ-da idi, indi məni otağına buraxmır”


9-07-2022, 08:48
“Müharibədə icra başçısının oğlu ABŞ-da idi, indi məni otağına buraxmır”
Xəbər verdiyimiz kimi ötən gün Vətən müharibəsi iştirakçısı, qazi Samir Abbaslı redaksiyamıza müraciət edib.

DİA.AZ xəbər verir ki, o, haqsız yerə Ordudan uzaqlaşdırıldığını deyib:

“2012-ci ildə Xüsusi Təyinatlı Dəstələrdə qulluq etmişəm. 2020-ci ildə Müddətdən Artıq Xidmət Edən (MAXE) kimi Silahlı Qüvvələrin tərkibinə daxil olmuşam. Bundan 3 ay sonra isə Vətən müharibəsi başladı. İkinci Qarabağ müharibəsindəki döyüşlərdə iki dəfə çoxsaylı qəlpə yarası aldım. Ağdərə istiqamətində gedən döyüşlərdə oktyabr ayın 1-i və 21-də yaralandım. Ucar rayon xəstəxanasında müalicə aldıqdan sonra xidmətimə davam etmək üçün qayıtdım. Amma bir müddət sonra bizi “Papanin”ə (hərbi hospital nəzərdə tutulur-red.) apararaq, tibbi yoxlanışdan keçirdilər. Orada məndə anadangəlmə ürək çatışmazlığı olduğunu dedilər. Buna görə də məni xidmətdən uzaqlaşdırdılar. Əgər məndə anadangəlmə qüsur olsadı, Xüsusi Təyinatlı Dəstədə qulluq edə bilməzdim. Əgər qüsurum olubsa, necə əsgərliyə getmişəm, yoxdursa, niyə xidmətdən çıxarılıram? Üstəlik, mənə əlillik də vermirlər”.

Samir Abbaslı Cebhe.info-ya açıqlamasında bildirib ki, 2021-ci anadangəlmə ürək çatışmazlığı diaqnozu ilə təxris olunub:

“Məndə remotizm və talassemiya xəstəliyi olduğunu dedilər. Bu diaqnozu “Papanin”dəki hərbi hospitalında polkovnik Səməd doktor qoydu. Həmin diaqnozla da məni Ordudan kənarlaşdırdılar. İndi isə müharibə bitib. Mən cənab Prezident İlham Əliyev və Mehriban xanıma məktub yazdım. Amma məktubların onlara çatdırılmadığını bilirəm. Həmçinin, Ombudsmana da məktub yazdım, amma mənə cavab olaraq dedilər ki, əsgərliyə gedəndə yoxlanış olmur. Müdafiə Nazirliyinə məktub ünvanladım, amma eyni cavabı aldım. Sanki eyni insan tərəfindən eyni məzmunda yazılır. Yəni mən hara məktub yazsam, eyni adam tərəfindən cavablanır. Ucar rayonunun icra başçısına da müraciət edirəm, lakin məni heç otağına belə buraxmır. Amma biz 44 gün müharibədə olanda həmin icra başçısının oğlu ABŞ-da idi. İndi isə qayıdıb gəlib, atası ilə işləyir. Mən Əlillərin Bərpa Mərkəzi və Ucar Rayon İcra Hakimiyyətindən şikayətçiyəm. Hal-hazırda da yenə ağrılarım davam edir. Heç necə olacağını bilmirəm”.

Xatırladaq ki, Ucar rayonun Bərgüşad kəndində yaşayan qazi Samir Abbaslı evlidir 2 övladı var.

Geri qayıt