Əsas Səhifə > Gündəm, Manşet > Texniki Universitetin REKTOR PROBLEMİ...

Texniki Universitetin REKTOR PROBLEMİ...


17-01-2022, 08:41
Texniki Universitetin REKTOR PROBLEMİ...
DİA.AZ: - "Azərbaycan Texniki Universitetində (AzTU) gələn hər yeni gün bizə yeni-yeni sürprizlər bəxş edir və necə deyərlər, “darıxmağa qoymur”. Həmin sürpriz isə ondan asılı olur ki, rektorumuz bu gecə necə yatıb və yuxusunda nə görüb, allah eləməsin, yuxusunu qarışdırmayıb ki. Ancaq, deyəsən, bu günlərdə o yenə yuxusunu qarışdırıb və universitetə yeni sürprizlə gəlib. Həmin sürpriz haqqında sonra danışarıq, indi isə keçən yazıda yazdığımız bir məlumata aid əlavə edək". DİA.AZ bildirir ki, bu barədə Azərbaycan Texniki Universitetində (AzTU) çalışan bir qrup müəllimin ünvanladığı növbəti məqalədə qeyd olunur.

Müəllimlər daha sonra yazır: "İndi isə, əvvəldə qeyd etdiyimiz “sürpriz” haqqında. Bu sürpriz başıbəlalı universitetin başıbəlalı magistraturası ilə əlaqədardır. Məlumat üçün deyək ki, magistraturada təhsil müddəti iki ildir və magistrant bu iki ildə bir sıra fənləri oxuyub, imtahan verməkdən əlavə, yekun elmi-tədqiqat işi kimi dissertasiya yazır və iki ilin sonunda onu müdafiə edir. Hal-hazırda 2-ci kursda olan magistrantların artıq bir il yarım tədris müddəti (3 semestr) geridə qalıb və onlar may ayının sonunda, yəni 4 aydan sonra hazır dissertasiyanı təqdim etməlidirlər. Bu günə kimi dissertasiyanın əsas hissəsi hazır olmalıdır və qalan müddət əsasən işi yekunlaşdırmağa və yazmağa qalır. Necə təsəvvür edirsiniz indi, 2-ci kurs magistrantların işlərinin bu vaxtında rektor nə təklif etsə yaxşıdır?

Təsəvvür edilə bilən ƏN AĞLASIĞMAZ TƏKLİF! Rektor Vilayət Vəliyev bu günlərdə kafedra müdiri və dekanları toplayaraq təklif edib ki, 2-ci kurs magistrantların verilmiş (və artıq, əmrlə də təsdiq edilmiş) dissertasiya mövzuları ləğv edilsin, onlara yeni dissertasiya mövzuları verilsin və ən qəribəsi də budur ki, hər 5 magistranta qrup halında, bir ümumi mövzu verilsin və onlar bir ümumi dissertasiya hazırlayıb, müdafiə etsinlər (???). Təklif deyəndə, bu müzakirə edilmək üçün verilmiş təkli deyil. AzTU-da rektorun “təklifi” o deməkdir ki, bu heç bir müzakirəsiz, filansız dərhal yerinə yetirilmək üçün verilmiş son qərardır. Bu “təklifin” müxtəlif aspektləri vardır.

Əvvəla, məsələnin hüquqi aspekti, yəni 5 magistrantın qrup halında bir ümumi dissertasiya mövzusunu yerinə yetirməsi və onu birlikdə müdafiə etməsi onların ümumi işinin qiymətləndirilməsi Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin bu haqda olan bütün normativ sənədlərinə və təlimatlarına ziddir və absurddur. Ancaq V.Vəliyev ikinci ali təhsil kimi hüquq təhsili də almasına baxmayaraq, qanun-qayda, hüquq-zad saymır və bunları heç bilmir də. Bəli, Azərbaycan Respublikasının ərazisində qüvvədə olan Nazirlər Kabineti və Təhsil Nazirliyinin tədris normativ sənədlərindən başqa AzTU Ali Təhsil sistemində “Vilayət Qaydaları” adlanan sənədlər toplusu da var ki, bunlar da universitet hüdudlarında Nazirlər Kabineti və Təhsil Nazirliyinin tədris normativ sənədlərindən daha yüksək statusa malikdirlər".

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Geri qayıt